11 oktyabr 2023 10:37
593

“Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü təsdiqlənib

AMEA Rəyasət Heyətinin iclasında “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün təsdiq edilməsi ilə bağlı müzakirələr aparılıb.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Tədbirlər Planının “Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri” haqqında 10-cu bəndinin əsas icraçılarından biri kimi AMEA-nın müəyyən edildiyini xatırladıb.

AMEA rəhbəri qeyd edib ki, Akademiyada “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə çoxsaylı monoqrafiya və elmi tədqiqat materialllarının çap edilməsi ilə yanaşı, ən fundamental nəşrlərdən biri kimi, 2023-2025-ci illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulub.

Bu istiqamətdə fəaliyyətin sistemli təşkil edilməsi məqsədi ilə Rəyasət Heyəti tərəfindən 8 dekabr 2022-ci ildə müvafiq qərarın qəbul olunduğunu deyən akademik İsa Həbibbəyli həmin sənədin 5-ci bəndində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ensiklopediyanın sözlüyünün hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsinin tapşırıldığını bildirib.

AMEA rəhbəri diqqətə çatdırıb ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən 12 bölmə üzrə 862 sözdən ibarət ensiklopediyanın sözlüyü qısa müddətdə hazırlanaraq Rəyasət Heyətinə təqdim edilib və sözlüyün müzakirəsini təmin etmək və son variantını hazırlamaq məqsədi ilə Komissiya yaradılıb. Akademik İsa Həbibbəyli bildirib ki, ötən müddət ərzində təkrarlar aradan qaldırılaraq sözlükdə sözlərin sayı 500-ə endirilib və əlavə yeni 40 söz artırılıb.

Akademiyanın zəngin ensiklopedik nəşr təcrübəsinə və komandasına malik olduğunu deyən AMEA rəhbəri yüksək poliqrafik tələblərə cavab verən, sanballı nəşrin hazırlanması üçün müvafiq tapşırıqlarını çatdırıb.


Daha sonra təqdim olunmuş sözlük müzakirə edilərək Rəyasət Heyəti tərəfindən təsdiqlənib.