06 oktyabr 2023 17:51
248

Azərbaycan Qarabağda yaşayan erməniəsilli şəxslər üçün ən yaxşı şəraiti yaradacaq - Serbiya parlamentinin sədri

"Əminəm ki, Azərbaycan Qarabağda yaşayan erməniəsilli şəxslər üçün ən yaxşı şəraiti yaradacaq".

“İki sahil” xəbər verir ki, bunu Serbiyanın Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da Bakıda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O, ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin dinamik inkişafından razılığını ifadə edərək, iki ölkənin dövlət başçıları arasında münasibətlərin əlaqələrin inkişafında mühüm əhəmiyyətini qeyd edib.

Serbiyanın spikeri Azərbaycana onun ölkəsinin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edərək, Serbiyanın da hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Vladimir Orliç Qarabağda mövcud olan vəziyyətə dair faktlarla yaxından tanış olduqlarını qeyd edərək, əminliklə bildirib ki, Azərbaycan Qarabağda yaşayan erməni əsilli şəxslər üçün ən yaxşı şəraiti yaradacaq. O, vurğulayıb ki, hazırda dünyada mövcud olan ikili standartlar yalan məlumatların yayılmasına gətirib çıxarır.