Oktyabr ayının 3-də Biləsuvar rayonunun Nəsimi kəndində şəhid Vəliyev Sehran Nizami oğlu və Xırmandalı kəndində şəhid Məmmədov Elvin Tərlan oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu.
“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Vəliyev Sehran Nizami oğlu 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Vəliyev Sehran Nizami oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ-sı olmuş Məmmədov Elvin Tərlan oğlu 12 dekabr 1992-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Elvin Tərlan oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!