21 noyabr 2023 12:53
522

Heydər Əliyev türk dünyasının birliyi fikrini daim diqqət mərkəzində saxlayıb- TÜRKPA-nın Baş katibi

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyətdə xalqın istəyi ilə dövlətə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev taleyüklü qərarları ilə Azərbaycanın uğurlu dövlət quruculuğu və inkişaf strategiyasını müəyyən edərək, onun müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin edib".

“İki sahil” xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Erin Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, dövlətini keşməkeşli dövrdən inkişaf yoluna aparan, Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını formalaşdırmış, xalqına bağlı olan lider Heydər Əliyevin siyasi müdrikliyi və mütərəqqi ideyaları dövlətin gələcək hərtərəfli inkişafı üçün etibarlı bünövrəyə çevrilib: "Heydər Əliyevin xalqın milli kimliyi, tarixi keçmişi və ana dilinə verdiyi önəm onun türk dünyasının birliyi istiqamətində yorulmaz fəaliyyəti ilə səsləşir. Heydər Əliyev siyasi kursunun öncül istiqamətlərindən biri türk dövlətləri arasında birlik, həmrəylik və əməkdaşlığın inkişafı ilə bağlı olub. Böyük öndər türk dünyasının birliyi fikrini daim diqqət mərkəzində saxlayıb və türk xalqlarının yaxınlaşmasının vacibliyini vurğulayıb. Onun ardıcıl və məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına mühüm töhfə verib".

Baş katib qeyd edib ki, Türk dünyasında hər sahədə müsbət dinamika ilə və hər keçən il daha fəal inkişaf edən əməkdaşlıq günümüzdə Ulu Öndərin uzaqgörən ideyalarının aydın təcəssümüdür: "Türk dünyasında Heydər Əliyev şəxsiyyətinə, əməyinə və irsinə verilən böyük dəyər əbədiyaşarlıq mərtəbəsinə ucalmış liderin xatirəsinin türk dünyasında yüksək ehtiramla anılmasında, əziz tutulmasında, adının əbədiləşdirilməsində parlaq ifadəsini tapır".