18 oktyabr 2023 09:01
1511

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır

2023-cü il ölkəmizin həyatında mühüm hadisələrlə zəngin ildir. Azərbaycanın müstəqilliyinin daimiliyi, bir dövlət olaraq varlığının təsdiqlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin geniş təhlilinə və gənc nəslə çatdırılmasına imkanlar yaradır. Ulu Öndər Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri bu xidmətlərin ölçüyəgəlməzliyinin, yalnız bir il çərçivəsində deyil, nə qədər ki Azərbaycan dövləti, xalqı var hər zaman qürurla qeyd ediləcəyinin təqdimatıdır. Ümummilli Lider Heydər Əliyevə həsr edilən bu ildə Onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümünün qeyd edilməsi də qürurvericidir. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan üçün gördüyü işlərin, yaratdığı möhkəm təməl üzərində uğurların davamını arzuladı və bu istəyini 1 oktyabr 2003-cü il tarixli müraciətində xalqa çatdırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləyən Ulu Öndər belə bir əminliyi də ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev xalqın köməyi və dəstəyi ilə çatdıra bilər.

20 il Ulu Öndər Heydər Əliyevin arzularının reallığa çevrildiyi dövrdür. Amma bu mühüm məqamı qeyd etməliyik ki, bu uğurlara yol açan, onları şərtləndirən, təbii ki, möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, hədəflərə inamla addımlamaqdır. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində yaşananlar çoxəsrlik tariximizin qara səhifəsi kimi vərəqlənir. Həmin illərdə ölkəyə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı böyük faciələrlə, təhlükələrlə üz-üzə qoymuşdu. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, torpaqlarımız işğal olunur, xalq sabaha ümidini itirmişdi. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin məqamda xalq ayağa qalxaraq xilaskarı, Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümü günündə Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra çıxışında söylədiyi “Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Bu, birincisi. İkincisi, Heydər Əliyev çox təvazökar insan idi, heç vaxt təmtəraqlı mərasimlər keçirmirdi. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə,- artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır” fikirləri ilə dahi şəxsiyyətin Azərbaycan üçün gördüyü işlərin, xalqın Ona sevgisinin böyüklüyünü ifadə etdi və Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı Heydər Əliyevsiz dövrünə diqqəti yönəldərək bildirdi ki, həmin illər faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər. Yenə Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq. O vaxt Azərbaycanın dövlət müstəqilliyi əldən gedə bilərdi.

Tarixdə şəxsiyyətlərin rolundan bəhs edərkən bu fikir xüsusi qeyd edilir ki, Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyətdir. Bu fikri təsdiqləyən faktlar saysız-hesabsızdır.

Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ümummilli Lider Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Ümummilli Liderin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri keçmiş İttifaqın xarici siyasəti çərçivəsində də olsa Azərbaycanın beynəlxalq aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. İttifaq respublikalarında, digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın beynəlxalq aləmlə, orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri olan xalq olaraq tanımasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm, mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili xüsusi diqqət mərkəzində idi. Onun Azərbaycan dilinə həqiqi dövlət dili status qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı.  Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi Ümummilli Lider Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir. 

Əvvəldə də qeyd etdiyimiz kimi, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Liderin  ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Ümummilli Lider hakimiyyətə qayıtmaqla Azərbaycanın tarixində yeni bir səhifə açıldı. Dahi şəxsiyyətin gərgin səyləri nəticəsində 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəsə nail olunması ölkəmizin bütün sahələrdə inkişafına geniş imkanlar yaratdı. Ölkə daxilində sabitliyin mövcudluğu iqtisadi əlaqələrin qurulmasında öz sözünü dedi. Belə ki, Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Müstəqlliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Onlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkədə yaradılan sabitlik bu tərəddüdlərin aradan qaldırılmasına səbəb oldu. 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisi idi. Ölkəmiz qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır.

Dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Bu qayıdış, eyni zamanda, başlıca qayəsi müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsasını qoydu. Onun rəhbərliyi ilə Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. Ümummilli Liderin fəal diplomatiyası nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması oldu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri olmadı ki, Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın.

Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyevin siyasi, iqtisadi, mədəni və həyatımızın bütün sahələrində həyata keçirdiyi planlar Azərbaycanın gerçəkliyinə çevrildi. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Dahi şəxsiyyət Azərbaycanı bütün sahələrdə inkişaf etdirərək dünyaya Günəş kimi doğmasını təmin etdi. Onun zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbidir. Azərbaycan xalqının neçə-neçə nəsli Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.     

Azərbaycanın uğurlarında öz payı olan, hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı ilə partiyanın bugünkü və gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Partiya yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etdi, atdığı addımları, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyir. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı partiyanın da həyatında yeni mərhələnin əsasını qoyaraq bugünkü reallıqlara yol açdı. Dövlət başçısı İlham Əliyev bu gün böyük qürur hissi ilə qeyd edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün  proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında mühüm xidmətlərindən biri 2003-cü ildə Azərbaycanın bugünkü və gələcək inkişafını təmin etmək üçün növbəti inam ünvanını dəqiq göstərməsi oldu. 2003-cü ildə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanması Heydər Əliyev yolunun davamı oldu. Bu yol hər an Azərbaycana möhtəşəm uğurlar qazandırır. Cənab İlham Əliyevin Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycana hansı uğurları qazandırdığı göz önündədir. Tarixi Zəfərimiz bu uğurların zirvəsi oldu. 20 illik Prezidentlik dövrünün 17 ilini torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində hazırlıq işlərinə yönəldən dövlət başçısı İlham Əliyev qalib Prezident kimi dünya hərb tarixinə adını qızıl hərflərlə yazdırdı. Ümummilli Lider müstəqilliyimizin, cənab İlham Əliyev torpaqlarımızın xilaskarı kimi tarixə adlarını yazdırdılar. Bu, hər bir Azərbaycanlı üçün qürurvericidir. Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər Lider amilinin hər bir ölkənin, xalqın taleyində roluna işıq salır. Dövlətinin, xalqının gələcəyini düşünən, torpağına, Vətəninə bağlı Liderlər hər zaman ölkəsini yeni-yeni hədəflərə doğru aparır, uğurlarından qürur hissi keçirir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi, ona göstərilən etimadı, inamı doğrultduğu üçün xoşbəxtdir. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağını ucaltmaqdan xoşbəxt nə ola bilər ki?

Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldarkən “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirlərinin davamı olaraq bildirdi ki, o vaxt demişdim nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş bu gün buradayıq, Xankəndidəyik. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə  tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Göründüyü kimi, Heydər Əliyev yolu Azərbaycana daim möhtəşəm uğurlar qazandırır, yeni-yeni hədəflərə çağırış edir. Qarşıdakı dövrün hədəfi isə Qərbi Azərbaycana qayıdışımızdır.

Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri