ABŞ, Fransa, Kanada və bu kimi digər Qərb subyektlərinin müasir Qafqaz siyasəti orta əsrin səlibçilik təfəkküründən fərqlənmir.
“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat deyib ki, sadəcə, 600-700 il öncədən fərqli olaraq Qafqaza bu dəfəki hücumlar daha təhlükəli və daha dağıdıcıdır: “Şübhəsiz ki, bu beynəlxalq subyektlərin Qafqazda əsas hədəfi Qərbdən asılı olmayan, müstəqil siyasət yürüdən Azərbaycandır. Qərbin Cənubi Qafqazda əsl niyyəti Azərbaycanın Vətən Müharibəsində qələbəsindən sonra üzə çıxmağa başladı. 2020-ci ilin noyabrından sonra artıq daha aydın formada məlum oldu ki, ABŞ, Fransa və bu orbitdə olan digər subyektlər üçün əslində Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik, dövlətlərin əməkdaşlığı yox, münaqişə ocaqlarının mövcudluğu daha önəmlidir. Çünki Qərb üçün regionda zəif və aciz dövlətlər üzərində söz sahibi olmaq, neoimperialist niyyətlərini reallaşdırmaq daha asandır. Lakin cənab İlham Əliyevin bütün maneələrə baxmayaraq formalaşdırdığı geosiyasi konfiqurasiya qeyd edilən qlobal güclərin planlarını puça çıxardı. Proqnozlaşdıra bilmədiyi reallıq qarşısında aciz qalan Qərb faktiki olaraq açıq mübarizəyə keçdi. İlk növbədə, Azərbaycan və Ermənistan arasında sülh prosesini nəzarətə götürməklə Qərb Vətən müharibəsindən sonra mövcudluğunu qorumağı bacaran separatçı rejimin və Azərbaycan ərazisində qalan Ermənistan ordusunun hissələrinin Qarabağda saxlanmasına cəhdlər göstərdi. Hətta bunun üçün Ermənistana Avropa İttifaqının “mülki” statusda hərbçilərdən ibarət müşahidə missiyası yerləşdirildi. Lakin Qalib ölkə, müzəffər Lider, təbii ki, yeni uğursuz status-kvoya yol verə bilməzdi. Zəfərimizdən sonra istər Qarabağ iqtisadi rayonumuzda, istərsə də Ermənistanla şərti sərhədlərdə həyata keçirilən cəza tədbirləri, bu ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi ilə sərhəd bütövlüyünün təmin olunması, ən mühümü, iki ay öncə lokal xarakterli antiteror tədbirləri ilə ölkənin bütün ərazisində konstitusiya quruluşunun bərqərar edilməsi Azərbaycanın diqtəedici rolunu daha da möhkəmlədirdi”.
Bəhruz Məhərrəmov qeyd edib ki, nəticə etibarilə bu gün ABŞ və Fransa başda olmaqla, bir sıra Qərb subyektləri Azərbaycana qarşı açıq mübarizəyə start verdilər: “Hətta əvvəllər yalnız ayrı-ayrı senatorlar və hökumətə dolayısı ilə bağlı olan QHT və media strukturları vasitəsilə ifadə olunan hücumlar artıq ABŞ Dövlət Departamenti və Fransa, Kanadanın, o cümlədən Avropa İttifaqının xarici siyasət strukturlarının rəsmilərinin də dilindən səslənməyə başladı. Beynəlxalq hüquq adına min kilometrlərlə məsəfələrdəki xalqlara hücumlar edən, qoşun yeridən bu neoipmerialist subyektlər bu gün Azərbaycanı beynəlxalq hüququn aliliyini təmin etməkdə, özünün ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunu bərqərar etməkdə təqsirləndirir. Məhz bu ədalətsiz, beynəlxalq hüquqa zidd mövqeni müdafiə etmək üçün Qərb artıq davranışlarında sərhəd tanımır. Bu gün Fransa açıq şəkildə 30 il işğalı davam etdirmiş, Azərbaycan ərazilərində ekosid, kulturasid, urbisid törətmiş, BMT Təhlükəsizlik Şurasının Qətnamələri ilə işğalçı kimi tanınan Ermənistanı silahlandırır. Paşinyan Fransaya dəvət olunur, Ermənistanın müdafiə naziri NATO-nun mənzil-qərargahında bu qurumun rəhbərləri ilə görüşür, Şimali Atlantika Alyansı bu ölkə ilə bağlı genişmiqyaslı hərbi proqram həyata keçirməyə hazırlaşır, Ermənistanın xarici işlər naziri Avropaya çağırılır, bir zamanlar Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə Brüssel təşəbbüslərini başladan Avropa İttifaqı artıq Ermənistandakı hərbiləşmiş missiyasını genişləndirməkdədir. Hətta İttifaqla faktiki hüquqi bağı olmayan Kanadanın artıq missiyada iştirakı, hətta ABŞ-nin bu missiyaya daxil olacağı barədə kluarlarda gəzən söhbətlər prosesin təhlükəli həddə doğru inkişafından xəbər verir. Ola bilsin ki, ABŞ də, Fransa da Ermənistanda Rusiyadan “boşalan” yeri doldurmaq niyyəti ilə bu addımları atır, lakin alət kimi Ermənistanın istifadə olunması bölgəyə müsbət heç nə vəd etmir. Qərb bir çox regionlara demokratiya adı altında faciə və fəlakətlər apardığı kimi, Ermənistana, bununla da Cənubi Qafqaza “Rusiya təsirindən qurtarma” adı altında qarşıdurma, yeni münaqişə elementləri gətirir. Açıq-aydın görünür ki, Qərb Ermənistanı yeni müharibəyə hazırlamağa çalışır və ümumilikdə regionu yeni kataklizmlərin mərkəzinə çevirməyi planlayır. Mübaliğəsiz deyə bilərik ki, Cənubi Qafqaz soyuq müharibənin gərgin dönəmlərində Qərb və Şərqin qarşıdurmasının gərginləşdiyi mərhələni xatırladır. Lakin, ikili və riyakar standartlarla davranan Qərb unutmamalıdır ki, nə dövr həmin dövr deyil, nə də dövlətlər o dövlətlər deyil. Bu gün regionda maraq və milli mənafelərini təmin etməyə qadir hərbi-siyasi güc kimi özünü təsdiq etmiş Azərbaycan var. Azərbaycan heç bir yad ünsürə, heç bir Qərb subyektinə Cənubi Qafqazı yenidən bölmək, regionun imperializmin məqsədlərinə xidmət edən yeni xəritəsini cızmağa, regionun Ukraynanın durumuna salınmasına imkan verməyəcək. Regionda yaranmalı olan yeni reallıq artıq yaranıb”.