03 oktyabr 2023 00:00
968

Ümummili Lider adını ləyaqətlə doğruldan dahi şəxsiyyət

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində seçicilərin yüksək etimadını qazanan Ulu Öndərin siyasi fəaliyyətinin, xalqına xidmətlərinin məntiqi nəticəsi iqtisadi, siyasi, diplomatik uğurları, hərbi qüdrəti ilə seçilən müasir Azərbaycandır

Ötən əsrin 90-cı illərinin başlanğıcında Azərbaycandakı xaos, hərc-mərclik, özbaşınalıq dözülməz vəziyyət yaratmışdı. Hakimiyyətə tank üstündə gəldiklərini etiraf edən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı dözülməz vəziyyətdən cana doyan xalq çıxış yolu axtarırdı. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevə müraciət etməklə Azərbaycanı gözləyən daha təhlükəli vəziyyətdən çıxarmağı tələb edən xalqın istəyi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyevin bu qayıdışı müstəqilliyimizin əbədiyyət tarixi kimi salnaməmizə yazıldı. «Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı» sözləri ilə o dövrdə ölkədə yaranan vəziyyət xarakterizə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqın liderinə olan məhəbbəti, inamı AXC-Müsavat iqtidarını narahat edirdi. Amma dövlətçilik təcrübəsi , səriştələri olmayan, Gəncədə baş verən qarşıdurmadan qorxan səbatsızlar da Ulu Öndərdən yardım istədilər. Xalqın tələbi ilə Bakıya gələn, Azərbaycanın dövlətçiliyini təhlükə altında qoyan hadisələrin daha ciddi təhlükə yaratmasının qarşısını qətiyyəti, siyasi iradəsi ilə alan bu müdrik şəxsiyyət o ağır günlərdə Azərbaycan Ali Sovetinin Sədri kimi insanları birliyə, həmrəyliyə dəvət etdi. Amma qarşıda görüləcək taleyüklü işlərin həlli üçün geniş dövlətçilik təcrübəsinə, siyasi iradəyə, qətiyyətə malik liderin ölkəyə rəhbərliyinə ehtiyac var idi. Heç vaxt yanılmayan xalq bu sahədə də seçimini tarixi zərurətdən yaranan hadisələrə uyğun müəyyənləşdirdi. Respublikaya rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın iqtisadi yüksəlişi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması naminə zəkasından, uzaqgörən siyasətindən bacarıqla istifadə edən Ulu Öndər Heydər Əliyevin xalqının xilaskarı ifadəsi növbəti dəfə özünü doğrultdu. Sovet ideologiyasının hökmranlıq etdiyi, müsəlman ölkələrinə ögey münasibətin açıq-aşkar hiss olunduğu bir zamanda belə Azərbaycanı tanıdan, milli iqtisadiyyatımızı dövlətimizin qüdrətlənməsi, xalqın maraqları naminə inkişaf etdirən, canından artıq sevdiyi Azərbaycanı parçalanmaq təhlükəsindən qurtaran Ulu Öndər vətəndaş müharibəsinin qarşısını almaqla heç bir dövlət başçısının, siyasətçinin öhdəsindən gələ bilməyəcəyi taleyüklü məsuliyyəti üzərinə götürdü, xilaskarlıq missiyasını yerinə yetirdi. Belə çətin, gərgin bir zamanda xalqın tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu Öndər həmin ayın 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Qısa müddətdən sonra dövlət başçısı kimi xalqımıza bələdçilik edən Ulu Öndər Heydər Əliyev milyonları arxasında aparmaq qabiliyyətini, siyasi təcrübəsini davam etdirdi. Tariximizə Milli Qurtuluş günü kimi yazılan 15 iyunun zəfəri bununla bitmədi. İyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirmək Ulu Öndərə həvalə olundu. Xalq respublikaya rəhbərliyin rəsmi olaraq Ulu Öndərə tapşırılmasını Azərbaycanın müstəqilliyinin qarantı hesab edərək bu tələbində haqlı olduğunu prezident seçkisində Ümummilli Liderə göstərdiyi etimadı ilə təsdiqlədi. «1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin Bakıya möhtəşəm qayıdışından sonra başladı.

