Müasir dünyamızda statistik məlumatlar ölkənin ictimai həyatının bütün aspektlərini düzgün təsvir etməklə dövlətin idarə olunmasında mühüm rol oynayır. Çünki idarəetmə qərarlarının düzgünlüyü onun əsaslandığı məlumatlardan asılıdır. Cəmiyyət inkişaf etdikcə məlumatların toplanılması, hadisələrin kəmiyyətcə qiymətləndirilməsi, təhlili və sistemləşdirilməsi statistik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Dövlət idarəetməsində müxtəlif hədəflərə nail olmaq üçün statistikaya olan tələbat tarixən onun elmi nəzəri əsaslarla formalaşmasına və riyazi üsullarla inkişafına səbəb olmuşdur. Statistikanın həm nəzəri cəhətdən inkişafı, həm də cəmiyyətin müxtəlif sahələrində praktiki tətbiqi onun inkişafında yeni mərhələ olmuşdur. Keçən əsrdə baş vermiş iqtisadi böhranlar, dünya müharibələri və texnoloji inkişaf statistik məlumatlara olan tələbatı daha da artırmışdır.
Statistik məlumatlar cəmiyyətin bütün sahələri üzrə qərarların qəbul edilməsində mühüm bir vasitədir. Bununla yanaşı dövlət idarəetməsi, dövlət büdcəsinin formalaşması, iqtisadi planların hazırlanması, sosial proqramların icrası zamanı əhatəli, dezaqreqasiya olunmuş statistik məlumatların mövcudluğu böyük əhəmiyyət daşıyır. İqtisadi tərəfdən statistika inflyasiya, işsizlik, ixrac-idxal göstəricilərinin müəyyən edilməsində və biznes mühitinin inkişafında əsas sayılır. Bundan başqa, xəstəliklərin yayılma dinamikası, ölümün səbəbləri, eləcə də digər tibbi göstəricilər barədə statistik məlumatlar əldə edilərək səhiyyə siyasətinin düzgün icrası həyata keçirilir. Təhsil müəssisələrinin sayı, şagird-müəllim nisbəti və digər göstəricilər təhsil siyasətinin inkişafında baza rolunu oynayır. Həmçinin statistik metodlarla həyata keçirilən sorğular, statistik müşahidələr və ictimai rəyin öyrənilməsi əhalinin mövcud vəziyyəti və ehtiyacları barədə aydın təsəvvür yaradır. Nəticə olaraq dolğun və müfəssəl məlumat bazalarına malik olmaq cəmiyyətin inkişafında düzgün qərar və strategiyaların qəbul edilməsi üçün əsas şərtlərdən biri olmuşdur. Müasir dövrdə bu fəaliyyətin əsas icraçılarından sayılan milli statistika orqanlarının üzərinə böyük məsuliyyət düşür. Beləliklə, statistika həm dövlət, həm də vətəndaşlar üçün obyektiv məlumat mənbəyi hesab edilmiş olur.
Məhz qeyd olunanları nəzərə alaraq statistikanın cəmiyyət arasında strateji əhəmiyyətə malik olması nəticəsində Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 20 oktyabr – Ümumdünya Statistika Günü elan edilib. Ümumdünya Statistika Günü” ilk dəfə 2010-cu ildə qeyd olunmağa başlayıb və hər beş ildən bir beynəlxalq miqyasda müxtəlif şüarlarla həyata keçirilir. 2025-ci ilin 3-7 mart tarixlərində Nyu-York şəhərində BMT-nin Statistika Komissiyasının 56-cı sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilmişdir. “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı sessiya çərçivəsində cari ildə qeyd olunacaq Ümumdünya Statistika Gününün şüarı seçilmişdir. Bu günün qeyd olunmasının məqsədi statistikanın əhəmiyyətini cəmiyyətə tanıtmaq, şəffaf və dolğun məlumatların vacibliyini, statistik məlumatların dövlətin və cəmiyyətin inkişafı üçün nə qədər faydalı olduğunu vurğulamaqdır. Ümumdünya Statistika Günü ilə bağlı keçirilən tədbirlər vasitəsilə beynəlxalq ictimaiyyət statistika orqanlarında çalışan əməkdaşların fəaliyyətinə diqqət yetirir və onların cəmiyyətin inkişafına verdiyi töhfələrini yüksək qiymətləndirir. Statistika qloballaşan dünyada beynəlxalq əməkdaşlığın əsas alətlərindən birinə çevrilir. Bu baxımdan Ümumdünya Statistika Günü həm beynəlxalq əhəmiyyət daşıyır, həm də dövlətlərin inkişaf strategiyasında mühüm yer tutur.
Ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar, iqtisadiyyatımızın dinamik inkişafı və iqtisadi artım tempinə görə regionun lider dövlətinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün yeni müstəvidə müdrikcəsinə davam etdirilən dahi şəxsiyyətin dövlətçilik xətti, Prezidentimiz cənab İlham Əliyevin yorulmaz rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Danılmaz həqiqətdir ki, respublikamızda ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi siyasət, uğurla icra olunan dövlət proqramları statistikanın inkişafında öz müsbət təsirini göstərməkdədir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə təsdiqlənmiş "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni dövrün başlanmasına təkan vermişdir. Heydər Əliyev rəsmi statistikanın təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, yeni statistik məlumatların əldə edilməsi, eləcə də cəmiyyətin statistik məlumatlara olan tələbatının yaxşılaşdırılması üçün Dövlət Statistika Komitəsinin fəaliyyətini daim diqqət mərkəzində saxlamışdır. Onun fəaliyyəti dövründə rəsmi statistikanın inkişafı sahəsində 2 dövlət proqramı qəbul edilmişdir. Daha sonra ümummilli liderin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən rəsmi statistikanın inkişafı sahəsində yeni dövlət proqramları qəbul edilmiş, sonuncu dövlət proqramı isə 2018-2025-ci illəri əhatə edərək ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini, strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsini, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsini və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsini təmin etmək məqsədi daşımışdır.
Dövlət Statistika Komitəsi ölkənin inkişaf göstəricilərinin rəsmi məlumat mənbəyi rolunu oynayır, həmçinin müasir metodologiyalara uyğun hesabatlar əsasında məlumat toplayaraq demoqrafik, sosial-iqtisadi proseslərin obyektiv mənzərəsini cəmiyyətə və dövlətə çatdırır. Qeyd etmək yerinə düşər ki, əhali barəsində əsas məlumat mənbəyi və ən iri müşahidə formalarından sayılan əhalinin siyahıyaalınması Dövlət Statistika Komitəsi tərəfindən icra olunan mühüm dövlət tədbirlərindən hesab olunur. Müstəqilliyimizin bərpasından sonra əhali haqqında geniş və hərtərəfli məlumatların əldə edilməsi üçün ölkə üzrə bütün ev təsərrüfatlarını əhatə edən, gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi rolunu oynayan əhalinin siyahıyaalınması 1999, 2009 və 2019-cu illərdə həyata keçirilmişdir.
Beynəlxalq əməkdaşlıq sahəsində Dövlət Statistika Komitəsinin də qarşılıqlı fəaliyyət göstərdiyi beynəlxalq və regional təşkilatlar statistik sistemin qlobal koordinasiyasında mühüm rol oynayırlar, həmçinin ölkələrin inkişaf səviyyəsini müqayisə etmək, qlobal problemləri izləmək və birgə həll yollarını tapmaq üçün dövlətlərlə və təşkilatlarla əməkdaşlıq edirlər. Dövlət Statistika Komitəsinin Avropa Statistika İdarəsi, BMT və digər beynəlxalq qurumlarla əməkdaşlığı statistika sisteminin inkişafına səbəb olmuş, beynəlxalq arenada fəaliyyəti ölkəmizin qlobal informasiya məkanına inteqrasiyasını asanlaşdırmışdır. 2025-ci ilin 24-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən birgə təşkil olunmuş “3-cü Beynəlxalq Statistika Forumu” milli statistika sisteminin inkişafı, beynəlxalq və qabaqcıl təcrübələrin paylaşılması və dövlətlərarası əməkdaşlığın genişləndirilməsi sahəsində xüsusi əhəmiyyət daşıdı. Forumun açılış nitqində ölkə Prezidenti cənab İlham Əliyev forum iştirakçılarına müraciətində Dövlət Statistika Komitəsinin fəaliyyətinə xüsusi diqqət göstərdiyini bildirərək dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, birgə layihələrin təşviqi üçün əlverişli mühitin yaradılması, eləcə də innovativ yanaşmalar əsasında statistik məlumatların istehsalı baxımından forumun mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Forum çərçivəsində statistik islahatlar və inkişaf perspektivləri, statistikanı dəyişdirən innovasiyalar, beynəlxalq müqayisələr proqramı, milli hesablar sistemi (MHS-2025), əhalinin siyahıyaalınmasının 2030-cu il mərhələsi, “Dayanıqlı İnkişaf Məqsədləri” statistikası və digər əlaqəli mövzular üzrə sessiyalar təşkil edildi. Bundan başqa forum zamanı statistika sistemində müşahidə olunan problemlər və qarşıda duran vəzifələr müzakirə olunaraq milli statistika orqanlarının qarşısında fərqli metodoloji yanaşmaların tətbiqinin qaçılmaz olduğu qeyd edildi.
Ümumdünya Statistika Günü ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən tələbə və şagirdlər arasında statistika olimpiadasının həyata keçirilməsi, mətbuatda Dövlət Statistika Komitəsinin işçilərinin məqalələrinin nəşri nəzərdə tutulmuşdur. Ümumdünya Statistika Gününün əhəmiyyəti nəzərə alınaraq, müvafiq tədbirlər ölkə paytaxtı ilə yanaşı, yerli statistika orqanları tərəfindən bütün regionlarda da qeyd ediləcəkdir. 1920-ci ildə Azərbaycanda rəsmi statistikanın yaradılmasını nəzərə alaraq bu il həm də Ümumdünya Statistika Günü Azərbaycanda rəsmi statistikanın yaranmasının yubiley ili – 105 illiyi ilə üst üstə düşür.
