07 aprel 2018 23:23
2203

İlham Əliyev - Milyonların sevgisini və dəstəyini qazanmış Lider

11 aprel tarixində Yeni Azərbaycan Partiyası bütün Azərbaycan cəmiyyətini səfərbər etməklə namizədinin qələbəsini təmin edəcək

“Son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq.” Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri hazırda nəinki ölkəmizin, bölgənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının qələbələrlə zəngin yoluna işıq salır, qarşıdakı illər üçün görüləcək işlərin aydın ifadəsini yaradır.

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinin təbliğat-təşviqat mərhələsindəyik. Hər bir mərhələnin özəlliyini nəzərə alsaq, bu gün cəmiyyətdə yeri və rolu ilə  seçilən, sözlə əməl birliyinin nüfuzuna, siyasi çəkisinə yeni əlavələr gətirdiyi  Yeni Azərbaycan Partiyasının keçdiyi yola bir baxış keçirməyin zərurət olduğu aydın görünür. Ümumiləşdirilmiş şəkildə bir cümlə ilə də ifadə etmək olar ki, bugünkü reallıqlarımız Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin  möhkəm təmələ əsaslanan siyasətinin nəticəsidir. Bir cümlə ilə ümumiləşdirmə özündə böyük uğurların məcmusunu əks etdirsə də, vətəndaşlıq borcumuzdan qaynaqlanan reallıqlara real baxmaq istəyimizi ortaya qoymalı, demokratiyanın vacib amillərindən biri kimi çoxpartiyalı sistemin mövcudluğu şəraitində  Yeni Azərbaycan Partiyasının bugünkü uğurlarımıza töhfələrinə bir baxış keçirməliyik.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası  sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır. Müstəqil Azərbaycan dövləti ilə  eyni zamanda təşəkkül tapan  Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 25 ildən artıq dövr ərzində dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edərək, dövrün, zamanın tələbinə uyğun olaraq yeni ideyalarla, şüarlarla çıxış etmiş, onların gerçəkləşməsinə töhfələrini vermişdir. Partiyanın yarandığı ilk illərə nəzər salsaq əsas deviz “Yeni, müstəqil Azərbaycan uğrunda” idi. Bu, o illər idi ki, dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin gələcək inkişafı o qədər də aydın deyildi. Ölkədə hökm sürən dərin böhran günbəgün dərinləşirdi,  1993-cü ilin yay aylarında AXC-Müsavat cütlüyü  qardaş qanı axıtdı, vətəndaş müharibəsi başlamışdı və bunun nəticəsində torpaqlarımızın işğalı prosesi davam edirdi. Belə çətin durumda  Azərbaycan xalqı  bir daha öz böyüklüyünü, müdrikliyini göstərərək ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı.  Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi həkk olunub.  Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. O illərdə  milli ideologiyamız - azərbaycançılıq  təqdim edildi və xalq tərəfindən dəstəkləndi. Ümummilli lider Heydər Əliyev harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların bir amal ətrafında sıx birləşməsinin vacibliyini bəyan etdi.  Artıq o illərdən bizi 25 ildən artıq zaman ayırır. Gələcəyə doğrü inamla irəlilyən Yeni Azərbaycan Partiyası son 15 ildə  ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı  Prezident  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində biri-birindən önəmli addımlar atıb və onların uğurlu nəticələri göz qabağındadır.

Öncə sabitliyin möhkəmləndirilməsinə, qanunun aliliyinin təmin edilməsinə yönələn tədbirlərə diqqət yetirək. Azərbaycan demokratik ölkə kimi  beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirdi, cənab İlham Əliyev nüfuzlu beynəlxalq təşkilatların tribunasından  demokratik dəyərlərə sadiqliyimizi sözdə deyil, əməldə təsdiq etdiyimizi bildirməklə, bu məqamı da xüsusi vurğuladı ki, uğurlarımızı qısqanclıqla qarşılayan dairələr var ki, onlar zaman-zaman  Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirirlər. Bu kimi qərəzli təbliğatların daha çox ölkədə keçirilən seçki, yaxud beynəlxalq tədbirlər ərəfəsində daha çox vüsət aldığı inkaredilməz faktdır. Nə yolla olursa-olsun Azərbaycanın demokratik ölkə imicinə xəllə gətirmək antiazərbaycan ünsürləri düşündürən əsas məsələyə çevrilir. Lakin  reallıqlarımız fonunda bu kimi cəhdlər boşa çıxır.

