06 dekabr 2023 16:09
623

Yevlaxda “Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir” mövzusunda tədbir keçirilib - FOTO

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir” mövzusunda tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatı Aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə,müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. 

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, siyasi və dövlət xadimi, sağlığında canlı əfsanəyə çevrilmiş fenomen şəxsiyyət kimi tanınan Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi  tənəzzüldən xilas edən dahi şəxsiyyət Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, milli təfəkkürü formalaşdırdı, güclü şəxsiyyət kimi xalqını vahid məfkurə ətrafında birləşdirərək sabaha inam hissini artırdı. Ölkədə siyasi sabitliyi, demokratik islahatları təmin etdi, dövləti etibarlı əllərə tapşırdı. Azərbaycançılıq ideyasını milli –mənəvi dəyərlərimizi qoruyub təbliğ etməklə təkmilləşdirdi, Azərbaycanın müasir dünyada mövqeyini və yerini möhkəmləndirdi. Bu gün hər birimiz qürurla qeyd edirik ki, dahi Öndərimizin layiqli davamçısı Azərbyacan Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 20 il ərzində mükəmməl siyasət həyata keçirərək, ərazi bütövlüyümüzü, ölkəmizin hərtərəfli inkişafını, beynəlxalq aləmdəki böyük nüfuzumuzu  layiqincə təmin etməklə bütün dünyaya sübut etdi ki, Heydər Əliyev ideyaları yaşayır və hər zaman yaşayacaqdır. 

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev çıxışında  bildirib ki,Ulu Öndər Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu quruculuğu öz inkişaf yoluna çıxdı. Ümummilli Lider hələ o vaxtdan müstəqil Azərbaycan üçün möhkəm özül yaratdı. Dahi rəhbərin qorxmaz, mətin mövqeyi, yüksək elmi və siyasi biliklərə malik olması və uzaqgörən siyasəti nəticəsində tezliklə bütün sahələrdə stabillik əldə edildi və respublika inkişaf yoluna çıxarıldı. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə aparan işıqlı yoldur. Onun güclü siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Qeyd edilib ki, Ölkə Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. 

Sonra tədbirdə çıxış edənlər Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin direktoru Kəmalə Ələkbərova, Yevlax rayon Mərkəzi Xəsətəxanası publik hüquqi şəxsin hüquqşunası Zəka Sadıqlı, Yevlax rayon Duzdaq qəsəbə ümumi orta məkətbinin direktoru Gülnar İsayeva və Yevlax “Gənclər Evi” SXM-in psixoloqu Əhməd Yusifli vurğulayıblar ki, Milli Liderimiz Heydər Əliyev öz xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında böyük xidmətləri olan dahi bir şəxsiyyətdir. Böyük rəhbərin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan iqtisadiyyatı, elmi, təhsili, səhiyyə və mədəniyyəti sürətli inkişaf yoluna çıxmışdır. Bu illərdə milli-mənəvi dəyərlərimizin qurulması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, demokratiyanın inkişafı, dünya azərbaycanlılarının sarsılmaz bir qüvvə kimi təşkilatlanması, qadınlarımızın və gənclərimizin dövlətçiliyimizin tərəqqi prosesinə cəlb edilməsi dahi Heydər Əliyevin böyük xidmətləri arasında xüsusi yer tutur. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı və dönməzliyi Ümummilli Liderin ən böyük tarixi xidmətlərindən biridir. Bu isə öz növbəsində Ulu Öndər Heydər Əliyevin yalnız Azərbaycan tarixində deyil, həm də böyük türk dünyasında əbədiyaşarlığını şərtləndirən başlıca amildir. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.