28 aprel 2016 00:56
7202

Qulağa yad cismlər düşərsə

Ümumiyyətlə, burun və boğaz beyinə yaxın olduğu üçün, bu orqanlarla diqqətli olmaq lazımdır. Qulağa yad cism və ya canlı həşərat girərsə, insanda ömürlük kar qalma ehtimalı, yaxud zəhərli həşəratdırsa, insan həyatı ilə bağlı təhlükəli hallar yaşana bilər.

Bu mövzuyla əlaqədar  Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun LOR kafedrasının dossenti, tibb üzrə fəlsəfə elmlər doktoru Akif  Əfəndiyev ATV.az-a açıqlamasında bunları bildirib:

“Qulağa düşən yad cismlər 2 cür olur. Canlı və cansız.  Qulağı təmizləyərkən əşyanın orda sınıb qalması, ya pambığın, muncuğun  qalması ola bilər. Qulaqda qalan əşyaların fəsadları fərqli ola bilər. Qulağa daxil olan əşya çox dərinə getməzsə, xarici qulaq keçəcəyinə ilişibsə, müəyyən eşitmə pozğunluğu və  ağrı verə bilər. Ola bilər ki, qulağa daxil olan əşya dərinə gedib qulağı zədələyibsə, hətta qan axırsa, qulağın təbil pərdəsini zədələyə bilər. Bu gələcəkdə irinli iltihabın yaranmasına və karlığa gətirib çıxara bilər. Bu ağırlaşmaların qarşısını almaq üçün qulaqdan yad cism  xaric olunmalıdır. Ən rahat yol xarici qulaq keçəcəyində xüsusi alətlərlə yad cismin çıxarılmasıdır. Bununla tam çıxarmaq mümkün olmazsa, xarici qulaq keçəcəyi məhlullarla yuyulur. Belə halda yad cism qulaqdan asan çıxır. Canlı həşəratların qulaqdan çıxarılması fərqlidir. Həşərat daxildə  hərəkət etdikcə, qulaqda ağrılar ola bilər. Ona görə əvvəlcə həşəratı məhv edib, sonra çıxarmaq lazımdı. Həşəratın ölməsi üçün qulağa spirt, xüsusi məhlullar töküb daxildə havasızlıq yaradılır. Həşərat öldükdən sonra eyni üsulla çıxarılır. Belə də ola bilər ki, qulağa həşəratın girməsindən bir neçə gün keçibsə, qulaqda iltihabi proses yaranıbsa, artıq müalicə uzadılır.  Əvvəlcə iltihabi prosesin qarşısı alınır, sonra həşərat çıxarılır və yenidən müalicə üsulundan istifadə olunur. Ola bilsin ki, qulağa həşərat girərsə, həkimə qədər evdə qulağa vazilen, qliserin yağ (steril yağ olmalıdır) tökərək həşəratı çıxarmaq olar. Ancaq yenə də gələcəkdə fəsad qalmasın deyə, yaxındakı LOR həkiminə müraciət etmək məsləhətdir.