16 sentyabr 2023 00:23
1010

Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev dühasının şah əsəridir

Dünyada hər bir xalqın milli azadlıq, müstəqillik, suverenlik tarixində və öz müqəddəratını həlletmə prosesində xilaskar rolunu oynayan dahi insanlar var. Bu dahi insanlar xalqın öz içindən çıxaraq, ən çətin və keşməkeşli zamanların əsl qəhrəmanına çevrilir, dövlətinin və xalqının tarixində silinməz izlər qoyur. Həmin dahilər öz qətiyyətləri və siyasi iradəsi ilə görkəmli lider rolunu oynayaraq xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib olur. Bu qalibiyyət xalqının gələcək həyatının, rifah halının əsas qayəsini təşkil etməyə başlayır. Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev də məhz belə əvəzsiz şəxsiyyətlərdəndir. Müasir dünya tarixinə adını həkk etdirən, parlaq və nurlu əməlləri ilə qəlblərdə özünə əbədi abidə ucaldan, xalqımızın dünya xalqları içərisində öz layiqli yerini tutumasına səbəb olan bu müqəddəs missiya bu gün də davam etdirilir. Bu gün doğma Azərbaycanımızın uğurları və zəfərləri məhz Ulu Öndər dühasının nəticəsidir.

Tarixi xronologiyaya baxsaq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna xidmətlərini görə bilərik. Tarix hər şeyi sübut edir və zaman keçdikcə xalqımız Ulu Öndərin nəhəng və zirvələrə sığmayan fədakarlıqlarını daha çox anlayacaq. Heydər Əliyev şəxsiyyətinin xidmətlərinin uğurlu nəticələri təkcə Azərbaycanımızı yox, bütün dünyanı əhatə edirdi. Odur ki, Ulu Öndər dünyanın bir çox görkəmli ictimai-siyasi, dövlət xadimləri, müdrik insanları ilə müqayisə edilir və dünya tərəfindən əsl lider kimi qəbul olunur. Bir sözlə, Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir. Azərbaycan xalqının qəlbinə əbədi həkk olunmuş unudulmaz tarix!

Ulu Öndərin 1969-1982-ci illərdə - Sovet hakimiyyəti illərində Azərbaycanın rəhbəri kimi gördüyü işlər tariximizə qızıl hərflərlə yazılıb. Çünki Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Həmin illərdə respublikada köklü dəyişikliklər, islahatlar həyata keçirildi. Bu islahatların tərkib hissəsi olaraq ölkəmizin sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, quruculuq işlərinin geniş vüsət alması məhz Ulu Öndərin adı ilə bağlıdır. O zamankı SSRİ rəhbərliyinin bütün təzyiqlərinə və manelərinə baxmayaraq dahi şəxsiyyətin öz xalqına və Vətəninə olan məhəbbəti və sədaqəti Azərbaycanı geridə qalmış ölkədən inkişaf etmiş ölkəyə çevirdi. Bu islahatlar bütün sahələri əhatə etməklə, xalqımızın milli özünüdərkində, milli ideologiyamızın, azərbaycançılıq məfkurəsinin geniş yayılmasında müstəsna rol oynadı. Xüsusilə vurğulamaq lazımdır ki, Ulu Öndərin 1990-cı ilin 20 Yanvar faciəsinin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq o zamankı SSRİ rəhbərliyinin anti-Azərbaycan siyasətini sərt tənqid etməsi, bu hadisələrdə Mixail Qorbaçovu günahlandırması qorxmazlığın və qəhrəmanlığın təcəssümü idi.

Sonrakı tarixi, siyasi proseslər onu göstərdi ki, Ümummilli Liderimiz Vətənimizin və xalqımızın ağır günlərinə biganə qala bilməyib, Azərbaycana qayıtması işıqlı gələcəyimizin təməlini qoymuş oldu. Xalqın böyük ümidlə yolunu gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və yekdilliklə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçildi. Bu tarix xalqımızın həyatında dönüş nöqtəsi idi.

1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, muxtar respublikanın adından «sovet sosialist» sözləri çıxarıldı, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı.

