14 noyabr 2023 16:00
315

Sahibə Qafarova deputatlara irad bildirib

Milli Məclisin sədri Sahibə Qafarova deputatlara irad bildirib.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Sahibə Qafarova deyib ki, tənqiddən tənqidə fərq var.

“Siz narahat olmayın, dövləti pis vəziyyətdə qoya bilməzsiniz. Siz büdcə haqqında bir söz dediniz? Xankəndi büdcəsi haqqında bir söz dediniz? Biri deyir biz camaatdan qaçırıq. Kim qaçır dövlətdən? Bu qədər xalqla yaxın olan deputatlar olub?! Niyə məni bunu deməyə məcbur edirsiniz? Siz (red.-Razi Nurullayev) xahiş edirəm çıxışınızın stilistikasına düzəliş edəsiniz. Siz dövlət qurumlarını, nazirlikləri qoçuluqda ittiham edirsiniz?! Nədə ittiham edirsiniz?”, - deyə Sahibə Qafarova bildirib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deputatların və məmurların, nazirlərin xalqdan qaçdığını bildirib. Deputat Razi Nurullayev isə“qeyd edib ki, bir sıra dövlət institutunda müavinlik institutu işləmir, bu da yolverilməzdir: “Vəzifəli şəxslər qurumun adındakı dövlət sözünü monitorinq və nəzarət kimi başa düşürlər. Dövlət qurumlarının hamısı az qala istintaq orqanı kimi fəaliyyət göstərir. Onlara imkan verilsə, nəzarətə nəzarət də yaradarlar. Bu cür süründürməçilik sistemi xalqı narazı salır. Dövlət Reklam Agentliyi qoçuluq edir”.