Cənab İlham Əliyevin daim çıxışlarında diqqət yönəltdiyi bu məqamı xatırlatmaq istərdik: “Bizim partiyamız müxalifətdə yaranmışdır. Yəni biz ilk fəaliyyətimizi müxalifət partiyası kimi  başlamışdıq. Ancaq buna baxmayaraq, Azərbaycanın qarşısında duran  bütün çətin vəzifələrin həlli işində  bizim partiyamız  çox fəal iştirak etmişdir. Bu, bir daha  onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyadır.” Məhz sözlə əməl birliyi, hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması Yeni Azərbaycan Partiyasını milyonların partiyasına çevirməklə yanaşı, ölkədə keçirilən hər bir seçki prosesindən  uğurla çıxmasını şərtləndirir.  “Bu gün biz inkişaf dövrünü yaşayırıq. Bildiyiniz kimi,  Azərbaycanın bütün sahələrində  uğurlu inkişaf gedir. Heydər Əliyev siyasəti  yaşayır, davam etdirilir. Ulu öndər Heydər Əliyev tərəfindən  qoyulmuş siyasi xətt  dəyişməz olaraq  qalır və bu, Azərbaycanı müasir dövlətə çevirir.  Müasir, güclü iqtisadiyyata  malik olan, əməkdaşlığa hazır olan, öz mövqelərini möhkəmləndirən ölkəyə çevirir. Bizim işimiz ondan ibarət olmalıdır ki, hər bir sahədə bu inkişafı daha da gücləndirək, iqtisadi islahatların, siyasi islahatların aparılmasına daha da yaxından  kömək göstərək” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu hədəfi də açıqlayır ki,  reallıqlarımız Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizə əsas verir.  Son 15 ildə keçirilən prezident seçkilərində qələbəsini təkrarlayan cənab İlham Əliyev hər zaman bəyan edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.

Gələcəyə nikbin baxmaq üçün ciddi əsaslar mövcuddur. Ən əsası Azərbaycan bu gün dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. İnkişafın Azərbaycan modelinin dünya miqyasında təqdir edilməsi təbii ki, səbəbsiz deyil. Belə ki, iqtisadi və maliyyə böhranın dərinləşdiyi, hətta nəticələri bu günə qədər davam etdiyi halda Azərbaycanın iqtisadi artımı ilə  dünyanın diqqətində olması  böyük uğur olmaqla yanaşı, inkişaf strategiyasına da diqqəti artırdı. Məhz bu uğurlarımız  ölkəmizi yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkana çevirdi. 2011-ci ildə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ölkəmizdə   “Modernləşmə siyasəti: yeni iqtisadi  və sosial çağırışlar” mövzusunda beynəlxalq tədbir keçirildi. Həmin tədbirdə bir daha qeyd olundu ki, Azərbaycanda təkmil idarəçilik sisteminin mövcudluğu hər bir çağırışı yüksək səviyyədə yerinə yetirməyə əsas verir. Bu nöqteyi-nəzərdən Azərbaycanın hazırkı dövrün çağırışı olan yoxsulluqla mübarizə sahəsində əldə etdiyi təcrübə xüsusi olaraq diqqətə çatdırıldı və təqdir olundu.

Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yoluna, uğurlarımıza töhfələrinə diqqət yönəldərək bildirir: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Bir daha demək istəyirəm ki,  çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə  üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bir partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə  onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.” Uğurlarımızın böyük ruh yüksəkliyi yaratdığını önə çəkən dövlətimizin başçısı bu vacib məqamı da qeyd edir: “Mən partiyanın inkişafı üçün, partiya quruculuğu üçün əlimdən gələni edirəm və edəcəyəm. Partiyanın sədri kimi bu yüksək məsuliyyəti dərk edirəm. Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etmək böyük şərəfdir. Əlbəttə ki, mən çalışıram həm Prezident kimi öz vəzifə borcumu  şərəflə yerinə yetirim və həm də  partiya sədri kimi bütün işlərdə  fəal olmağa çalışıram və bunu edirəm.”

