KÖŞƏ

Qvami Məhəbbətoğlu

Əli Kərimli daha nələr sayıqlayacaqdı?

08 aprel 2018 00:46
3505

Son vaxtlar AXCP sədri Əli Kərimli öz ətrafındakı gənclərin “qayğısına” daha çox qalmağa başlayıb. Üstəlik, özünü onlara sevdirmək məqsədi ilə min oyundan çıxır. Bu da səbəbsiz deyil: ayının min oyunu bir armudun başında olduğu kimi, onun da oyunu, “qayğıkeşliyi” onlardan alət kimi istifadə etməyindədir.

...Bir neçə gün öncə Əli Kərimli feysbukdakı “tribuna”sından bəyan etdi ki, bəs Bakıdakı “Məhsul” stadionunda keçirilmiş mitinqdən sonra 17 yaşlı Fatimə Mövlamlı həbs olunub. Guya onun harada saxlanılması məlum deyil. Hətta onun yeri anasına belə deyilmır. Əlinə düşən bu “fürsətdən”, daha döğrusu, uydurduğu bu nağılından öz maraqlarına uyğun şəkildə istifadə etməyi qarşısına məqsəd qoyan və bunu mənəvi terror kimi hallandıran Ələ Kərimli bu addımı ilə xeyli gənci başına toplamağa, əhatə dairəsini genişləndirməyə calışdı. Amma həmişə olduğu kimi, bu dəfə də onun , necə deyərlər, yumurtası lax çıxdı. Yəni Əli Kərimlinin bu açıqlamasından 5-6 saat keçməmiş Fatimə Mövlamlı sosial şəbəkədə peyda olub: “Mən evdəyəm. Hər şey qaydasındadır. Son 4-5 gündür şəxsi həyatımda bir az problemlər vardı. Evdə deyildim. Bir rəfiqəmlə qalırdım. Telefonu söndürmək məcburiyyətində oldum. Bir dəfə anama zəng etdim ki, sizlərə, bəzilərinizə məlumat versin ki, məndən narahat olmasınlar... Heç tutulma-filan hadisəsi da baş verməyib” deməsi  media aləmində bomba kimi partladı. Bu partlayış isə Əli Kərimlinin “hadisə” ilə bağlı düzüb-qoşduğu gələcək planlarını alt-üst etdi.

 Fatimə Mövlamlının dediklərindən bir daha aydın olur ki, Əli Kərimli yalan uyduraraq onun tutulmasını ictimailəşdirmək, üstəlik, bu məsələdə polisi ləkələməyə çalışıb... Lakin gənc qız Əli Kərimlinin “siyasətinə” uymadı və partiya funksionerinin ondan faydalanmasına imkan vermədi, onun arzusunu ürəyində qoydu. Bu xanımın açıqlamasında “Telefonu söndürmək məcburiyyətində oldum” fikri daha bir mətləbə aydınlıq gətirir. Görünür, xanım Əli Kərimlinin növbəti yalanlarını eşitmək istəməyib.

Bununla Fatimə Mövlamlı həm də Əli Kərimlinin gənclərin qayğısına qalmadığını və bu kimi yalanlarla baş girlədiyini, öz qazancı naminə milləti çaşdırmağa çalışdığını əyani şəkildə ortaya qoydu.

Həmişə bu kimi məsələlərdə coşan Əli Kərimli Fatimə Mövlamlının bu açıqlamasına öz “tribuna”sından heç bir reaksiya vermədi. Yəni özünü  heç bir şey baş verməmiş kimi apardı. Amma susmağın razılıq əlaməti olduğunu hər kəs, o cümlədən Əli Kərimlə də yaxşı bilir. Digər tərəfdən, Fatimədən səs çıxmasaydı, kim bilir, uydurmalar üzrə ixtisaslaşmış  Əli Kərimli daha nələr sayıqlayacaqdı...

Əli Kərimlinin bu addımı onun indiyə qədər hakimiyyət, ölkə başçısı haqqında səsləndirdiyi fikirlərinin yalan, həm də təxribat  olduğunu bir daha üzə çıxardı. İndən belə, yəqin ki, hələ çox gənc mənfur fikirlərindən əl çəkməyən, düşmən tərəfinin istinad mənbəyinə çevrilən, gənclərdən ancaq və ancaq öz mənafeyi üçün istifadə edən Əli Kərimlinin yalanlarından canlarını qurtarmağa çalışacaq, onun dediklərinin, “qayğıkeşliyinin” uşaq başı aldatmaqdan başqa bir şey olmadığını başa düşəcəklər.

Bu yerdə rəhmətlik Əbülfəz Elçibəyin Əli Kərimli haqqında dediyi bir fikri xatırlamamaq olmur. O demişdi ki, qorxuram Əli Kərimli 50 yaşında da uşaq kimi qalsın. Bəy yanılmayıbmış. Nə yazıq ki, Əli Kərimli hələ də uşaq kimi qalmaqdadır.