Ümumdünya Statistika Günü statistik məlumatlandırma sahəsində maarifləndirici bir çağırış olmaqla cəmiyyətin informasiya təminatında ilk mövqelərdən birini tutur. Bu baxımdan statistika orqanları keyfiyyətli statistik məlumatların yayılması istiqamətində ictimaiyyət arasında müsbət imicin formalaşması üçün media subyektlərinin köməyi ilə öz fəaliyyətlərini həyata keçirir. Əhalinin gündəlik həyat tərzinə dair mühüm olan məlumatlar (qiymətlər, əməkhaqları, işsizlik, həyat səviyyəsi və s.) barədə statistik göstəricilərlə məlumatlandırılması statistika vasitəsilə yerinə yetirilir. Statistika elmi tədqiqatlar – sosiologiya, iqtisadiyyat, demoqrafiya, tibbi araşdırmalar və digər sahələr üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda Dövlət Statistika Komitəsi müxtəlif sahələr üzrə rəsmi statistik göstəricilərini müxtəlif platformalar vasitəsilə ictimaiyyətə təqdim edir. Komitə rəqəmsallaşma və elektron xidmətlər sahəsində ciddi addımlar atır. Vətəndaşlar və tədqiqatçılar rəsmi məlumatlara onlayn şəkildə çıxış əldə edə bilirlər. Bu da şəffaflıq və statistik məlumatlara əlçatanlılığın keyfiyyətinin artmasına xidmət edir.
XXI əsrdə texnologiyaların inkişafı statistika sahəsinə də güclü təsir göstərir. Rəqəmsallaşma, süni intellekt və iri həcmli məlumatların analizi statistikanın gələcəyini formalaşdırır. Ənənəvi kağız əsaslı hesabatlar yerini elektron məlumat bazalarına verir. “Big Data” (iri həcmli məlumatlar), süni intellekt və maşın öyrənməsi metodları yeni statistik yanaşmalar yaradır. Artıq yalnız rəsmi dövlət qurumları deyil, həm də özəl şirkətlər, beynəlxalq təşkilatlar və hətta sosial şəbəkələr statistik məlumatların əsas mənbəyinə çevrilib. Bu isə həm imkanlar, həm də çətinliklər yaradır. Bir tərəfdən daha geniş və operativ məlumat bazası mövcuddur, digər tərəfdən isə məlumatların doğruluğu və etibarlılığı məsələsi gündəmə gəlir. Bu kontekstdə “Ümumdünya Statistika Günü” rəqəmsal dövrdə etibarlı informasiya əldə etməyin vacibliyini vurğulayan gündür.
Statistika hazırda cəmiyyətin inkişaf xəritəsi hesab olunur. O, cəmiyyətin bütün sahələrində – iqtisadiyyatdan tutmuş sosial həyatadək, təhsildən səhiyyəyədək inkişafın real nəticəsini əks etdirir. Statistik məlumatlar həm də dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti təmin edir. BMT tərəfindən təsis edilən Ümumdünya Statistika Günü bu sahənin əhəmiyyətini beynəlxalq miqyasda təsdiqləyir. Dövlətlərin gələcək planları, iqtisadi siyasəti, sosial proqramları statistika əsasında qurulur. Bu baxımdan 20 oktyabr – Ümumdünya Statistika Günü hər bir insan üçün məlumatlı və şüurlu qərarların rəmzi günüdür. Ölkə səviyyəsində Dövlət Statistika Komitəsi və digər qurumların fəaliyyəti iqtisadiyyatın, sosial həyatın və beynəlxalq əlaqələrin obyektiv mənzərəsini təqdim edir. Ümumdünya Statistika Günü həm mütəxəssislər, həm də bütün cəmiyyət üçün statistik məlumatların dəyərini xatırladan bir gündür.
Sonda qeyd edək ki, milli statistika sisteminin qarşısında gələcək dövr üçün bir sıra prioritet məsələlər durur. “2026–2030-cu illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın layihəsində bu prioritetlər öz əksini tapmışdır. Belə ki, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə statistik göstəricilər sisteminin, metodologiyaların hazırlanması və təkmilləşdirilməsi, müşahidələrin aparılması, əldə edilən statistik məlumatların yayımı, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsinin, beynəlxalq əməkdaşlığın, statistika orqanlarının maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, peyk məlumatlarının rəsmi statistik göstəricilərin hazırlanmasında istifadəsinin genişləndirilməsi dövlət proqramında nəzərdə tutulmuşdur.
Rza Allahverdiyev,
Dövlət Statistika Komitəsi
Əhali statistikası şöbəsinin müdiri