21 noyabr 2023 01:57
280

Ondan bizə “yar” olmaz...

Avropa İttifaqı öz prinsiplərindən əl çəkib, Fransanın maraqlarının təmsilçisi kimi çıxış edir

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını ləngidən əsas amillərdən biri danışıqlarda vasitəçilik missiyasını öhdəsinə götürməyə çalışan beynəlxalq aktorların hadisələrə ikili standartlarla yanaşmasıdır. Xüsusilə ermənipərəst Makron Fransasının oyuncağına çevrilməklə ilk görüşlərdə nümayiş etdirdiyi ədalətli mövqeyini dəyişmiş Avropa İttifaqının (Aİ) “Cənubi Qafqazda sülh səyləri” indi o qədər də inandırıcı görünmür. Yəni, Azərbaycan və Ermənistan liderlərinin sözügedən qurumun təşəbbüsü ilə baş tutmuş ilk görüşləri zamanı Aİ Şurasının Prezidenti Şarl Mişelin “ev sahibi” qismində regionda yaranmış yeni reallıqlara daha obyektiv və ədalətli mövqe sərgiləməsi danışıqların da konstruktiv əhval-ruhiyyədə keçməsinə şərait yaratmışdı. Məhz həmin görüşlərdə müəyyən, hətta ciddi irəliləyişlərə nail olunmuş, Ermənistanın baş naziri ölkəsinin Qarabağ və anklavlar da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi ki, bu da sülh müqaviləsinin imzalanmasına böyük inam yaradırdı. Ancaq Fransanın özünü zorla oyuna pərçim etmək cəhdlərinin ardınca Aİ-nin neytral vasitəçiliyi tezliklə yerini ikili yanaşmalara, Ermənistanın lehinə davranışlara verdi. Bu, özünü həm öz doğma torpaqlarından zorla deportasiya edilmiş yüzminlərlə Qərbi azərbaycanlılarla müqayisədə Qarabağı könüllü, öz azad iradələri ilə tərk etmiş ermənilərə münasibətdə, həm də düşmən ölkəni silahlandırmaqla revanşizmin artmasına rəvac vermək, bölgədə vəziyyəti gərginləşdirmək cəhdlərində açıq şəkildə göstərməkdədir. İndi artıq heç kimə sirr deyil ki, bir tərəfdən Cənubi Qafqazda dayanıqlı sülhə töhfə verməyə hazır olduğunu bəyan edən Aİ, digər tərəfdən Ermənistana dəstək nümayiş etdirir, çoxillik münaqişənin baiskarı olan işğalçı törətdiklərinin cəzasını çəkmək əvəzinə sanki mükafatlandırılır.

Rəsmi İrəvanla Aİ arasında noyabrın 20-də Ermənistan-Azərbaycan sərhədində qurumun müşahidə missiyasının statusu ilə bağlı imzalanan saziş ilk baxışdan üçüncü ölkəyə qarşı atılmış addım kimi görünməklə yanaşı, həm də əslində, sülh danışıqlarına ciddi maneə yarada bilər. Əvvəla, ona görə ki, Aİ Xarici İşlər Nazirləri Şurasının 17 oktyabr 2022-ci il tarixli qərarı ilə yaradılmış və bu ilin fevralından fəaliyyətə başlamış missiya adında qeyd ediləndən fərqli olaraq “mülki” deyil. Ermənistanda olduqları müddətdə baş verən hadisələrə yanaşmaları da Avropa ölkələrinin güc və xüsusi xidmət orqanlarının keçmiş, bəlkə də hazırkı əməkdaşlarından ibarət yüz nəfərlik missiyanın regiona sadəcə mülki nümayəndələr kimi “müşahidələr aparmağa” gəlmədiklərini göstərdi.

İkincisi, missiya Ermənistanla Azərbaycan arasında hələ dəqiqləşdirilməmiş sərhəd xəttində fəaliyyət göstərir. Özü də Azərbaycanın razılığı olmadan. Sərhədlərin delimitasiyasının və demarkasiyasının aparılmadığını nəzərə alsaq Aİ-nin “mülki” missiya adı altında belə bir addımı vasitəçilik və ədalətli yanaşma prinsipləri ilə daban-dabana ziddiyyət təşkil edir. Elə imzalanma mərasimindəki çıxışında Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos da etiraf edib ki, “bu missiya artıq Ermənistana sabitlik və təhlükəsizlik baxımından çox şey verib”. Göründüyü kimi, Aİ-ni hər iki münaqişə tərəfinin deyil, yalnız Ermənistanın təhlükəsizliyi maraqlandırır. Hansı ki, öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edənə qədər Azərbaycan Ermənistanın işğalı ilə üzləşib. Yəni, potensial təhlükə elə Ermənistanın özüdür...

Aİ-nin Cənubi Qafqazdakı proseslərə ədalətsiz yanaşması qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın “Armenpress”ə müsahibəsində də açıq şəkildə özünü büruzə verir. Cənab Klaar bəzi məqamlarda erməni jurnalistin qərəzli, yönəldici suallarını sanki erməniəsilli şəxs kimi cavablandırıb. Məsələn, Qarabağı könüllü tərk etmiş ermənilər haqqında danışan diplomat bildirib ki, onların geri qayıtmaları çox ciddi məsələdir. İlk növbədə həmin ermənilərin geri qayıtmaq hüququ təmin edilməlidir. İkincisi isə geri qayıtmaq istəyənlər üçün kifayət qədər təhlükəsizlik şəraiti yaradılmalıdır. Ancaq nədənsə, Qərbi Azərbaycandakı doğma ev-eşiklərindən zorla, qətliamlarla qovulmuş soydaşlarımızın da ləyaqətli şəkildə geri qayıtmaq hüquqlarının təmin edilməsindən, onlar üçün də təhlükəsizlik şəraitinin yaradılmasından danışmaq Toivo Klaarın yadından çıxıb. Axı niyə? Məgər insan haqları ilə bağlı hansı beynəlxalq qanunvericilikdə yazılıb ki, öz xoşu ilə gedən üçün bu qədər narahat olmaq lazımdır, ancaq minillərlə yaşadığı torpaqlardan zorla qovulanlara belə biganə münasibət bəslənməlidir? Bunun ədalətli yanaşma olmadığını, Aİ-nin insan haqları ilə bağlı prinsiplərinə zidd olduğunu çox təcrübəli diplomat olan Klaar da yaxşı bilir. Ancaq nədənsə könüllü ermənilər üçün bir, zorla qovulmuş azərbaycanlılar üçün isə başqa standart sərgiləyir.

Bütün bu amillər Aİ-nin nüfuzunu zədələdiyi kimi, qurumun vasitəçilik missiyasına olan inamı da azaldır. Avropa İttifaqı nə qədər ki araqarışdıran Fransanın maraqlarının təmsilçisi kimi çıxış edəcək, ondan bizə vasitəçi olmaz. Obrazlı desək, ondan bizə “yar” olmaz...

Mahir Rəsuloğlu, “İki sahil”