23 noyabr 2023 22:25
598

Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir

Müstəqil dövlətçiliyə sahib olmaq Tanrının hər bir xalqa bəxş  etdiyi  böyük nemətdir. Müstəqil dövlətçiliyin formalaşmasında tarixi şəxsiyyətlə­rin rolu əvəzsizdir. Hər bir xalq məhz öz liderinin ətrafında sıx birləşərək milli dövlətçilik ideyasını reallaşdırmağa çalışır. Heç şübhəsiz ki,  Azərbaycan dövlətçiliyi haqqında danışarkən ilk növbədə göz önünə Ulu Öndər Heydər Əliyev gəlir.

Xalqımız milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, böyük ehtiram və minnətdarlıqla anır.

Prezidentin Sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar  2023-cü il “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev ili” həm də Azərbaycanda müstəqil dövlətçilik dərsləri və təntənəsi ilidir.

“Heydər Əliyev ili” - Müstəqil Azərbaycanın dövlət ideologiyası olan Azərbaycançılıq ideologiyasının daha da möhkəmlənməsi ilidir. Müstəqil Azərbaycan dövlətinin inkişaf yolunun və əldə etdiyi uğurların möhtəşəm hesabat ilidir. Müstəqil Azərbaycan dövlətinin inkişaf yolunun və əldə etdiyi uğurların dərindən öyrənilməsi, indiki və gələcək nəsillərə, eyni zamanda dünyaya çatdırılması ilidir.

“Heydər Əliyev ili” - Müzəffər ordumuzun ilidir. Məhz Ulu Öndərimizin sayəsində Azərbaycan Ordusu ayrı-ayrı silahlı dəstələrdən vahid komandanlığa tabe olan nizami orduya çevrildi. Həmin ordu güclənərərk 44 günlük Vətən müharibəsində Zəfər qazandı.

“Heydər Əliyev ili” - Azərbaycanda hüquqi dövlət quruculuğunun təntənəsi ilidir. 18 oktyabr 1991-ci ildə Müstəqilliyin Bərpası  haqqında Konstitusiya Aktı qəbul edilsə də müstəqilliyimiz formal xarakter daşıyırdı. Yalnız Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan müstəqilliyimiz xilas oldu.  1995-ci ilin 12 noyabr tarixində referendumla Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.  Hüquqi dövlət quruculuğu Ulu Öndərin adı ilə bağlıdır.

“Heydər Əliyev ili” - Azərbaycan təhsilinin ilidir. Ümummilli Liderin tarixi xidmətlərindən biri də Onun həm 1969-1982-ci illərdə, həm də müstəqillik illərində təhsilə göstərdiyi diqqət və qayğı idi. Əgər 1969-cu ildə Azərbaycanda cəmi 765 orta məktəbdə ildə cəmi 73 min şagird təhsil alırdısa, 1981-ci ildə artıq 335 min şagirdi əhatə edən 2625 məktəb fəaliyyət göstərirdi. Azərbaycanın ali məktəblərində 100-dən çox ixtisas üzrə mütəxəssis hazırlığına başlanılmış, 6 yeni ali təhsil ocağı, 12 orta ixtisas məktəbi yaradılmışdı.  1969-1982-ci illərdə minlərlə azərbaycanlı gənc ən nadir ixtisaslara yiyələnmək üçün SSRİ-nin aparıcı təhsil ocaqlarına göndərilmişdi. Həmin dövrdə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəblərində Azərbaycanın iqtisadiyyatı, elm, təhsil və mədəniyyəti üçün 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc kadr hazırlanmışdı. Heydər Əliyevin bu istiqamətdə misilsiz fəaliyyətinə diqqət çəkən Prezident İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.

“Heydər Əliyev ili” - Azərbaycan səhiyyəsinin ilidir. 1969-cu ilin avqustunda keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyulmuşdu.  Ulu Öndərin  bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü çox qısa bir müddətdə göstərdi.  1970-1980-ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970–1975–ci illərdə 150–dən 185–ə çatdı. Yeni istifadəyə verilən səhiyyə müəssisələri arasında Uroloji Kliniki Xəstəxana, Neyrocərrahiyyə, Toksikologiya, Yanıq mərkəzləri kimi tibb ocaqları var idi. Elmi–Tədqiqat Oftalmologiya və Elmi–Tədqiqat Onkologiya institutları üçün yeni binalar da o zaman tikilməyə başladı. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Heydər Əliyev ili” - Xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ilidir. Bakı Milis Məktəbi bazasında yaradılan  Azərbaycan Polis Akademiyasıının maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək peşəkar milli polis kadrlarının hazırlanmasında əldə edilən nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafından ötrü atdığı ən böyük addımlardan biri idi. Bu sahədə kadr hazırlığı, təhlükəsizlik orqanlarının hüquqi bazasının yaradılması sahəsində xidmətləri də danılmazdır. Bu qurumların texniki təchizatının təmin edilməsi, sovet dövründə formalaşmış peşəkar kadrların qorunması ilə yanaşı, həm də yeni gənc personalın yetişdirilməsi məsələsi də daim Onun diqqət mərkəzində olmuşdu.

“Heydər Əliyev ili” - Azərbaycan gəncliyinin Ulu Öndərimizin ideyalarına layiqlik və sadiqlik ilidir. Çünki gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi Ulu Öndər Heydər Əliyev üçün əsas prioritetlərdən biri idi. Gənclər və İdman Nazirliyini yaradılması, gənclərin ilk forumunun keçirilməsi bu sahədə möhkəm təməl yaratdı.

“Heydər Əliyev ili” – İnkişaf tariximizə baxış ilidir. Müstəqilliyimizin keçdiyi şərəfli yolun son 20 ili məhz Ulu Öndərin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi dövrünə təsadüf edir. Ulu Öndərimizin ən ümdə arzularından birincisi canından əziz sevdiyi  Azərbaycanı bütöv görmək görmək idi. Möhtərəm Prezidentimiz Ulu Öndərin arzuladığı, görmək istədiyi Azərbaycanı qurub, Onun arzularını reallaşdırdı, torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüzü bərpa etdi. Adını  Azərbaycan tarixinə torpaqlarımızın Xilaskarı kimi yazan cənab İlham Əliyev öz hisslərini belə ifadə edir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.”

“Heydər Əliyev ili” - Yeni Azərbaycan Partiyasının ilidir. Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdı: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”.

Araz Xudadanov,
YAP Sabunçu rayon təşkilatının sədri