09 aprel 2018 18:44
1724

Azərbaycan turizm sənayesi üçün park yaradacaq

Rumıniyanın “AmosNews” xəbər agentliyi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olmuş Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşü barədə yazıb. Bildirilir ki, nazir Azərbaycanda son illərdə turizmin sürətlə inkişaf etdiyini, ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini, Azərbaycana gələn turistlərin və xarici qonaqların sayının artdığını, Bakıda və regionlarda turizmin inkişafı üçün müasir infrastrukturun yaradıldığını diqqətə çatdırıb, bu sahənin inkişafı üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Qeyd edilir ki, turizmin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və ölkəmizin bu sahədə böyük potensialı var. Azərbaycanda turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi – Azərbaycan Turizm Universiteti fəaliyyət göstərir. Viza rejiminin sadələşdirilməsi turizmin inkişafında önəmli göstəricilərdəndir və hazırda Azərbaycanda tətbiq olunan “ASAN viza” sistemi vasitəsilə turistlərə qeyri-iş günlərindən və tətillərdən asılı olmayaraq 3 saat ərzində viza verilir. Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq imkanlarından danışan iqtisadiyyat naziri ölkəmizdə sənayenin müxtəlif sahələri üzrə ixtisaslaşmış parkların fəaliyyət göstərdiyini və turizm sahəsində də belə bir parkın yaradılması imkanlarını diqqətə çatdırıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın turizm potensialına dair birgə təqdimatlar təşkil edilə bilər və bu sahədə AZPROMO ilə əməkdaşlıq məqsədəuyğundur.

Sonda Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ölkəmizə səfərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsindən və aparılan müzakirələrdən məmnunluğunu ifadə etdiyi göstərilir. Azərbaycanda Beynəlxalq Təhsil Mərkəzinin yaradılmasına, ixtisaslı kadrların hazırlanmasına, regional turizmin inkişafına, bu sahəyə investisiya qoyuluşuna dair layihələrə, təbliğat-təşviqat kampaniyalarına və müxtəlif həvəsləndirici tədbirlərlə bağlı təkliflər səsləndirib.