18 noyabr 2023 11:00
382

Birlikdə daha böyük uğurlara imza atacağıq

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində üçtərəfli təmasın qurulmasına xidmət edən Anlaşma Memorandumunun imzalanması bunu böyük əminliklə söyləməyə əsas verir

Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu böyükdür. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycanın hər bir uğurunda öz payı, rolu vardır. Beynəlxalq əməkdaşlığın yeni prioritetlər üzrə inkişaf etdirilməsi, ölkələr arasında əlaqələrin inkşafına töhfələrin verilməsi partiyanın fəaliyyətinin əsas tərkib hissələrindən biridir. Yeni Azərbaycan Partiyası daim müasir dünyanın çağırışlarını yüksək dəyərləndirərək əməkdaşlıq imkanlarından maksimum istifadə edir və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına öz töhfələrini verir. Milyonların sevgisini qazanan, eyni zamanda, beynəlxalq nüfuzu ilə diqqətdə olan Yeni Azərbaycan Partiyası müxtəlif ölkələrin hakim siyasi partiyaları və demokratik təsisatları ilə əlaqələrini daha da inkişaf etdirir. YAP-ın əlaqələrində dost, qardaş Türkiyənin, MDB ölkələrinin, Avropa və Asiyanın bir sıra siyasi partiyaları, qurumları ilə əməkdaşlıq prioritetdir. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Həmçinin həmin səfərlər çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində hüquqi baza rolunu oynayan sənədlər imzalanır.

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olmuşdur. Hər bir səfər müzakirə olunan məsələlər, gələcəklə bağlı müəyyənləşdirilən prioritetlər baxımından xüsusi diqqət çəkir. Səfər çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar YAP nümayəndə heyətini qəbul etmişdir. Ersin Tatar xalqlarımız arasında qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu və nümunəvi xarakter daşıdığını vurğulamışdır. O, bu ilin oktyabr ayında rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğunu məmnunluqla xatırlayaraq Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərin önəmini diqqətə çatdırmışdır. Türk xalqları arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin böyük əhəmiyyətə malik olduğunu söyləyən Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) bu baxımdan önəmli platforma olduğunu qeyd etmişdir. O, TDT-nin 2022-ci ilin noyabr ayında Səmərqənddə keçirilən IX Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən bəhs etmişdir. Azərbaycanın qardaş dəstəyinin Şimali Kipr Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyi bildirildi. “Türkiyə ilə bərabər Azərbaycan da Şimali Kipr türklərinin yanındadır. Buna görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına sonsuz dərəcədə minnətdarıq” deyən E.Tatar Azərbaycanın suverenliyini və konstitusiya quruluşunu bərpa etməsini tarixi hadisə kimi dəyərləndirmişdir. Şimali Kipr Türk xalqının Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirən Ersin Tatar “Sizin qətiyyətli mübarizəniz, Qarabağ Zəfəriniz bizi ürəkdən sevindirib. Şimali Kipr xalqı hər zaman yanınızdadır” söyləmişdir.

Dəvətə, səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası adından və öz adından təbriklərini çatdıraraq YAP nümayəndə heyətinin ötən ilin dekabr ayında Şimali Kipr Türk Cümhuriyyətinə səfərini məmnunluqla xatırlamışdır. Tahir Budaqov müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu, xalqlarımız arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının mühüm əhəmiyyət daşıdığını, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dost ölkə və xalqlarla, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini, türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirdiyini xüsusi qeyd etmişdir. O, TDT-nin IX Zirvə görüşündə Türkiyə ilə Azərbaycanın ortaq mövqeyi və siyasi iradəsi əsasında Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının mühüm tarixə hadisə kimi böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd etmişdir ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, uzun müddət davam edən işğal faktına və separatizmə birdəfəlik son qoyması bütövlükdə regionda yeni situasiya yaradıb. Həm respublikamız, həm də bölgə dövlətləri, o cümlədən dost və tərəfdaş ölkələr üçün yeni perspektivlər müəyyən edib. “Azərbaycanın formalaşdırdığı yeni geostrateji reallıqlar türk dünyasında da etibarlı təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi baxımından xüsusi önəm daşıyır, regiona rifah və inkişaf vəd edir” deyən Tahir Budaqov xalqlarımızın bundan sonra da sıx əməkdaşlıq və birgə təşəbbüslər nəticəsində mühüm nailiyyətlər qazanacaqlarına əminliyini ifadə etmişdir.

