03 dekabr 2023 16:48
190

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi 10 milyon tonu keçib. Bu istiqamətdə yükdaşımaları artırmaq məqsədilə bir sıra işlər həyata keçirilir.

“İki sahil” xəbər verir ki, bu sözləri İranın nəqliyyat nazirinin müavini Şəhriyar Əfəndizadə deyib. Tehranda jurnalistlərin suallarını cavablandıran Ş.Əfəndizadə bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi başa çatdıqdan sonra tranzit yükdaşımaların həcmi 15 milyon tona çatacaq.

Nazir müavini nəzərə çatdırıb ki, ötən ilin sentyabr ayında Bakıda Azərbaycan, İran və Rusiyanın rəsmi şəxsləri arasında keçirilən görüşdə bu məsələ müzakirə olundu və qərara alındı ki tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdırmaq üçün qarşılıqlı əməkdaşlıq artırılsın. Onun sözlərinə görə Rəşt-Astara dəmir yolunun tikilib başa çatması ilə yüklərin tez, asan və keyfiyyətli daşınması təmin olacaq və həcmi artacaq.

Qeyd etmək lazımdır ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə tikinti işləri davam edir.