04 aprel 2018 13:24
2406

Naftalan nefti Azərbaycanın "ağ qızılı"dır

Azərbaycan təbabətdə geniş tətbiq edilən növbənöv təbii sərvətlərlə son dərəcə zəngin diyardır. Bu təbii sərvətlər – isti bulaqlar, müalicəvi palçıq vulkanları, duz mağaraları bütün ölkə ərazisinə səpələnib. Amma təbiətin bir unikal fenomeni var ki, onun nəinki Azərbaycanda, heç dünyada bənzəri yoxdur. Söhbət Naftalan neftindən gedir: çoxsaylı elmi araşdırmalar və tam bir sıra xəstəliklərin müalicəsində 100 ildən çox müvəffəqiyyətlə istifadə olunması təcrübəsi onun səmərəliliyini təsdiq edib.

Strateji məhsul

Bakının 338 kilometr qərbində, böyüklüyünə görə ölkənin ikinci şəhərinin - Gəncənin 50 kilometrliyində yerləşən Naftalan hələ sovet dövründə ölkənin müalicəvi turizm mərkəzi kimi şöhrət qazanıb. Çünki dünyada misli-bərabəri olmayan müalicəvi neft yataqları məhz Naftalanda yerləşir. 

“Naftalan” toponimi Midiya mənşəli “nafta” (“axır”) sözündən əmələ gəlib. Midiya Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərdən biridir. Əvvəlcə bu müalicəvi neft yataqlarında hasilat quyuları qazılıb, sonra bu ərazidə Naftalan şəhəri salınıb.

Naftalan neftinin çox vaxt “ağ Naftalan yağı” adlandırılmasına baxmayaraq, səciyyəvi tünd qəhvəyi rəngli, spesifik qoxulu qatı mayedən ibarət olan Naftalan nefti görünüşünə görə adi neftdən az fərqlənir. Doğrudur, onun tərkibində benzin fraksiyaları yoxdur və o yanmır. Amma eynən qara neft kimi adi mancanaq dəzgahlarının köməyi ilə hasil olunur.

Naftalan nefti başqa tərkibli neftlərdən zərərli benzin və kerosin buxarları olmayan, qiymətli sürtkü yağları ilə zəngin saf tərkibi ilə fərqlənir. Onun kalium, maqnezium, yod, xlor, kalium karbonat və sink kimi elementlərlə zəngin biokimyəvi tərkibi Naftalan neftini unikal edir. Həmin elementlər sayəsində bu substansiya müalicəvi xüsusiyyətlər əldə edir və xəstəlikləri sağaldır. “Gazhalti Health Hotel Naftalan” sağlamlıq kompleksinin baş həkimi Şahin Babayev iddia edir ki, ixtisaslaşdırılmış müəssisə şəraitində Naftalan neftindən istifadənin səmərəliliyi 90 faizə çatır və daha çox olur. “Müalicəvi Naftalan nefti digər kurort müalicəsi metodları və regionun əlverişli ekoloji vəziyyəti ilə vəhdətdə böyüklər və uşaqlar arasında tam bir sıra dayaq-hərəkət aparatı, nevroloji, uroloji, ginekoloji, dermatoloji və digər xəstəliklərin müalicəsinə kömək edir. Naftalan neftinin iltihab və allergiya əleyhinə təsiri, habelə mübadilə proseslərinin intensivliyinə, spermatogenezin stimullaşdırılmasına, yumurta hüceyrəsinin formalaşması prosesinin tezləşməsinə təsiri və digər qiymətli xüsusiyyətləri məlumdur”, - deyə həkim bildirib.

Maraqlıdır ki, Naftalan nefti əsasında müalicəvi vasitələrin sənaye üsulu ilə istehsalına ilk dəfə XIX əsrin sonlarında almaniyalı mühəndis-konsessiyaçı E.İ.Yeger başlayıb. Onun Azərbaycanda açdığı fabrikdə xammal emal edilir, sonra Almaniyaya göndərilir və burada iki səhmdar cəmiyyətin - "Naftalan Maqdeburqda" və "Naftalan Drezdendə" səhmdar cəmiyyətlərinin müəssisələrində ondan preparatlar hazırlanırdı. Həmin preparatların tərkibi və hazırlanması qaydası məxfi saxlanılır və inhisara alınırdı. Azərbaycanın Naftalan neftindən hazırlanmış məlhəmlər, pastalar, həblər, şamlar, dərini yumşaltmaq üçün xüsusi sabunlar, pudralar, dodaq üçün karandaşlar və digər məhsullar tezliklə bütün dünyada satılmağa başlayır. Bu neftin antiseptik xassələri o dərəcədə yüksək qiymətləndirilirdi ki, Naftalan məlhəmi Birinci Dünya müharibəsində əsgərlərin dərman qutusundakı məcburi preparatlardan biri olur.

