Teymur Cəfərov: Ölkədə 250-yə yaxın kəndin qazlaşdırılması texniki və iqtisadi cəhətdən səmərəsizdir
Oktyabrın 27-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirildi.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb. İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirdi ki, bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 96,4 faiz təşkil edir : « Hazırda qazlaşdırma işləri davamlı olaraq həyata keçirilir və 2023-cü lin qazlaşma proqramında 150-yə yaxın kənd və yeni yaşayış massivinin qazla təmin olunması nəzərdə tutulub ki, onlardan 110 kənd və yeni yaşayış massivində daşıyıcı və paylayıcı küçə xətlərinin çəkilməsi qismən başa çatıb.»
Onun sözlərinə görə, daha 40-a yaxın kənd və yeni yaşayış massivində qazlaşdırma işlərinə başlamaq üçün zəruri hazırlıq işləri aparılır və noyabr ayında qeyd olunan yaşayış məntəqələrində qazlaşma işlərinə başlanılacaq: «Ola bilsin ki, bunların bir qisminin tamamlanması gələn ilin birinci rübündə reallaşsın.»
Şöbə rəisi xüsusi vurğulayıb ki, ölkə ərazisində 900-ə yaxın qazlaşmamış yaşayış məntəqəsi var ki, bunların 250-yə yaxınının qazlaşdırılması texniki və iqtisadi cəhətdən səmərəsizdir: «Lakin qalan yaşayış məntəqələrinin qazlaşdırılması «Azəriqaz» İB-nin maliyyə resursları hesabına mərhələli olaraq aparılacaq».
Teymur Cəfərov bildirdi ki, «Azəriqaz» bəzi yerlərdə sakinlərə qaz çəkilişindən ona görə imtina edir ki, həmin ərazilər SOCAR-ın istehsalat sahələrinə aiddir. Bu barədə SOCAR-ın hazırladığı xüsusi xəritə var və həmin xəritəyə uyğun olaraq qaz çəkilişlərinin aparılması qadağan edilib.
«Azəriqaz» İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərin suallarını cavablandıraraq bildirdi ki, Birlik qış aylarına ciddi hazırlaşıb: « Əvvəlcədən deyə bilərəm ki, əgər fors-major hallar baş verməsə abonentlərin fasiləsiz və təhlükəsiz təbii qazla təminatında heç bir problem yaşanmayacaq.»
Eldəniz Vəliyev, həmçinin vurğuladı ki, hazırda SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin «Azəristiliktəchizat» ASC ilə heç bir problemi yoxdur: « Bildirmək istəyirəm ki, ötən illərdə «Azəristiliktəchizat»ın debitor borcları illərlə yığılıb qalırdı, lakin iki il bundan əvvəl bu qurumda struktur dəyişiklikləri baş verəndən sonra borc sistematik və mərhələli şəkildə ödənilməyə başladı. Əgər 2021-2022-ci illərin istilik mövsümündə «Azəristiliktəchizat»ın istifadə edilmiş qaza görə «Azəriqaz»a debitor borcu ilə bağlı məsələ gündəm idisə, sonra bu problem öz həllini tapdı. Düzdür, hələlik debitor borcunun sıfırlanmasından söhbət gedə bilməz, amma çox cüzi məbləğlər var ki, onlar da zaman-zaman, sistemli şəkildə odənilir».
Elçin Zaman, «İki sahil»