Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş kitab nəşr edilib.
Mədəniyyət Mərkəzindən "İki sahil"ə verilən məlumata görə, “Heydər Əliyev – 100 kəlam” adlı nəşrdə Ulu Öndərin nitqindən simvolik olaraq seçilmiş 100 sitat, müdrik sözlər və kəlamlar yer alıb.
Azərbaycan dili ilə yanaşı özbək və türk dillərində olan “Heydər Əliyev 100 kəlam” adlı nəşrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yüzlərlə dəyərli fikirləri arasından sırf ümumbəşəri sitatları, müdrik sözləri, kəlamlar seçilərək çap edilib. Burada yer alan kəlamlar Ulu Öndərin bütün dünyaya, bütün bəşəriyyətə çağırış, səsləniş, tövsiyə və nəsihətləridir.
Bildirilib ki, Heydər Əliyevin ideyaları bəşəriyyəti tərəqqiyə, sülhə, ədalətə, inkişafa, rifaha səsləyir və bu fikirlər bütün dünyaya ünvanlanıb. İrqindən, milliyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir şəxs, hər bir insan üçün dəyərli fikirlərin yer aldığı bu sitatlar təkcə bu gün üçün deyil, bütün dövrlər üçün aktualdır. Bu da Heydər Əliyev müdrikliyini, uzaqgörənliyini bir daha bariz şəkildə nümayiş etdirməkdədir.
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Heydər Əliyev İli” və Ulu Öndərin yüz illik yubileyi münasibətilə dahi şəxsiyyətin zəngin irsini qardaş ölkədə tanıdılması təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirilir və sözügedən nəşr də bunlardan biridir.
Qeyd edək ki, sözügedən nəşrin Azərbaycanda və Özbəkistanda geniş təqdimatları nəzərdə tutulur.