Yetmiş dərdin dərmanı

Bu gün Naftalan nefti tibbin bir çox sahələrində ən yaxşı və əvəzedilməz müalicə üsullarından biri sayılır və 70-dən çox xəstəliyin şəfa tapmasını təmin edir. Naftalan neftinin orqanizmə şəfaverici təsirinin ən geniş yayılmış üsulu müalicəvi vannalardır. Naftalanın sağlamlıq mərkəzlərində insan bədəninə rahatlıq gətirən 37-38 dərəcə temperaturda Naftalan nefti xüsusi anbarlardan kabinələrdəki vannalara daxil olur. Pasiyent mütəxəssisin nəzarəti ilə 8-10 dəqiqə müddətində vannanın içində uzanır. Onun bədəni həmin vaxt ərzində faydalı maddələri canına çəkir. Sonra neftin qalıqları dəridən təmizlənir, pasiyent isti duş qəbul edir və 15-20 dəqiqə dincəlir. Müalicənin maksimum səmərəli olması üçün mütəxəssislər 14-21 günlük müalicə kursu keçməyi tövsiyə edirlər. 

Naftalan vannalarının möcüzəli təsiri barədə eşidən və şəfa tapmaq istəyən insanlar dünyanın hər yerindən Azərbaycana gəlirlər. Naftalan nefti çoxları üçün son ümiddir. ABŞ, Çexiya, Rusiya, Qazaxıstan və başqa ölkələrdən gələrək, Naftalanda şəfa tapmış insanların təşəkkür dolu rəyləri bu neftin səmərəliliyinin ən yaxşı sübutudur.

Yeri gəlmişkən, çox az adam bilir ki, Naftalan Rusiyanın məşhur Yessentuki kurortu ilə qardaşlaşmış şəhərdir. Naftalan Turizm və Mədəniyyət Mərkəzinin məsləhətçisi Tahirə Aslanovanın sözlərinə görə, bu gün Naftalan təbii amilləri, kurort təbabətinin nailiyyətlərini, Avropa komfortunu, Azərbaycan qonaqpərvərliyini və putyovka qiymətlərinin münasibliyini özündə üzvi surətdə birləşdirən müasir istirahət və sağlamlıq mərkəzidir. Burada Naftalanın bərpası üzrə dövlət proqramı çərçivəsində inşa edilmiş çoxlu sayda yaxşı təchizatlı müalicəxana və istirahət mərkəzi fəaliyyət göstərir. "Chinar Hotel&Spa", "Gashalti Health Hotel Naftalan", "Garabag Resort&Spa" və s. müalicə-profilaktika mərkəzləri ən məşhur sağlamlıq komplekslərindəndir.

Prinsipcə, həmin mərkəzlər pasiyentlərin sağlamlığı və istirahəti üçün hər cür şərait yaradılmış avtonom müalicə kompleksləridir. Bu komplekslərdə mükəmməl təchizatlı diaqnostika, fizioterapiya bölmələri, prosedur kabinələri və digər bölmələr fəaliyyət göstərir. Komplekslərin çoxuna "hər şey daxildir" sistemi ilə işləyən, komfortlu nömrələri, fitnes və SPA mərkəzləri və müxtəlif əlavə xidmətləri olan beşulduzlu hotellər daxildir.

T.Aslanova fikrini yekunlaşdıraraq deyib: "Qeyd etmək istəyirəm ki, diyarımızın təbiəti çox zəngindir və gözəl landşaftları ilə seçilir, xalqımızın qonaqpərvərliyinin isə həddi-hüdudu yoxdur. Odur ki, burada istirahət edən insanın həm cismi şəfa tapır, həm də ruhu şadlanır”.

Son söz yerinə

Azərbaycan torpağı unikal təbii sərvətlərlə zəngindir. Belə bitib-tükənməyən sərvətə sahib olan Azərbaycan regionda müalicə-sağlamlıq turizmi sahəsində lider ola bilər və olmalıdır. Bunun üçün ölkəmizin bütün imkanları var. 

Şübhəsiz ki, Naftalan dünyanın hər yerində turistlərin xüsusi diqqətinə layiq olan unikal məkandır. Turizm sənayesində çalışan peşəkarların vəzifəsi Naftalanda müalicə olunmaq istəyən insanların axınının artmasına kömək etməkdir. Axı insanlar Naftalana gələndə, demək olar, ümidsiz vəziyyətdə olurlar, amma burada şəfa tapır, gedərkən də möhkəm cansağlığını və ölkəmiz barədə parlaq təəssüratları özləri ilə aparırlar.