08 dekabr 2023 02:36
610

Ulu Öndər Heydər Əliyev və Azərbaycan jurnalistkasının intibah dövrü

Azad və müstəqil mətbuatı olan ölkənin inkişaf perspektivləri davamlı və dayanıqlı olur. Ona görə ki, mətbuat bütün dövrlərdə dördüncü hakimiyyət funksiyasını öz çiyinlərində daşımaqla cəmiyyətlərin müsbət istiqamətdəki inkişafına dəstək verib. Bu mənada Azərbaycan mətbuatı da bu gün müstəqil fəaliyyəti ilə ölkəmizin inkişafına öz töhfələrini verir. Xüsusilə obyektivlik, vicdanlılıq və operativlik kimi əsas prinsipləri öndə tutaraq respublikamızın informasiya məkanını daha zənginləşdirir. Xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan mətbuatı özünün intibah dövrünü yaşayıb.

Bəli, Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər, eyni zamanda, milli ruhun və milli özünüdərkin dirçəliş dövrü kimi də səciyyəvidir. Dahi şəxsiyyət mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı . Məhz bu səbəbdən onun Sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Təbii ki, müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etdi, jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı, o zamankı Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universitetnin) nəzdində jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı.

Mətbuatımızın inkişafında yeni mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ümummilli Lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.

Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Senzuranın mövcudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Həmin Fərmanla 1966-cı il 27 oktyabr tarixində yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyətini həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.

Həmin illərdə Azərbaycanın özünün iqtisadi imkanlarının nisbətən zəif olmasına baymayaraq, Ulu Öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi. 90-cı illərin ortalarında qəzetlərə birdəfəlik yardımlar, subsidiyalar verilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı» Fərmanı ilə təsdiq edilən jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu. Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz Ulu Öndər tərəfindən qoyulub. Hələ 2000-ci ildə Ulu Öndərin müvafiq Sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. Ulu Öndər həmin tədbirdə dərin məzmunlu geniş nitq söyləyərək mətbuatımızın qarşısında duran vəzifələrdən danışmışdı.

Bundan başqa , 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırdı, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırdı. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edərək həlli istiqamətində tapşırıqlarını verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. Eyni zamanda, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Ümumilikdə, mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və Sərəncam imzalayan bu dahi şəxsiyyəti ölkə jurnalistləri özlərinin dayağı kimi görürdülər. Elə ona görə də Ulu Öndər 2002-ci ildə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən «Jurnalistlərin dostu» mükafatına layiq görüldü.

Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı bu gün özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informa­siya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fəxrlə deyə bilərik ki, Ulu Öndər idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. İndi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Eyni zamanda, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir.

Elçin Zaman, «İki sahil»