Bu tarixi qayıdışın məntiqi nəticəsi dünyanın ən dinamik inkişaf edən olkəsi kimi tanınan, müasirləşən, yeniləşən, dünyada mövqeləri möhkəmlənən, müstəqilliyini qoruyan Azərbaycanın iqtisadi sahədə, diplomatiyada, beynəlxalq əməkdaşlıqda qazandığı uğurlardır.

O ağır günlərdə taleyini Ulu Öndər Heydər Əliyevə etibar edən xalq müstəqilliyimizin əbədiliyinə də imza atdı. Seçicilərin 98.84 faizinin səsini qazanan Heydər Əliyev xalqının Ümummilli Lideri adını da ölkədə apardığı siyasi, iqtisadi, sosial, hərbi islahatları ilə doğrultdu. Bu əminlik Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və şəxsi nüfuzuna, idarəçilik təcrübəsinə dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəni vəziyyətdən çıxara biləcək yeganə müdrik şəxsiyyət Heydər Əliyevin zəkası, qətiyyəti ola bilər. Havadarlarının dəstəyinə arxayınlanan təcavüzkar Ermənistanla müharibənin davam etdiyi, torpaqlarımızın işğalının sürətləndiyi ağır günlərdə Azərbaycanı ağır vəziyyətdən yalnız Ulu Öndər kimi müdrik şəxsiyyətin çıxaracağına əmin olan xalqımız tarixin bu sınağından da ağlının, zəkasının qüdrəti ilə çıxdı. «Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib» söyləyən Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın müstəqilliyi naminə fədakarlığını liderin xalqı qarşısında vətəndaş borcu kimi qiymətləndirir.

Prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkəni ağır vəziyyətdən çıxarmaq, siyasi sabitliyin yaranması üçün milli həmrəyliyi gücləndirən Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü iqtisadiyyat, nizam-intizamlı ordu yaratmadan Ermənistan kimi işğalçının qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra ordu quruculuğu sahəsində islahatlara xüsusi diqqət göstərərək hələ Naxçıvanda başladığı ordu quruculuğu sahəsindəki islahatları əsas prioritet kimi davam etdirdi. Prezident kimi 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki çıxışında söylədiyi «Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”» sözlərini əməli fəaliyyətində davam etdirdi. Ulu Öndər beynəlxalq arenadakı şəxsi nüfuzu, dövlətçilik təcrübəsi ilə ölkəmizdə qarışıqlıq yaratmağa çalışan daxili və xarici qüvvələrə sipər oldu. Dünyanın ən nüfuzlu şirkətlərini ölkəmizə dəvət etməklə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının təməlini qoyan Ulu Öndərin qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan «Əsrin müqaviləsi» imzalandı. Bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirildi. Respublikamız dünyada neft ölkəsi kimi tanındı. Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərdi ki, ölkəmizi dünyanın vacib aktorları sırasına müdrik siyasətçi Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində evlərindən köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına dönəcəyini qətiyyətlə bildirən Ümummilli Lider şəhidlərimizin qanının yerdə qalmayacağını əminliklə söyləyirdi: Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Ayrı-ayrı partiyalara xidmət edən könüllü silahları dəstələr ləğv edildi. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Bütün sahələrdə Ermənistanı üstələyən Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.

Ümummilli Lider yaxşı bilirdi ki, Azərbaycanın hüquqi, qüdrətli dövlət olması üçün ölkənin demokratiya yolu ilə inkişaf etməsi, çoxmillətli respublikamızda milli həmrəyliyin, xalq- iqtidar birliyinin gücləndirilməsi başlıca şərtdir. Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranan vəziyyətin qarşısının alınması üçün dünya azərbaycanlılarının həmrəyliyinə böyük diqqət göstərən, xalqımızda azərbaycançılıq təfəkkürünün, milli oyanışın formalaşması üçün tarixi addımılar atan Ulu Öndərin təşəbüsü ilə keçirilən Dünya Azəbaycanlıarının I Qurultayı istənilən nəticəni göstərdi.

Sabitliyi təmin etməklə iqtisadiyyatın dirçəlməsi üçün konseptual islahatların vacibliyini dərk edən Ulu Öndər ilk olaraq ölkəyə investisiya axınını şərtləndirən amillərə diqqəti artırdı. Azərbaycanın təbii ehtiyatlarının dünya bazarlarına çıxarılmasını ən optimal variant kimi dəyərləndirən Ulu Öndərin hazırladığı neft strategiyası həyati zərurətdən yaranan uzunmüddətli proqram kimi qlobal əhəmiyyəti ilə seçildi.

