28 noyabr 2023 15:13
382

“Azəriqaz” məktəblilər arasında maarifləndirmə işləri aparacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə orta təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq.

“İki sahil"in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, son dövrlər təbii qazdan təhlükəsiz istifadə ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən məlumatların paylaşılmasına baxmayaraq, hələ də neqativ hallara rast gəlinir.

Görülən zəruri tədbirlərə və nəzarətə baxmayaraq belə hadisələrin baş verməsi narahatlıq doğurur. Elə bu məqsədlə dekabr ayından etibarən təhsil müəssisələrinin 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə olunması, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib olan tədbirlər və hamam otaqlarında dəm qazından qorunma yolları barədə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. Bunun üçün hər iki qurumun mütəxəssislərindən ibarət qrup yaradılacaq.

Layihənin həyata keçirilməsində məqsəd şagirdlərə “mavi yanacaq”dan və qaz cihazlarından düzgün istifadənin aşılanmasıdır. Həmçinin, valideyn nəzarəti olmadan qaz cihazlarından istifadənin təhlükəli olması fikrini azyaşlı uşaqlarda formalaşdırmaqdır.