1993-cü ildən bəri ölkədə yaradılan sabitliyin fonunda uğurlarımıza qısa baxış bu gerçəkliyi bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan inkişaf yolunda inamla irəliləyir.  Bu gün  Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir.  Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün  digər ölkələrə nümunə göstərilməsi  uğurlarımızın təsdiqidir.  Hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına əsas yaradır. Ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolunu önə çəkən  cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi.  Regional inkişaf proqramlarının qəbulu  və uğurlu icrası da  məhz  bu məqsədə xidmət edir. ÜDM-də özəl bölmənin payı 85  faiz təşkil edir.  İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Ölkənin hərtərəfli tərəqqisində regionların inkişafını vacib amil kimi önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, inkişaf etmiş ölkələrdə də paytaxtla  bölgələr arasında fərq olmur. Biz də buna çalışırıq. Bir faktı da qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahibdir. Hazırda Azərbaycanın  iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyündən bəhs ediriksə, bu ölkəmizin artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin olunması ölkənin hərtərəfli inkişafını təmin edən mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.  Dövlətimizin  başçısı İlham Əliyev bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan   öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.    

İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələlərdəndir. Son 15 ildə bir milyon 900 mindən artıq yeni iş yeri açılıb. Dövlət proqramlarının uğurlu icrası nəticəsində işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnməsi də  dövlətin siyasətində insan amilinə böyük önəm verildiyini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev bu məsələyə diqqət yönəldərək  bildirmişdir ki, ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycan uğurlu sosial-iqtisadi islahatları ilə özünü dünyaya sosial dövlət kimi təqdim edib.  Bir məqamı da qeyd edək ki, perspektivlərdən bəhs edərkən beynəlxalq maliyyə qurumları bu proqnozu böyük əminliklə səsləndirirlər ki, Azərbaycanda inkişaf bu səviyyədə davam edərsə, yaxın zamanlarda yoxsul olmayacaq.

Uğurlu, düşünülmüş sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, sabitlik diyarı kimi mövqeyinin möhkəmlənməsi inamı şərtləndirən  investisiya axınının artmasında da özünü təsdiqləyir. Son 15 ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 231 milyard dollara çatıb. Valyuta ehtiyatımız 42 milyard dollardır.

Bu reallığı da qeyd edək ki, Azərbaycanın mövcud imkanları əlaqələrin inkişafına təsirsiz deyil. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Cənab  İlham Əliyev bu əminliyi  ifadə edir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuz qazanan   ölkəmiz qarşıdakı illərdə  regionun və Avropa  ölkələrinin  enerji təhlükəsizliyinin təminatında  rolunu  daha da artıracaq. “Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları  bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı  təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır.” Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyasının genişliyi göz önündədir. Bu ilin mühüm hadisələri sırasında olacaq TANAP istifadəyə verilməklə ölkəyə investisiya axınını daha da artıracaq.  Ötən il “Yeni əsrin müqaviləsi”nin imzalanması da Azərbaycanın etibarlı tərəfdaş imicinə bir daha aydınlıq gətirdi. Bir sözlə, dünyaya açılan pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi TAP, TANAP, “Cənub Qaz Dəhlizi” layihələrinə geniş yol açdı. Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır.

Uğurlarımızın miqyası genişdir. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.  Lakin xalqımız tam əmindir ki, bu problemimiz də öz ədalətli həllini tapacaq. Artıq iki ili tamam olan aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi kimi  tariximizə yazıldı. Ölkəmizin diplomatik mübarizədə qələbəsi, eyni zamanda iqtisadi imkanlarına əsaslanan ordu quruculuğu prosesinin daha da sürətləndirilməsi   torpaqlarımızın işğaldan azad olunacağına böyük əminlik yaradır. Bütün yazılarımızda öz əksini tapan Cocuq Mərcanlıya qayıdış işğal altında olan bütün torpaqlarımıza qayıdış kimi dəyərləndirilir. Bu baxımdan ki, dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, bir qarış belə torpağımız düşmənə verilməyəcək.  Ötən ilin mühüm uğurları sırasında olan  dövlətimizin başçısı İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışında da dünyaya mesaj kimi dəyərləndirilən bir çox məqamlar öz əksini tapmışdır. Cənab İlham Əliyev dünyanın ikili siyasəti fonunda yaranan problemlərə diqqəti yönəldərək, bildirmişdir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. BMT-nin qətnamələrinin icrasının vacibliyi bir daha vurğulanaraq, qeyd edilmişdir ki, təxribatlara yol verilməməli, bu kimi cəhdlərin qarşısı hər zaman böyük qətiyyətlə alınacaq.