Səfərin əhəmiyyətini əks etdirən mühüm məqam təbii ki, münasibətlərin gələcək inkişafında hüquqi baza olan sənədin imzalanmasını qeyd etməliyik. Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası (AK Parti) və Şimali Kipr Türk Cümhuriyyətinin hakim Ulusal Birlik Partiyası (UBP) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi olmuşdur. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası adından təbriklərini çatdırmışdır. O, Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında münasibətlərin inkişafının mühüm prioritetlərdən biri olduğunu diqqətə çatdırmışdır. 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan, işğal faktını və separatizmi birdəfəlik aradan qaldıraraq ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regional və beynəlxalq miqyasda önəmli geostrateji reallıqlar formalaşdırdığını vurğulayan Tahir Budaqov ölkəmizin tarixi Zəfərinin türk dövlətləri üçün də yeni imkanlar və perspektivlər yaratdığını bildirmişdi. YAP Sədrinin müavini mövcud gerçəkliklər fonunda türk dövlətlərinin ortaq hədəflərə yönəlik birgə təşəbbüslərinin olduqca önəmli olduğunu, bu kontekstdə türk dövlətlərinin hakim siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin də zəruriliyini söyləmişdir. 2021-ci il iyunun 2-də Əməkdaşlıq Protokolu imzalayan və ötən müddət ərzində ortaq maraqlara əsaslanan mühüm tədbirlər reallaşdıran Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının münasibətlərinin nümunəvi xarakter daşıdığını diqqətə çatdıran Tahir Budaqov yeni mərhələdə YAP, AK Parti və UBP arasında üçtərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etmişdir. YAP Sədrinin müavini diqqətə çatdırmışdır ki, Anlaşma Memorandumu çoxşaxəli işbirliyinin əsas istiqamətlərini və prioritetləri müəyyənləşdirən çox önəmli sənəddir. “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü, Şimali Kipr Türk Cümhuriyyətinin isə 40-cı ildönümlərində qardaş xalqların hakim siyasi partiyaları arasında Anlaşma Memorandumunun imzalanması mühüm mənəvi-siyasi əhəmiyyətə malik hadisə kimi tarixi önəm daşıyır”, - deyə YAP Sədrinin müavini bildirmişdir. Memorandumdan irəli gələn vəzifələrin icra olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, ortaq maraqlara əsaslanan tədbirlərin reallaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması xalqlarımız arasında əməkdaşlığın dərinləşməsinə töhfə olacaq, partiyalararası münasibətlərə dinamizm gətirərək müştərək hədəflərə çatmağa imkan verəcək.

AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında əlaqələrin inkişafının siyasi öncəliklərdən biri kimi diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Azərbaycanın Qarabağ Zəfərinin regionda yeni nizam yaratdığını söyləyən Efkan Ala ölkəmizin suverenliyini tam bərpa etməsini tarixi hadisə kimi dəyərləndirmişdir. Azərbaycan ilə Türkiyənin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini diqqətə çatdıran AK Parti Sədrinin birinci müavini türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirmişdir. “Yeni dönəmdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında münasibətlərin inkişafı maraqlarımızın təmin olunması və strateji hədəflərin reallığa çevrilməsi baxımından böyük əhəmiyyət daşıyır” söyləyərək onu da əlavə etmişdir ki, iqtidar partiyaları arasında münasibətlərin inkişafı bu prosesə layiqli töhfə olacaq.

Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətindən bəhs edən Efkan Ala “Memorandumda əksini tapan məsələlər bizim niyyətimizi – ortaq dəyərlərə və milli maraqlara əsaslanan münasibətlərin inkişafı istiqamətində iradəmizi əks etdirir, qarşıdakı dövr üçün hədəflərimizi müəyyən edir. Üçtərəfli təmasların sıxlaşdırılması çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinə etibarlı zəmin yaradır. Anlaşma Memorandumu hakim partiyalar arasında məqsədyönlü işbirliyinin yol xəritəsi olacaq, sənəddə əks olunan öhdəliklərin yerinə yetirilməsi bizə yeni uğurlar qazandıracaq” söyləyərək sənədin gələcək əlaqələrin inkişafında yol xəritəsi olduğunu vurğulamışdır.

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstel beynəlxalq münasibətlər sistemində hazırkı reallıqlar fonunda türk dünyasının yeni çağırışlarla üzləşdiyini diqqətə çatdırmışdır. Belə bir şəraitdə türk xalqlarının həmrəylik nümayiş etdirməsinin və səmərəli, nəticəyönümlü əməkdaşlıq qurmasının vacib prioritetlərdən olduğunu bildirən Ünal Üstel Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin bütövlükdə türk dünyası üçün müstəsna əhəmiyyət daşıdığını vurğulamışdır. Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin qardaşlıq nümunəsi ortaya qoyaraq münasibətlərin inkişafına xüsusi önəm verdiklərini və prinsipial mövqe nümayiş etdirdiklərini söyləyən Baş nazir hakim partiyalar arasında münasibətlərin xalqlarımızın maraqlarının təmin olunmasına yönəldiyini xüsusi qeyd etmişdir. “Ulusal Birlik Partiyası AK Parti və Yeni Azərbaycan Partiyası ilə münasibətlərin inkişafında son dərəcə maraqlıdır” deyən partiya sədri Anlaşma Memorandumunun yeni formatda - üçtərəfli əlaqələr müstəvisində əməkdaşlığa təkan verəcəyini bildirmişdir. “Biz bu gün xalqlarımızın maraqlarının, partiyalarımızın hədəflərinin dəqiq əks olunduğu Anlaşma Memorandumu imzalamaqla qarşılıqlı faydalı əməkdaşlığın möhkəm əsaslarını yaradırıq. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq”, - deyə Ünal Üstel bildirmişdir.

