04 dekabr 2023 02:32
257

Ciorcia Meloni: Qərbi Balkan ölkələri Aİ-yə qoşulmayanadək Avropanı birlik adlandırmaq olmaz

Qərbi Balkan regionu ölkələri Avropa İttifaqına üzv olmayana qədər Avropanı birlik adlandırmaq olmaz.

“İki sahil” xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

İtaliya Nazirlər Şurasının sədri kimi Serbiyaya ilk dəfə səfər etdiyini deyən Ciorcia Meloni son illərdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin genişlənməsinin İtaliyanın Serbiyaya verdiyi strateji əhəmiyyəti nümayiş etdirdiyini bildirib.

Baş nazir İtaliyanın Qərbi Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyasını prioritet məsələ hesab etdiyini söyləyib.

“İtaliya Aİ-nin genişlənmə prosesinin əsas tərəfdarları sırasındadır. Bunu Avropanın yenidən birləşməsi kimi müəyyən etmişik. Fikrimcə, Avropa İttifaqı kimin avropalı, kimin də avropalı olmadığına qərar verən qurum deyil. Kimin avropalı olduğuna məhz tarix və coğrafiya qərar verib. Avropa institutları hazırki çox mürəkkəb beynəlxalq kontekstdə bu birləşməyə zəmanət verməli və ciddi prosesi mümkün qədər tez müddətdə yekunlaşdırmalıdır. Qərbi Balkan ölkələri bir qurum kimi qəbul edilən Aİ ailəsinə daxil olana qədər Avropanın həqiqətən birləşdiyini söyləmək olmaz. Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyası qitənin təhlükəsizliyi, eyni zamanda, bu regionun sabitliyi və iqtisadi artımı baxımından strateji məsələdir”, - deyə Ciorcia Meloni vurğulayıb.