19 oktyabr 2023 13:37
714

Ulu Öndərin uzaqgörənliyi iqlim dəyişmələri istiqamətində görüləcək işlər üçün zəmin yaratdı- Nazir müavini

"Ulu Öndərin uzaqgörənliyi iqlim dəyişmələri istiqamətində görüləcək işlər üçün zəmin yaratdı".

“İki sahil” xəbər verir ki, bunu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

O, 25 il bundan əvvəl, 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayında Səbail rayonundan nümayəndə kimi iştirak etdiyini xatırladıb: "Unudulmaz xatirələrimi bölüşmək istəyirəm. Azərbaycan qadınları üçün möhtəşəm olan bu tədbirdə mənə Ulu Öndər Heydər Əliyevin unudulmaz çıxışını canlı dinləmək nəsib olmuşdu. Çıxışının sonunda özü şəxsən elan etdi ki, tədbirdən sonra qurultayın çoxsaylı iştirakçıları ilə xatirə şəkli çəkdirəcək. Ümummilli Liderin gərgin iş qrafikinə baxmayaraq, şəkil çəkdirmək üçün qrup-qrup yaxılaşan qadınlarla səmimi söhbəti daim yaddaşımdadır".

“Bu hadisə o zaman mənim kimi gənc olan mütəxəssis üçün böyük bir stimul oldu. Elə həmin illərdə Ulu Öndərin Sərəncamı ilə Azərbaycan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (1995) qoşuldu və Dövlət Komissiyası yaradıldı. 1998-ci ildən ölkənin İqlim Dəyişmələri üzrə Birinci Milli Məlumatının hazırlanması prosesinə digər mütəxəssislərlə yanaşı cəlb olundum. Bu hesabat 2000-ci ildə Konvensiyanın katibliyinə təqdim olundu. Etiraf etmək lazımdır ki, həmin dövrdə iqlim dəyişmələri məsələsi bir çox ölkələrdə dövlət siyasəti səviyyəsinə yüksəlməmişdi. Bu məsələ, əsasən, alimləri narahat edirdi. Bu gün iqlimlə bağlı üzləşdiyimiz risklər onların proqnozları idi. Ulu Öndərin bu sahədə də uzaqgörənliyi iqlim dəyişmələri nəticələrinin Azərbaycan iqtisadiyyatına və əhalinin sağlamlığına mənfi təsirlərinin qarşısını almaq istiqamətində görüləcək işlər üçün zəmin yaratdı”, - nazir müavini vurğulayıb.