29 noyabr 2023 11:29
607

Bakıda “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə“ konfransı keçirilib - YENİLƏNİB

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə“ beynəlxalq konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, konfrans Diasporla İş üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan qızılbaş diasporunun 20-yə yaxın nüfuzlu nümayəndəsi və Türkiyə, Kanada, Sinqapur, Pakistan, Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Böyük Britaniya kimi ölkələrdən Azərbaycanın qızılbaş irsinin tədqiqatı ilə məşğul olan tanınmış mütəxəssislər iştirak edib.

***

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə“ mövzusunda beynəlxalq konfrans keçirilir.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və “Qızılbaş” Qlobal İrsi Şurası Təşkilatının birgə dəstəyi ilə baş tutub.

Tədbirdə “Qızılbaş” Qlobal İrs Şurasının Pakistan, Türkiyə, ABŞ, Kanada, Birləşmiş Krallıq, Sinqapur və Əfqanıstan üzrə təmsilçiləri, Milli Məclisin deputatları, Qızılbaş irsinin Azərbaycan və Türkiyədən olan tədqiqatçıları, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbiri Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cavid İsmayıl açaraq bildirib ki, XV əsrin ikinci yarısında ortaya çıxan qızılbaşlar bütövlükdə regionun xəritəsini dəyişməyə nail oldular: "Təəssüf ki, bu gün qızılbaş irsi yetərincə öyrənilməyib. Çünki qızılbaşlar dünyanın dörd bir yanına - Əfqanıstan, Hindistan, Pakistan və digər ölkələrə səpələniblər. Hazırda Əfqanıstanda 2 milyondan çox qızılbaş yaşayır".

Onun sözlərinə görə, dünyanın 14 ölkəsində 20 Azərbaycan Evi fəaliyyət göstərir: "Bu evlərin tərkibində də Azərbaycan məktəbləri fəaliyyət göstərir. Bu istiqamətdə atılan addımların davamı olaraq gələn il daha 10 Azərbaycan evinin açılması planlaşdırılır".

Qeyd edək ki, ötən gün konfrans iştirakçıları Şuşaya səfər ediblər.