29 noyabr 2023 14:08
561

Baş Prokurorluq Astarada işgüzar konfrans keçirib

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq noyabrın 29-da Astara şəhərində Baş Prokurorluq tərəfindən “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Astara Şəhidlər xiyabanını ziyarət ediblər.

İştirakçılar Astarada Heydər Əliyev Mərkəzinin muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olub.

Astara rayon Mədəniyyət Mərkəzində tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Murad Dadaşov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib. Heydər Əliyevin müasir dövlət quruculuğu siyasəti barədə danışan Murad Dadaşov uğurlu siyasətin bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev işgüzar tədbirin Astara şəhərində təşkilindən məmnunluğunu ifadə edib.

Konfransda, həmçinin Astara rayon prokuroru Əli Əliyev, Milli Məclisin deputatları Rəşad Mahmudov və Ziyafət Əsgərov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu Öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış ediblər.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş "İlham" sənədli filmi nümayiş etdirilib.