15 oktyabr 2025 01:57
141

Qələbənin Füzuli müjdəsi

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr - Füzuli Şəhəri Günü kimi geniş qeyd olunur

Azərbaycanın cənub-qərb bölgəsində yerləşən Füzuli şəhəri son illərdə həm tarixi əhəmiyyəti, həm də strateji mövqeyi ilə ön plana çıxmış ərazilərdən biridir. Uzun illər işğal altında qalan bu şəhər 17 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən azad edilərək, ölkənin müasir dirçəliş və quruculuq simvollarından birinə çevrilmişdir. Bu gün Füzuli şəhəri yalnız tarixlə deyil, həm də gələcəyə doğru atılan inamlı addımlarla gündəmdədir. Qədimliyi ilə seçilən Füzuli şəhəri tarix boyunca müxtəlif mədəniyyətlərin və cəmiyyətlərin qarşılaşdığı bir coğrafi ərazi olmuşdur. Əvvəllər Karyagin adlandırılan bu ərazi XIX əsrin əvvəllərində Çar Rusiyası dövründə inzibati cəhətdən Qarabağ xanlığının tərkibinə daxil idi. 1827-ci ildə Karyagin qəzası yaradıldı və 1930-cu ildə isə müstəqil inzibati rayon statusu aldı. 1959-cu ildən etibarən görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə bu şəhərə Füzuli adı verildi. Sovet dövründə Füzuli şəhəri və onun ətraf kəndləri əsasən kənd təsərrüfatı, xüsusilə üzümçülük, taxılçılıq və maldarlıqla məşğul olan bir region kimi inkişaf edirdi. Burada sənaye müəssisələri, mədəniyyət evləri, məktəblər, xəstəxanalar fəaliyyət göstərirdi. XX əsrin ortalarından etibarən Füzuli Qarabağ bölgəsinin iqtisadi və sosial baxımdan inkişaf mərkəzi sayılırdı. Lakin 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində bölgədə vəziyyət gərginləşdi. 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun böyük hissəsini və şəhər mərkəzini işğal etdi. İşğal zamanı şəhər tamamilə dağıdıldı, həmçinin inzibati binalar, məktəblər, mədəniyyət obyektləri, məscidlər viran qoyuldu. Əhalinin böyük hissəsi öz ana yurdunu tərk etməli oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi. Bundan bir ay sonra, 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırıldı. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən hər il 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd edilir. Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan digər şəhər və rayonlarımız kimi, Füzuli də 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Məlumatlara görə, rayonda yüz mindən çox mina basdırılıb. Lakin buna baxmayaraq azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, bu gün Füzulidə də böyük quruculuq və abadlıq işləri davam edir. Prezident İlham Əliyevin rayona etdiyi səfərlər bu prosesə böyük təkan vermişdir. Prezidentin dəstəyi ilə bölgədə bir sıra infrastruktur layihələri həyata keçirilmişdir ki, bunlar arasında Füzuli-Şuşa avtomobil yolu və Füzuli Beynəlxalq Hava Limanı xüsusi əhəmiyyətə malikdir. Bu layihələr Füzulinin ölkənin digər bölgələri ilə əlaqəsini möhkəmləndirməklə yanaşı, bölgənin iqtisadi inkişafını və turizm potensialını artırır. Hava limanının açılması bölgəyə həm daxili, həm də beynəlxalq sərnişin və yük daşımaları üçün yeni imkanlar yaradır. Füzuli şəhəri və digər kəndlərdə yaşayış binaları, sosial obyektlər, məktəblər, xəstəxanalar tikilir. Eyni zamanda, geniş yol şəbəkəsi qurulur ki, bu da Füzulini Azərbaycanın digər rayonları və strateji əhəmiyyətli Qarabağ bölgəsi ilə birləşdirir. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında qurulan yeni layihələr müasir texnologiyalar və dayanıqlı enerji həllərini özündə birləşdirir.

Füzuli rayonu zəngin təbii sərvətləri və məhsuldar torpaqları ilə tanınır. İşğaldan sonra bu torpaqlarda kənd təsərrüfatı bərpa edilir, müasir təsərrüfatlar və aqroparklar qurulur. Bölgədə üzümçülük, taxılçılıq, bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri inkişaf etdirilir. Füzuli iqtisadi mərkəz kimi də regionda öz yerini tutmaqdadır, bu da əhalinin məşğulluğunu artırmaq və yerli iqtisadiyyatı dirçəltmək üçün mühüm rol oynayır. Füzulidə həyatın yenidən qurulması təkcə infrastruktur və iqtisadiyyatla məhdudlaşmır. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması, şəhərin və kəndlərin yenidən məskunlaşdırılması prosesinə start verilib. Bu da Füzulinin gələcəkdə həm sosial, həm də mədəni baxımdan yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır. Böyük Qayıdış Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər burada 22 min insanın məskunlaşması planlaşdırılır.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoydu. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verərkən bildirdi ki, yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101 ədəd dörd, 20 ədəd beşotaqlı olmaqla, 404 fərdi ev inşa ediləcək. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır. 2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur. İki, üç, dörd və beşotaqlı olmaqla 771 fərdi ev və iki-üçmərtəbəli yaşayış binaları inşa ediləcək. İkinci mərhələ çərçivəsində də məktəbin və 2 uşaq bağçasının inşası planlaşdırılır.

Füzuli həm də beynəlxalq dostluğun rəmzinə çevrilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə məktəbin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası Türk dünyasının həmrəyliyinin təzahürüdür. Bu baxımdan Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Füzuliyə hər səfəri bu şəhərin bərpasında yeni mərhələnin başlanğıcı olur. 16 noyabr 2020-ci ildə ucaldılan üçrəngli Bayraqdan tutmuş, 2021-ci ildə Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının təməlqoymasından 26 oktyabr 2021-ci ildə onun açılışına qədər görülən işlər, “ağıllı kənd”in, məktəblərin, xəstəxanaların, yaşayış komplekslərinin təməlləri – hamısı böyük dönüşün göstəricisidir. Xarici dövlət başçılarının iştirakı ilə açılış və təməlqoyma mərasimləri Füzulinin region və beynəlxalq əhəmiyyətini daha da artırır. Beləliklə, 17 oktyabr – Füzuli Şəhəri Günü yalnız bir qələbə tarixini deyil, həm də yeni bir inkişaf dövrünün başlanğıcını simvolizə edir. Bu gün həm şəhidlərin xatirəsinə ehtiram, həm də Böyük Qayıdışa inam günüdür.

Sevinc Azadi, “İki sahil”