Azərbaycan bu gün, həmçinin dostluq, əməkdaşlıq məkanı kimi də dəyərləndirilir. Ölkəmizin mutikulturalizm, tolerantlıq təcrübələrinin nümunə göstərilməsi də  yerləşdiyi çoxrafi məkanla yanaşı, yeritdiyi düzgün siyasətə bir daha aydınlıq gətirir. 2016-cı ildə ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilməklə dünyaya sülh, əmkdaşlıq, dostluq mesajı oldu. Cənab İlham Əliyevin ötən ilin son ayının son günlərində  ölkəmizin ev sahibliyi etdiyi “2017- İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq tədbirdə çıxışı bir daha Azərbaycanın  beynəlxalq əməkdaşlıqda qazandığı uğurların, dövlətlər, xalqlar arasında dostluq körpüsü roluna  etdiyi əlavələrin ümumiləşdirilmiş şəkildə açıqlaması oldu.  Cənab İlham Əliyev bildirmişdir ki, bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir.

Azərbaycanın uğurlarından bəhs edərkən, hər bir sahədə təcrübəsinin nümunə olduğunu, bu baxımdan müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlər üçün əsas məkan seçilməsini xüsusi qeyd  edirik. Artıq Azərbaycan idman ölkəsi kimi də nüfuz qazanıb.  2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə  nəinki idman, bütün sahələrdə  malik olduğumuz imkanların dünyaya təqdimatına nail oldu.

Azərbaycanın hər bir uğurunda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının öz payı var. Partiyanın bu payı ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxmasında əhəmiyyətli rol oynayır. Hər bir seçki proqramında əldə olunan uğurları və onların əsasında qarşıdakı illərin hədəflərini açıqlayan Yeni Azərbaycan Partiyası  “İlhamla irəli” deyir.  

Bu statistikanı da açıqlayaq ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında  birləşən üzvlərin 40 faizini gənclər təşkil edir. Bu, YAP-ın gəncləşən partiya imicini bir daha təsdiqləyir. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın uğurlu gələcəyi naminə üzərilərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Dövlətimizin başçısı bildirir: “Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir. Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.”

25 ildən artıq bir yola  qısa baxış Yeni Azərbaycan Partiyasının qələbələr partiyası  kimi qazandığı mövqeyə bir daha işıq salır. Prezident, parlament, bələdiyyə seçkilərində qazandığı qələbələr, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi  üçün ümumxalq səsverməsinin keçirilməsi məqsədilə irəli sürdüyü təşəbbüslər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Dövlətimizin başçısı İlham Əliyev: “Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqından bizə verilən dəstək bizi gücləndirir və bizim məsuliyyətimizi də artırır. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti öz üzərimizə götürmüşük.”  Xalqımız tam əmindir ki, 11 aprel prezident seçkiləri demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycanın tarixinə növbəti uğur kimi yazılacaq. Seçkilərdə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının qələbəsinə gəldikdə isə ölkə Prezidenti İlham Əliyevin  böyük inam və qətiyyətlə  səsləndirdiyi bu fikrləri  bir daha xatırlatmaq istərdik: “Yeni Azərbaycan Partiyasının siyasi səhnədə  ciddi rəqibi yoxdur.  Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə  fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk.  Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi  bizə olan inamı daha da artırır. Ancaq əlbəttə ki, siyasi mübarizə  aparılır və aparılmalıdır.”

Gələcəyimiz  yeni-yeni hədəflərdən və onlara böyük ruh yüksəkliyi ilə çatmaqdan ibarətdir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası 11 aprel prezident seçkilərində bir daha  qələbə sevincini yaşamaqla növbəti uğurlara   öz imzasını atacaq, gələcəyə daha  böyük inamla addımlayacaq.

Yeganə Əliyeva, “İki sahil”