06 sentyabr 2024 23:27
366

Ermənistan öz ərazisini qonşulara qarşı poliqona çevirir

Təcavüzkar dövlət Qərbin müxtəlif qüvvələrini Cənubi Qafqaza gətirməklə yeni münaqişə ocağı yaradır

Bəli, öz müstəqil siyasəti olmayan və daim "rahat qucaq" axtaran Ermənistan Rusiyanın himayəsindən imtina etdikdən sonra xislətinə uyğun olaraq ABŞ-ın və Qərbin ətəyindən sallaşıb. Onlardan müəyyən miqdarda pul və silah alan ələbaxan ölkənin rəhbərləri özlərinin təhlükəsizliyini və sərhədlərinin müdafiəsini yeni ağalarının boynuna yıxmağı planlaşdırırlar. Bu məqsədlə də həmin ölkələrin casuslarını, xüsusi xidmət orqanlarının əməkdaşlarını, yüksək çinli hərbçilərini, hərbi ekspertlərini "müşahidə missiyası" adı altında öz ərazilərndə yerləşdiriblər. Ancaq ilk günlərdən məlum idi ki, Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) missiyası regiona xoş niyyətlə gəlməyib. O, monitorinq adı altında yaxın gələcəkdə Rusiyaya, Türkiyəyə, Azərbaycana və İrana qarşı mübarizə aparmaq üçün özlərinə lazım olan kəşfiyyat məlumatları toplayır. Əvvəllər həmin missiyanın üzvləri sərhədlərə gələrək binoklla qonşu ölkələrin ərazilərini günlərlə izləyir, sonra bir müddət görünmürdülər. O zaman onların bu hərəkətlərini istehza ilə "binokl diplomatiyası" adlandırmışdılar. Həmin missiyanın əsas hədəfi Rusiyanın Ermənistandakı hərbi kontingentinin sayını, dislokasiya yerlərini və Gümrüdəki 102-ci hərbi baza haqqında məxfi məlumatların öyrənilməsi idi.

Ermənistan mediasına istinadən xəbər verilir ki, bu mövzuda Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin yerli mətbuata danışıb: “2022-ci ilin sentyabrında İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsi ilə tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılıq versəydi Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxunu azalda bilərdi. Söhbət ciddi təşəbbüslərdən, o cümlədən hərbi-texniki yardımdan, monitorinq missiyasının göndərilməsindən, sərhəd qoşunlarının hazırlanmasında köməklikdən gedirdi. Təəssüf ki, Ermənistan rəhbərliyi dövlətin sərhədlərini heç də qorumayan, lakin “monitorinq” adı altında Azərbaycan, İran, Türkiyə və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayan Aİ missiyasını dəvət etməyi üstün tutdu”.

Səfirin sözlərinə görə, Cənubi Qafqazın taleyini müstəsna olaraq region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidir. Əlbəttə, belə olmalıdır. Qonşular necə deyərlər, bir-birinin “dilini” daha yaxşı bilirlər. Çünki 106 il əvvəl də həmin Qərbin işğalçı ordularının Cənubi Qafqazda hansı hoqqalardan çıxdıqları bizə məlumdur. O vaxt onlar region xalqlarını milli zəmində qızışdıraraq silahlandırıb bir-birinə qarşı qoyur, kütləvi qırğınlara rəvac verirdilər. Bundan məqsəd aranı qarışdırmaqla öz maraqlarını reallaşdırmaq, başları hərbi əməliyyatlara qarışmış ölkələrin varidatını əllərindən alıb aparmaq olub.

Bircə faktı xatırlatsaq kifayət edər. Yaddaşımızdan çıxmaz ki, 1919-cu il oktyabrın 25-də Cənubi Qafqazdakı müttəfiq dövlətlərin Ali komissarı, ABŞ ordusunun baş qərargahının məsul əməkdaşı, polkovnik V. Haskel Şərur və Naxçıvan dairələrini əhatə edən ərazidə Amerika general-qubernatorluğu yaradıldığını elan etmişdi. Azərbaycanlıların rəyi soruşulmadan belə polkovnik Edmund Delli zonanın qubernatoru olmuşdu. Qondarma "hökumət" Azərbaycan və Ermənistan hökumətlərindən tələb edirdi ki, dərhal öz qoşunlarını  general-qubernatorluğun ərazisindən çıxarsın. Polkovnik Haskel diliuzunluq edərək Naxçıvanın təzəcə qondarılmaqda olan Ermənistana verilməsini tələb edirdi. Ancaq mübariz naxçıvanlılar ayağa qalxaraq onun cəfəng tələbini qətiyyətlə rədd etdilər və buna qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Bundan sonra bölgənin idarəçiliyinin azərbaycanlı və erməni əhalisinin sayına nisbətdə təmsil olunmaq şərti ilə yeni təsis ediləcək Mərkəzi Şuraya həvalə edilməsi qərara alındı. Bakıda isə ingilis qoşunlarının komandanı general Tomson ağalıq edirdi. Qısaca desək, yadellilər yerli xalqların başına od ələyirdilər. Həmin vaxtlarda da Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışırdı. Amma bacarmadı, özü getdi. Bu, Ermənistanın öz ərazisinə gətirdiyi həmin Qərbdir. Haylar yaxşı bilirlər ki, Qərb bu regiona yerləşən kimi qonşu ölkələrə qarşı ədalətsiz tələblər irəli sürəcək, burnunu onların daxili işlərinə soxacaq.

Bu hadisələri ona görə xatırladırıq ki, gənc nəsil keçmiş dostlarımızı və düşmənlərimizi tanısın. Çünki çox vaxt ənənəvi dostluq və düşmənçilik davam edir. İndiki kimi. Bunu hazırkı vəziyyətlə də müqayisə edə bilərik.  Nə isə, mövzudan uzaqlaşmayaq.

İndi də "demokratiya" pərdəsi altında ölkələrə hər cür pozuntu və cinayətlər gətirən yadelliləri regionumuza dəvət edən haylar öz ərazilərini bilərəkdən qonşulara qarşı hərbi-siyasi poliqona çeviriblər. Ancaq əgər döyüş əməliyyatları olarsa onsuz da ayaqaltı olan Ermənistan hamıdan çox ziyan çəkəcək, dövlətçilikdən əsər-əlamət belə qalmayacaq və yenə öldürücü boyunduruqdan yaxa qurtara bilməyəcək. Sonda bir də vurğulayaq ki, regionumuza dəvət olunan bədxah qüvvələr Ermənistana və qonşu xalqlara heç də səadət gətirməyəcək. Özlərini dünyanın ən ağıllı milləti sayan haylar belə avantüraya getməli deyildilər. Hərçənd ki, ağıllarını başına yığmaq, yol verdikləri dəhşətli səhvi düzəltmək üçün şansları hələ var. Ancaq buna cəsarətləri çatacaqmı? Bu, o qədər çətin bir sualdır ki, ona yalnız özləri cavab verə bilərlər. Bütün hallarda isə Ermənistanı “doğub bələmiş” Rusiyaya qarşı namərdlik ona ucuz başa gəlməyəcək. Görəcəklər...

Vəli İlyasov, "İki sahil"