28 noyabr 2023 23:32
300

Gizli əlaqələr, çirkli pullar, daha nələr, nələr…

Əli Kərimlinin absurd, məntiqsiz, gülünc və əsasız iddiaları bütün bunların qarşısında acizdir

Son günlər başda AXCP sədri Əli Kərimli olmaqla ölkəmizdəki radikal müxalifət düşərgəsinin təmsilçilərinin sosial şəbəkə platformalarındakı antimilli fəaliyyəti bir daha bəzi qaranlıq mətləblərə aydınlıq gətirir. Bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, ifrat subyektivliyə yuvarlanan bu başıpozuq dəstənin üzvləri “Abzas Media”nın direktoru Ülvi Həsənov və saytın baş redaktoru Sevinc Abbasova ilə bağlı məsələlərdən sui-istifadə edərək uzun illərdən bəri Azərbaycan əleyhinə apardıqları şər-böhtan kampaniyasının miqyasını daha da genişləndiriblər.

İfrat dərəcədə əxlaqi-mənəvi deqradasiyaya uğrayan, milli hissiyyatını itirən bu xəyanətkarların son günlər “You Tube” və “Facebook”da  “fəallaşmaları”, haray-həşir salmaları heç də təsadüfi deyil. Əslində ləyaqətini, reallıq hissini və insanlıq duyğusunu çoxdan itirərək bəzi məkrli xarici dairələrin buyruq quluna çevrilmiş, vicdan, məntiq və şərəf yoxsulu olan bu marginallar üçün “Abzas Media” ilə bağlı baş verənlər bir bəhanə olduğu kimi, həm də bir fürsətdir. Sual oluna bilər: Niyə? Niyəsi odur ki, öz şəxsi mənfəətləri naminə milli maraqları, müqəddəs dəyərləri ayaqlar altına atan bu satqınlar hesab edirlər ki, qrant adı altında birbaşa və dolayısı ilə aldıqları çirkli pulların müqabilində öz xarici ağalarının sifarişlərini yerinə yetirmək üçün çox “əlverişli” bir şərait yaranıb. Ancaq bunlar bir fayda verməyəcək. Çünki bu gün 7-dən 77-yə hamı yaxşı bilir ki, kölə xislətli, zombiləşmiş Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Qənimət Zahid, Sevinc Osmanqızı kimilər. merkantil maraqları milli və dövlət maraqlarından daha üstün tutaraq maliyyələşdikləri anti-Azərbaycan dairələrin sifarişlərini, necə deyərlər, canla-başla yerinə yetirirlər.

Qırx dörd günlük müharibədə tarixi Zəfər qazanaraq regionda yeni reallıqlar yaradan Azərbaycanın müstəqil siyasət yeritməsini, bölgədə söz sahibinə çevrilməsini həzm edə bilməyən bəzi məkrli Qərb dairələrinin “ev tapşırığı”nı yerinə yetirən Ə.Kərimli kimilər özləri də yaxşı bilirlər ki, həmin “Abzas Media” çılar təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Məkrli təxribat maşını olan USAID ilə əlaqələri üzə çıxan “Abzas Media” funksionerlərinin “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri ilə də gizli əməkdaşlığı aşkar olunub. Onlar həmçinin “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla təmasda olublar.

Gizli əlaqələr, çirkli pullar: faktlar özü danışır. Məhz bunların sayəsində, yağ içində böyrək kimi bəslənən “Abzas Media”nın rəhbərləri saytın yerləşdiyi ofisə yaxşı icarə haqqı ödəyib. Öz işçilərinə əməlli-başlı əmək haqqı verib. Redaksiyanı yüksək səviyyədə texniki avadanlıqlarla təhciz edib. Daha nələr, nələr…

Bu faktların fonunda Ə.Kərimli və onun kimilərin bütün bunları “müstəqil mediaya təzyiq” kimi qiymətləndirməsi və Azərbaycanın Orta Asiyalaşmasını iddia etməsi absurd olduğu qədər də məntiqsiz və gülüncdür.

Heç kimə sirr deyil ki, başda AXCP olmaqla dağıdıcı müxalifət düşərgəsi Azərbaycan siyasi arenasında öz mahiyyətini, dəyərini çoxdan itirib. Sadəcə olaraq bu düşərgənin təmsilçiləri dərk etmirlər ki, artıq dövr də, vəziyyət də tamamilə dəyişib. Mövcud faktları qəsdən təhrif etməklə cəmiyyəti aldatmaq olmaz. Ən əsası da odur ki, dövlətçiliyimizə, müstəqilliyimizə müxalifətdə olan dağıdıcı müxalifəti, antimilli ünsürləri tarix əbədi məğlubiyyətə və rəzalətə məhkum edib…

Zahid Rza, “İki sahil”