Təəssüflə və ürəkağrısı ilə bildirmək lazımdır ki, 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi ilə üz-üzə idi. O zaman ölkəmizə rəhbərlik edən riyakar, səriştəsiz hakimiyyət nümayəndələri dövlətimizi və xalqımızı uçuruma aparmış, ölkədaxili xaos, anarxiya ən yüksək həddə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qalmış, bir-birinin ardınca torpaqlarımız işğala məruz qalmışdı. Xalqımız isə bütün üzləşdiyi bu bəlalardan yeganə nicat yolunu məhz Heydər Əliyevin Bakıya qayıdışında görürdü. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər və beləliklə, sonrakı tarixi hadisələr sübut etdi ki, Ulu Öndərin hakimiyyətə gəlişini israrla tələb etmək ən doğru qərar idi. Bu qərar, eyni zamanda, xalqımızın uzaqgörən və müdrik bir xalq olduğunun göstəricisi idi.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər partiyanın Sədri seçildi. Partiyanın təsis konfransında iştirak edən 550 nəfər nümayəndənin içərisində təmsil olunmağımı daim qürurla xatırlayacağam. Yeni siyasi partiyanın yaradılması və Heydər Əliyev kimi bir dühanın bu partiyaya rəhbərliyi müasir tariximizin ən parlaq səhifələrindən biridir. 1993-cü ilin iyun ayında Gəncədə silahlı qüvvələr Xalq Cəbhəsi hakimiyyətinə qarşı qiyama başladı və bununla da Azərbaycan dövləti mənəvi, siyasi, hərbi böhrana düşdü, vətəndaş müharibəsi təhlükəsi yarandı. Belə bir məqamda nəhayət, ziyalıların və xalqın təkidli çağırışı ilə Heydər Əliyevin Naxçıvandan Bakıya tarixi qayıdışı milli qurtuluşun, müstəqil dövlətçiliyin xilasının və ölkənin böhrandan çıxmasının başlanğıcını qoydu. Ölkəmizdə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin ilin iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin yüksək etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərin möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından və etimadından qaynaqlanırdı.

Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi, eyni zamanda, Azərbaycan dövlətinin və xalqının əbədi xilası idi. Bu tarix məhv olmaq, müstəqilliyini itirmək təhlükəsində olan bir xalqın yenidən dirçəlişi, dünyaya öz azadlığını və haqlarını bəyan etməsi idi. Əsrlər keçəcək, zaman ötəcək, ancaq Heydər Əliyev şəxsiyyətinin əzəməti dünya tarixində əbədi olaraq qalacaq. Ümummilli Liderin siyasi fəaliyyətini xarakterizə edərkən bir reallığı da dərk etmək olur ki, O, dövlətinin və xalqının tərəqqisini və intibahını bütün məqsədlərdən üstün tutaraq, ən ali zirvəyə ucalmağa layiq şəxsiyyətdir. Çünki Onun xilaskarlıq missiyası 1993-2003-cü illərdə müstəqil Azərbaycana rəhbərliyi siyasi kursu dövründə müstəqilliyimizin, azadlığımızın qorunub-saxlanılmasına, suverenliyimizin təminatına, demokratik dəyərlərin və ədalətin təntənəsinə, siyasi sabitliyin yaradılmasına, siyasi-iqtisadi, sosial və digər sahələrdə islahatların reallaşdırılmasına xidmət etdi. Həmçinin 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi dövlətin bütün prinsipləri bəyan edildi.

Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi və gələcək inkişafın strateji hədəflərini müəyyənləşdirdi. Bu gün Ulu Öndərin siyasi strategiyası dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla və məqsədyönlü şəkildə davam etdirilir. Bu gün Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” arzusu artıq reallığa çevrilib. Müstəqil ölkəmiz daha da qüdrətlənib, inkişaf edib, tarixi torpaqlarımız işğaldan azad edilib. Ərazi bütövlüyümüzün bərpası çoxəsrlik tariximizin ən möhtəşəm zəfəridir. Bu zəfər isə Ümummilli Liderin əsasını qoyduğu siyasi xəttin, peşəkar ordu quruculuğu prosesinin və dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyətinin, ordumuzun qüdrətinin, xalq-iqtidar-ordu birliyinin nəticəsidir.

Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri