21 sentyabr 2023 19:45
286

Çində səfərdə olmuş YAP nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın 2023-cü il 11-19 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş gənclərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  görüşdə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min iştirak ediblər.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin nümunəvi xarakter daşıdığını, qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin diqqət mərkəzində olduğunu bildirib. O, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə ÇXR-in Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Tahir Budaqov liderlərin siyasi iradələri sayəsində Azərbaycan-Çin dostluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını söyləyib. Hər iki ölkənin bir-birinin maraqlarına hörmətlə yanaşdığını və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirlərinin uğurla başa çatdığını vurğulayaraq ölkəmizin regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial mövqe sərgilədiyini bildirib. O, Çinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsinin önəmini diqqətə çatdırıb.

Daha sonra YAP Sədrinin müavini qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı kontekstində xüsusi yer tutduğunu və mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

YAP ilə ÇKP arasında fəal dialoqun və intensiv təmasların olduğunu bildirən Tahir Budaqov partiyanın nümayəndə heyətinin dost ölkəyə səfərinin önəmli olduğunu və səmərəli keçdiyini vurğulayıb. Səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini, əlaqələrin mövcud vəziyyətinin və perspektiv imkanların geniş müzakirə olunduğunu nəzərə çatdıran YAP Sədrinin müavini bu amilin həm partiyalar, həm də dövlətlər arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.

YAP Mərkəzi Aparatının rəhbəri bəhs olunan səfərin xüsusilə gənclər arasında məhsuldar işbirliyinin, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasına töhfə verdiyini və gələcəyə yönəlik mühüm addım olduğunu qeyd edib. O, səfərin uğurlu və səmərəli olmasının məmnunluq doğurduğunu bildirərək göstərilən diqqətə görə Çin Kommunist Partiyasının rəhbərliyinə və səfirə təşəkkürünü bildirib. Tahir Budaqov dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət edən qarşılıqlı səfərlərin davamlı xarakter daşıyacağına və birgə fəaliyyət nəticəsində diqqətəlayiq uğurlar qazanılacağına ümidvar olduğunu söyləyib.

YAP nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səfərin yaddaqalan olduğunu və məhsuldar görüşlər keçirildiyini bildirib. Nümayəndə heyətinə yüksək diqqət göstərildiyini vurğulayan Z.Əsgərov bu səfərin həm partiyalar, həm də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına, xüsusilə də gənclər arasında əlaqələrin qurulmasına təkan verdiyini qeyd edib və səfərin təşkilində zəhməti olanlara, o cümlədən səfirə dərin təşəkkürünü bildirib.

Daha sonra nümayəndə heyətinin üzvləri – YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Gənclər Birliyinin üzvü Anastasia Lavrina, partiyanın Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov səfər haqqında təəssüratlarını bölüşüblər.

ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min YAP nümayəndə heyətinin səfərlə bağlı xoş təəssüratlar ifadə etmələrinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Çinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində qarşılıqlı münasibətlərin strateji xarakter daşıdığını və müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Diplomat Çinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Qo Min Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından bəhs edib və bu il YAP Sədrinin müavini Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfərinin əhəmiyyətini vurğulayıb. “Azərbaycanın inkişafı və uğurları bizi də sevindirir”, -deyən səfir Azərbaycan-Çin münasibətlərinin yaxşı perspektivlər vəd etdiyini söyləyib və Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təşəkkürünü bildirərək uğurlar arzulayıb.