Memorandumu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, UBP-nin Sədri Ünal Üstel imzalamışlar.

Səfər çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə YAP nümayəndə heyəti və qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Alanın rəhbərlik etdiyi AK Parti nümayəndə heyəti arasında görüş keçirilmişdir. Diqqətə çatdırılmışdır ki, YAP nümayəndə heyətinin 2022-ci ilin dekabr ayında Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində keçirilmiş üçtərəfli görüş yeni formatda işbirliyinin əsaslarının yaradılması baxımından mühüm əhəmiyyətə malik oldu və ötən müddət ərzində təmasların sıxlaşdırılması istiqamətində səmərəli fəaliyyət həyata keçirildi. Bildirilmişdir ki, Azərbaycanın şanlı Zəfəri - ərazi bütövlüyünün və suverenliyinin tam bərpası nəticəsində yaranmış reallıqlar fonunda türk dünyasında da münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, eyni zamanda, dost və qardaş xalqlar yeni çağırışlarla üzləşiblər. Belə bir şəraitdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin hakim partiyaları arasında əməkdaşlığın dərinləşdirilməsi xüsusi önəm daşıyır. Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər müzakirə olunmuşdur.

Səfər zamanı nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümü münasibətilə keçirilən təntənəli Cümhuriyyət yürüşündə də iştirak etmişdir. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın təbrik qəbulunda və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü anma mərasimində iştirak edən YAP nümayəndə heyəti Şimali Kipr Türk xalqının azadlıq mübarizəsinin öndərlərindən olan Fazil Küçükün adını daşıyan Bulvarda təşkil edilmiş hərbi keçidi izləmişdir. Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın, Baş nazir Ünal Üstelin və Cümhuriyyət Məclisinin Sədri Zorlu Törenin adından verilən rəsmi ziyafətlərdə iştirak etmişdir. Bununla yanaşı, Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Rauf Denktaşın və Şimali Kipr Türk xalqının azadlıq mübarizəsinin öndərlərindən olan Fazil Küçükün məzarları ziyarət edilmişdir.

ŞKTC-nin 40-cı ildönümü - Cümhuriyyət bayramı münasibətilə təşkil olunan rəsmi tədbirlərə qatılan nümayəndə heyəti, həmçinin Azərbaycandan Xəzər Universitetinin də komandasının təmsil olunduğu "15 Noyabr - Universitetlərarası Cümhuriyyət Kuboku" basketbol yarışının mükafatlandırma mərasimində iştirak etmişdir.

Göründüyü kimi, səfərin proqramı olduqca zəngin olub. Səfər çərçivəsində hər bir görüş, hər bir tədbir münasibətlərin inkişafına, qarşıya qoyulan hədəflərə doğru atılan addım, yeni çağırış kimi dəyərləndirilir.

Hazırkı dövrdə türk dünyasının birliyinin, həmrəyliyinin əsas çağırışlar sırasında olduğunu nəzərə alsaq, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə əlaqələrin inkişafına müxtəlif səviyyələrdə töhfələrin verilməsi təqdirəlayiqdir. Türk dünyası böyük ailədir. Bu ailəni daha da möhkəmləndirmək, dəyərləri qorumaq hər bir türk dövlətinin vəzfəsidir. Azərbaycanın türk dünyasının birliyinə töhfələri davamlılığı ilə diqqətə olub. Dövlət başçısı İlham Əliyev istər ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə, istərsə də bu ilin noyabrın əvvəlində Astanada “Türk Əsri” çağırışı altında keçirilən 10-cu Yubiley Zirvə görüşündə bu reallığı xüsusi qeyd etmişdir ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə dövlət başçısı İlham Əliyev belə bir çağırışı da etmişdir ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: “Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.”

Bu hədəflərə nail olmaq üçün birgə çalışmalı, səylərimizi daha da artırmalıyıq. “Biz birlikdə güclüyük!” çağırışı bütün dövrlərdə aktuallığını qorumaqla yanaşı, hədəflərə doğru birgə addımlamağımıza böyük stimuldur.

Yeganə Əliyeva, “İki sahil”