Ermənistan tərəfindən informasiya blokadasında qalan, iqtisadiyyatı formalaşmamış Azərbaycana dünyanın ən iri neft şirkətlərini cəlb etmək böyük cəsarət , müdriklik, qətiyyət tələb edirdi. Bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən yalnız dünya siyasətçiləri arasında dövlətçilik təcrübəsi, zəkası ilə seçilən müdrik şəxsiyyət Heydər Əliyev gələ bilərdi. O illəri «1990-cı illərin ərəfəsində artıq neft hasilatı ilə bağlı problemlər yaradılmışdı. Müstəqilliyimizin ilk illərində bu problemlər daha da dərinləşdi. Müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır keçirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü…Yenə də Heydər Əliyev öz tarixi missiyasını icra etdi. Azərbaycanı bu böyük bəlalardan qurtardı, Azərbaycana sabitlik gətirdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər inkişaf yolu ilə gedir» sözləri ilə xatırlayan, «Əsrin müqaviləsi»ni, Ulu Öndərin müəllifi olduğu neft strategiyasını tarixi hadisə adlandıran Prezident İlham Əliyev vurğulayır ki, belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi. Qlobal enerji layihələrinin reallaşması göstərdi ki, Ulu Öndərin neft strategiyası təkcə Azərbaycan iqtisadiyyatı üçün çıxış yolu olmadı. BTC, BTƏ, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi neft-qaz kəmərləri Azərbaycanın enerji diplomatiyasının təntənəsi olmaqla, layihələrdə iştirak edən bütün tərəfdaşların milli müstəqilliyi ilə eyni səviyyədə əhəmiyyətli olan iqtisadi, enerji müstəqilliyinin də təməli oldu, çağırışlara cavab verdi. Dünyanın enerji xəritəsini dəyişdi. Neft ölkəsi kimi şöhrət qazanan Azərbaycan hazırda həm də Avropa ölkələrinə qaz ixrac edən respublika kimi tanınır.

Azərbaycançılıq ideologiyasını təkmilləşdirməklə milli-mənəvi dəyərlərimizin qorunmasını təmin edən Ulu Öndər milli kadr və ziyalı potensialından istifadə etməklə, respublikada təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı üçün etibarlı təməl yaratdı.

Türk dünyasının öndərlərindən olan, Türkiyə- Azərbaycan qardaşlığının əbədiliyini «Bir millət, iki dövlət» sözləri ilə ifadə edən Ulu Öndərin bu ifadəsi bu gün daha böyük əhəmiyyət kəsb edir.

…Ulu Öndər Heydər Əliyevin siyasi və şəxsi fəaliyyətinə xronoloji nəzər bir həqiqəti əks etdirir: Qismətinə tarixi dövrlərin qovşağında yaşamaq yazılmış müdriklər ona görə dahi adlandırılır ki, onlar dəyişən ictimai-siyasi formasiyaların tələbinə uyğun prosesləri, cəmiyyətin yenicə formalaşan qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə dərk edir, baş verəcək hadisələri qarşıdakı onillərin proqnozlarını müəyyənləşdirməklə qiymətləndirirlər. Özü ilə birlikdə cəmiyyətin də o dövrün tələblərinə cavab verəcək səviyyədə formalaşmasını təmin edir. Yalnız qeyri -adi istedadı, zəkası ilə tarixdə, cəmiyyətdə izi qalan tanınmışlar uzaqgörən siyasətləri ilə tarix yazır, yaşadır və yaşayırlar.

Qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan, xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş Ulu Öndərdən başqa ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

Ulu Öndərin «Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqlarımızın hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı, qardaşlarımızı öz doğma yerlərinə qar»armaqdır» sözlərini Prezident, Ali Baş Komandan kimi yerinə yetirən İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin «Heydər Əliyev İli» elan olunması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa- quruculuq işləri, Laçın sərhəd- keçid məntəqəsində, Xankəndidə dalğalanan üçrəngli Dövlət Bayrağımız Ümummilli Liderə ümumxalq məhəbbətinin real ifadəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»