16 noyabr 2023 16:47
355

ABŞ güclü və müstəqil Azərbaycan dövlətini qəbul edə bilmir - Kamran Bayramov

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi”  adlı dinləmələr keçirilib. Həmin dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn bir sıra bəyanatlar səsləndirib. Bu bəyanatlar qərəzli və anti-Azərbaycan xarakterli olub. Son dövrlərdə ABŞ rəsmilərinin Azərbaycana qarşı bu cür bəyanatları heç də sürpriz deyil. Artıq bir neçə dəfə dövlət rəsmiləri Azərbaycana qarşı qərəzli fikirləri söyləyiblər. Əvvəla onu qeyd edim ki, tədbirin adı Azərbaycana qarşı qərəzi ortaya qoyur və ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlikdir. Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Bu gün Azərbaycanın  Qarabağ İqtisadi Rayonu var, amma belə görünür ki, ABŞ bunu həzm edə bilmir, reallıqla barışa bilmir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, ümumiyyətlə, ABŞ, Fransa kimi Qərb dövlətləri ölkəmizin Cənubi Qafqaz regionunda yaratdığı  reallıqları güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmirlər.  Unutmayaq ki, ABŞ  30 ilə yaxın müddət ərzində keçmiş Qarabağ münaqişəsinin nizamlanması mandatına malik olan ATƏT-in Minsk qrupunda həmsədr  vəzifəsini daşıyırdı. Amma, bu, müddət ərzində sülhə nail olunması istiqamətində heç bir addım atmadı. ABŞ bir dəfə də olsun işğalçı Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. ABŞ-ın bu mövqeyi sülhə xidmət etmir.

Deputat qeyd edib ki, bu cür qərəzli dinləmələr Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki nə ABŞ, nə də onun qurumları qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur, olmayıb və olmayacaq. Bu qüvvələr anlamalıdırlar ki, heç kim Azərbaycanla bu cür ultimatum, təzyiq, təhdid dilə danışa bilməz. Unutmayaq ki, ABŞ bu gün nəinki Cənubi Qafqaz regionunda, dünyanın müxtəlif bölgələrində müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrinə şərait yaradan bəyanatlar səsləndirir, tədbirlər  görürlər. Amma, Azərbaycanla bu məsələ keçməyəcək. Azərbaycan müstəqil, suveren dövlətdir, öz müstəqil  xarici siyasət xətti var. Bu siyasət cənab Prezident tərəfindən yüksək səviyyədə və cəsarətlə həyata keçirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”