Parlamentdə nağdsız alqı-satqıya vahid yanaşma təklif olunub
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, 2021-ci ilin dekabrında “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik edən zaman bir qrup mallar üçün 10 min manata qədər, digər qrup üçün isə 2 min manat nağd yolla alış-verişin olması nəzərdə tutulurdu.
Deputat o zaman çıxış edərək Konstitusiyanın 149-cu maddəsinə istinad edərək bildirib ki, normativ hüquqi aktlar ədalətli olmalı və bərabər münasibətlərə əsaslanmalıdır: “Bundan sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin də iştirakı ilə işçi qrupun nümayəndələri dəvət olundu. Biz Tahir müəllimin kabinetində müzakirə apardıq və belə qərar alındı ki, ümumiyyətlə bütün mallar üçün 4 min manatdan artıq olan ödənişlər nağdsız həyata keçirilməlidir. İndi də yenə də 3.4.11-ci maddə ilə bağlı uyğunlaşma həyata keçiririk. Burada əslində uyğunlaşma hansı formada həyata keçirilməli idi? Burada istisnalar nəzərdə tutulub. Məsələn, avtomobillər üçün. İndi də qızıl məmulatları üçün, yəni qiymətli daş-qaş üçün nəzərdə tutulmayıb. Ona görə mən, bir daha o məsələyə qayıdıram ki, Konstitusiyanın tələblərinə uyğun olaraq, əslində 4 min manatdan yuxarı istənilən satılan daşınar-daşınmaz əmlakın alqı-satqısı nağdsız formada həyata keçirilməlidir. Bu eynilə də mənzil alqı-satqısına da tətbiq olunmalıdır. İndi də bilirik ki, mənzil satılanda mənzil tikənlər böyük məbləğdə nağd pul alırlar və ya öz aralarında müqavilə bağlayırlar. Yəni diqqət daha çox iri alış-verişlərə yönəldilməlidir, nəinki mağazalarda “Bakkuş” satanlara”.