KÖŞƏ

Taleh Turqut

22 aprel 2016 14:23
463

Özü-özünü dəfn edən müxalifət

Dağıdıcı müxalifət düşərgəsi özünün intriqabaz və ambisiyalı təmsilçilərinin “liderlik” uğrunda mübarizəsi üzündən demək olar ki, siyasi səhnədən silinmək üzrədir. Əslində, bu “liderlərin” virtual aləmdəki mənasız hay-küyləri olmasa onların varlığından da danışmaq yersiz olardı.

Düşərgə mənsubları və onların rəhbərləri yalnız iki halda varlıqlarını göstərməyə çalışırlar: ya bekarçılıqdan sosial mediada bir-biriləri ilə didişirlər, ya da hansısa ictimai-siyasi proses zamanı özlərinə məxsus şəbəkələrdə boşboğazlıq edərək varlıqlarını isbat etməyə cəhd göstərirlər. Lakin bu dəfə də çabaladıqca batırlar, “qaş düzəltmək yerinə, vurub göz çıxarırlar”...

Belə ki, AXCP sədri Əli Kərimli aprelin ilk günlərində cəbhə bölgəsində yaranmış hərbi gərginlikdən sui-istifadə etməyə cəhd edərək siyasi şou yaratmağa çalışdı. Özünü saxta vətənpərvər kimi təqdim edən Kərimli əsl simasını çox gizlədə bilmədi, riyakarlığını yenidən büruzə verdi. Azərbaycan Ordusunun, Ali Baş Komandanın zəfərini, xalqla Prezident birliyinin sarsılmazlığını həzm edə bilməyən AXCP sədri bu qalibiyyətdən narahat olduğunu açıq nümayiş etdirdi. Bununla kifayətlənməyib 1992-ci ildə cəmi iki aylıq dövlət katibliyi vəzifəsində çalışarkən guya ordu quruculuğunda “böyük işlər” gördüyünü özünün “Facebook” səhifəsində paylaşaraq bu zəfərdə rolunun olduğunu dolayısı ilə “sübut etməyə” çalışır. Lakin “unudur” ki, bununla həm də ermənilərin dəyirmanına su tökür, dövlət sirrini yayır. Ancaq Kərimlinin mahiyyəti bəlli olduğundan onun bunu bilərəkdən etdiyi sirr deyil...

Dağıdıcı müxalifət rəhbərlərinin bu qəbildən antimilli fəaliyyətləri onların cəmiyyətdə sosial bazalarını məhv etməklə yanaşı, ən yaxın tərəfdarlarının da etirazlarına səbəb olur. İstər Ə. Kərimli, istərsə də Müsavat Partiyasının başqanı Arif Hacılı hər zaman öz adamlarının rüsvayçı tənqidlərinə tuş gəlirlər. Bu dəfə də “liderlər” müsavatçı jurnalist Elbəyi Həsənlinin tənqidlərinə hədəf olublar.

AXCP-də heç bir demokratik mühitin və söz azadlığının olmamasından bəhs edən E. Həsənli saytlardan birinə müsahibəsində qeyd edir ki, “Azadlıq” qəzetində bir yazarın həddi yoxdur desin ki: “Məsələn, Əli Kərimli sağ qulağını sol əli ilə qaşıdı, yaxşı olardı ki, sağ qulağını elə sağ əli ilə qaşısın. Hətta belə xırda iradları belə dilə gətirə bilmirlər. Amma danışanda ağızlarına çullu dovşan sığışmır”.

Jurnalist hesab edir ki, Ə. Kərimli bir qrup şəxs tərəfindən az qala bütləşdirilir.

Müsavatçının tənqidlərindən saxta qurultay nəticələri ilə başqan olmağa nail olan Arif Hacılı da “payını” alıb. E. Həsənli bildirir ki, A. Hacılı ümumiyyətlə, bir siyasətçi kimi qəbul edilən deyil: “Arif Hacılının problemi ondadır ki, o, siyasi lider kimi özünü doğrultmadı. Ona görə mən onun istefasını tələb edirəm.”

Müsavatçı jurnalistin sözlərinə görə, Müsavat Partiyasının məhv olmasında sabiq başqan İsa Qəmbər də məsuliyyət daşıyır. Onun fikrincə, İ. Qəmbər-A. Hacılı birliyi və saxtakarlığı siyasi qurum kimi partiyanı siyasi səhnədən silib: “Hesab edirəm ki, İsa Qəmbərin xeyir-duası ilə o, Müsavat Partiyasını diri-diri qəbiristanlığa göndərdi”.