19 sentyabr 2023 23:34
242

Əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi

Dövlət başçısı İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bu gün ölkəmizin uğurlu inkişafı timsalında  məhz o illərdə atılmış addımların təzahürünü görürük

“Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır.” Dövlət  başçısı İlham Əliyev bu fikirləri ilə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların ümumi xronologiyasını təqdim edir.

1994-cü il sentyabr ayının 20-də Bakıda  dünyanın 11 transmilli şirkəti ilə Xəzər dənizinin  Azərbaycan sektorundakı «Azəri», «Çıraq» yataqlarının və  «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı,  işlənməsi və  hasilatın pay bölgüsünə dair  saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsinin təmin edilməsi məqsədilə mühüm enerji layihlərinin  gündəmə gətirilməsi və uğurlu icrası Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi. Dahi şəxsiyyət Heydər Əliyev bu çağırışı edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Həmçinin dünya təcrübəsinə əsasən bu mühüm məqamı da diqqətə çatdırırdı ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Hər zaman bu reallıq önə çəkilir ki, «Əsrin müqaviləsi»nin imzalanmasından öncə ölkəmizdə Beynəlxalq Neft-Qaz Sərgisi keçirildi. Bu sərgi Azərbaycanın malik olduğu  imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev bu ilin mayında  Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında həmin dövrü belə xarakterizə etmişdir: «1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar, əlbəttə ki, sərmayəçiləri bir növ qorxudurdu. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək.» Bu mühüm məqam da xüsusi qeyd edildi ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması  Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.

Xəzər Neft-Qaz Sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir olaraq  Azərbaycanı dünyanın  enerji ictimaiyyətinə təqdim etdi. Ölkəmizin yaratdığı nəhəng enerji infrastrukturu  Avrasiyanın enerji xəritəsini dəyişib.  Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir.

«Əsrin müqaviləsi»nin imzalanmasından ötən 29 ildə enerji sektorunda qazanılan uğurların miqyası olduqca genişdir. 2006-cı ildə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin reallığa çevrilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Cənab İlham Əliyevin çıxışlarında bu mühüm məqam xüsusi qeyd olunur ki, «Əsrin müqaviləsi» iszalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi. 2006-cı il 13 iyul tarixində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rəsmi açılış mərasimi oldu. Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşan, Ümummilli Lider  Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan, minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan, həmçinin qaz, elektrik enerjisi  ixracatçısıdır.

Bunun üçün təkcə son bir ildə Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyasına diqqət yetirmək kifayətdir. Bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Ötən ilin iyul ayında ölkəmiz   Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladı. Hədəf ondan ibarətdir ki,  2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. «Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik» söyləyən cənab İlham Əliyev onu da bildirir ki, hazarkı dövrdə enerji səmərəliliyi və bərpa olunan enerji məsələsi prioritetdir. Ötən ilin digər mühüm hadisəsi Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı oldu.  Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Azərbaycan Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçirir. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər Azərbaycan qazı Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da  qaz ixracımızın coğrafiyası genişlənəcək.

Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gələrək  yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzaladılar. Layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisinin ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur.

Azərbaycanın enerji sektorunda  qazandığı uğurlar qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasını şərtləndirdi. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq   Prezident seçilən cənab İlham Əliyev  jurnalistlərə ilk müsahibəsində  bildirdi ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb: «Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə  bizim üzərimizə düşən vəzifələri  yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.»

Yeni neft strategiyasının uğurları  bu gün Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında  özünün aydın ifadəsini tapır. Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir.

Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində  daha bir tarixi saziş imzalanıb. 2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq yataqlarının” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Həmin sənədə əsasən, neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni sazişin imzalanması mərasimində “Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir» söyləyən dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki,  bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: «Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə Ulu Öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.»

1999-cu ildə  Dövlət Neft Fondunun yaradılması da Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» tezisinin təsdiqidir.   

Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi Azərbaycanın hazırkı inkişafında özünün aydın ifadəsini tapır. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. «Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq» söyləyən dövlət başçısı İlham Əliyev qeyd edir ki, neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Dövlət başçısı İlham Əliyev bugünümüzün reallıqları fonunda «Əsrin müqaviləsi»nin əhəmiyyətini belə xarakterizə edir:  “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. “Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük.» Bu reallıq da inamla qeyd edilir ki, bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan müqavilə ilə bağlı söylənilən fikirlərin  sübutudur.

İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını reallığa çevirmək məqsədilə bölgələrin malik olduğu iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək üçün Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir.   Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyev müntəzəm olaraq regionlara səfər edir,  tapşırıq və göstərişlərini verir.  Bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır.   Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.

Cənab İlham Əliyev «Əsrin müqaviləsi»nin  25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə   «Biz əlbəttə ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik» söyləyərək bildirmişdir ki,  neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur: «Bu gün və sabah ölkəmizin uğurlu inkişafı üçün bizim qəhrəman neftçilərimizin əməyi əvəzolunmazdır. Məhz bizim neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər. Ona görə neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.»

İqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Bugünkü iqtisadi inkişafın təməlində  Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası və hazırda onun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi dayanır. Qeyd etdiyimiz kimi,  “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırdı, böyük investisiyalar məkanına çevirdi, sabitlik diyarı kimi mövqeyini möhkəmləndirdi.  “Əsrin müqaviləsi”ndən sonra onlarla neft və qaz müqaviləsinin, Anlaşma Memorandumunun imzalanması ölkəmizə olan inamın  göstəricisidir.  İqtisadiyyatın hərtərəfli inkişafında daşıma, çatdırma və təchizat kimi məsələlərin həlledici rolunu nəzərə alsaq,  nəqliyyatın dünya standartları səviyyəsində olması daim prioritetliyini qoruyub. Neft gəlirlərinin  istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində  yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində  mühüm tədbirlər həyata keçirilir, Prezident Fərman və sərəncamları imzalanır.  Həmin sənədlərə uyğun olaraq  çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə  müasir standartlara  uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına,  qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin  təminatına  xidmət edib və bundan sonra da edəcək.

Dövlət başçısı İlham Əliyev daim çıxışlarında, keçirilən müşavirələrdə bu məqama diqqəti yönəldir ki,  1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində  bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və  müstəqil ölkə kimi yaşayırıq. Gələcəkdə daha da böyük işlər görüləcək.

Artıq üç ilə yaxındır ki, ölkəmizin həyatında yeni mərhələ-işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması uğurla həyata keçirilir.  Həmçinin iqtisadi rayonların yeni bölgüsü, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Tezliklə Qarabağımız və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın «Əsrin müqaviləsi»nin imzalanmasından ötən dövr ərzində qazandığı uğurların təhlili fonunda əminliklə bildirir ki,  bu gün Azərbaycanın uğurlu inkişafı timsalında  məhz o illərdə atılmış addımların təzahürünü görürük. Ulu Öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir: «Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk. Bu gün yeni kontraktlar imzalanır, Azərbaycanın neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib.» Cənab İlham Əliyev bu fikirlərin davamı olaraq bu hədəfi də açıqlayır ki, əlbəttə, görüləcək işlər çoxdur. TANAP,  TAP genişlənməlidir. Digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir: «Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcəkdir.»

Məhz neft gəlirlərinin səmərəli istifadəsinin nəticəsidir ki, Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir. Müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayan Azərbaycan iqtisadi və siyasi gücünü dünyaya nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə bildirir: «Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır.» 

Yeganə Əliyeva, «İki sahil»