08 dekabr 2023 23:29
703

Etibarlı gələcəyimizin möhkəm təməllərini yaradan şəxsiyyət

Bəşər tarixi sübut edir ki, böyük şəxsiyyətlər, milli mübarizələrin önündə gələn siyasi liderlər fəaliyyətləri ilə mənsub olduqları xalqların şərəf salnaməsini yaradır və dövlətçilik irsini zənginləşdirirlər. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrilmiş Heydər Əliyevin adı da belə şəxsiyyətlərlə bir cərgədə çəkilir.

Heydər Əliyev xalqımız tərəfindən tarix boyu ehtiramla xatırlanacaq, yad ediləcək. Çünki bu gün biz xalq olaraq, eyni zamanda dövlət olaraq əldə etdiyimiz uğurulara görə böyük şəxsiyyət Heydər Əliyevə minnətdarıq. Böyük şəxsiyyətin Azərbaycana rəhbərliyinin hər bir dövrü ölkəmizin inkişaf, yüksəliş mərhələsidir. Hansı vəzifədə və harada çalışmasından asılı olmayaraq Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini öz dövlətinə və xalqına xidmət məramı təşkil edib. Həm sovet dövründə, həm müstəqillik dövründə Ulu Öndər Azərbaycanı yenidən qurub, ucaldıb, inkişaf yoluna çıxarıb, sosial rifahı təmin edib.

Ulu Öndərin həyat və fəaliyyətinin ən önəmli məqamlarından biri odur ki, ən çətin məqamlarda öz xalqının yanında olaraq, tarixi proseslərin milli maraqlarımız çərçivəsində cərəyan etməsinə böyük töhfələr verib. Bu baxımdan Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi müasir tariximizin əsas hadisələrindən biridir. Heydər Əliyevin istər Moskvada 20 Yanvar faciəsi ilə bağlı etiraz səsini ucaltması, istər Ulu Öndərin təşəbbüsləri ilə Naxçıvanda sovet dövlətinə aid atributlardan imtina edilməsi, üçrəngli bayrağımızın ucaldılması, SSRİ-nin saxlanılmasına dair referendumun boykot edilməsi xalqımızın müstəqillik uğrunda mübarizəni daha da gücləndirmiş, bu mücadiləyə qoşulan insanları daha da mübariz etmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızda cərəyan edən proseslər xatirimizdədir. Hakimiyyətdə bir-birini əvəz edən qüvvələrin idarəçilikdə buraxdıqları kobud səhvlər elə bir tarixi situasiya yaratmışdı ki, Azərbaycanın dövlətçiliyi və müstəqilliyi böyük təhlükə ilə üzləşmişdi. Həmin ağır və gərgin günlərdə məhz Heydər Əliyevin dühası ilə ölkəmiz bütün təhlükələrdən xilas oldu. Xalqın istək və arzusu ilə 1993-cü ilin iyun ayında Bakıya gələn Heydər Əliyev öz müdrikliyi, siyasi  təcrübəsi ilə hərbi-siyasi böhrana son qoydu, anti-Azərbaycan qüvvələrin respublikamızla bağlı məkrli planlarının qarşısını aldı.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda dövrün tələblərinə uyğun olaraq tamamilə yeni siyasi və iqtisadi münasibətlər formalaşmağa başladı, dövlətçiliyimizin etibarlı və sarsılmaz təməlləri yaradıldı, bütün sahələrdə müasir çağırışlarına cavab verən islahatlar həyata keçirildi. Məhz Heydər Əliyevin sayəsində nizami ordumuz yaradıldı, bu gün də Azərbaycana böyük iqtisadi dividendlər gətirən enerji strategiyasının hazırlanaraq həyata keçirilməsinə başlanıldı. Heydər Əliyevin sayəsində Azərbaycan dünya birliyində tanınmağa başladı.

Xalqımızın Ümummilli Liderinin ən böyük tarixi xidmətlərindən biri də müdrikcəsinə və uzaqgörənliklə həyata keçirdiyi hüquqi dövlət quruculuğudur. Heydər Əliyev görkəmli və təcrübəli dövlət xadimi kimi yaxşı bilirdi ki, respublikamızın yüksəlişi,  islahatların uğur qazanması, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması üçün ilk növbədə mütərəqqi hüquqi islahatlar həyata keçirilməlidir. 1995-ci il noyabr ayının 12-də müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu ilə bu istiqamətdə etibarlı hüquqi bünövrə yaradıldı. Ana Qanunun qəbulu digər istiqamətlərdə hüquqi islahatların aparılmasına yol açdı.

Sonrakı dövrdə Azərbaycanda zamanın çağırışlarına cavab verən məhkəmə-hüquq sistemi formalaşdırıldı. Bu sahədə fəaliyyət göstərən dövlət orqanları yenidən təşkil olundu. Respublikamızda Ombudsman institutunun yaradılması, demokratik seçki sisteminin formalaşdırılması da Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi hüquqi dövlət quruculuğunun ayrı-ayrı mərhələləridir.

Bütövlükdə Heydər Əliyevin müstəqil Azərbaycanaa rəhbərlik etdiyi 10 il müasir tariximizin mühüm mərhələsidir. Hansı ki, bu mərhələdə Heydər Əliyev Azərbaycanı xilas etdi, tənəzzülə son qoydu, ölkəni yüksəliş yoluna çıxardı və xalqımızın etibarlı gələcəyinin möhkəm təməllərini yaratdı.

Bütün bunlarla yanaşı, Heydər Əliyev həm də özünün yolunu layiqincə davam etdirəcək siyasi varisini yetişdirdi. 2003-cü ilin prezident seçkilərindən əvvəl Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ötən 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolu Heydər Əliyevin nə qədər uzaqgörən şəxsiyyət olduğunu təsdiq edir. Bu 20 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli rəhbərliyi və müdrik siyasəti nəticəsində Azərbaycan dövləti ən möhtəşəm uğurlara imza atıb. Bu illər ərzində Azərbaycan dünyada söz sahibinə, regionda lider dövlətə çevrilib. Haqlı olaraq bu gün Azərbaycan deyəndə bütün dünyada özünün müstəqil və qətiyyətli siyasəti olan,  Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən, etibarlı tərəfdaş kimi tanınan bir dövlət göz önünə gəlir. Ötən 20 ildə Azərbaycan həm öz inkişafı ilə yeni nümunələr yaradıb, həm də öz davranışları ilə beynəlxalq münasibətlərdə əsl tərəfdaşlıq modeli ortaya qoyub.

Azərbaycanın yeganə ağrılı problemi torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması idi. Öz müdrik siyasəti ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev torpaqlarımızın azadlığını təmin etməklə bu problemə son qoydu. Bu ilin sentyabr ayında cənab Prezidentin qətiyyətli siyasəti ilə Qarabağdakı erməni sepatatçılığı da məhv edildi. Bununla Prezident İlham Əliyev bütün torpaqlarımız üzərində milli suverenliyimizi təmin etdi.

Bütün bunları təmin edən Prezident İlham Əliyev həm də Ulu Öndərin arzularını, vəsiyyətini yerinə yetirdi. Vəfatının 20-ci ilində bir daha Ulu Öndər Heydər Əliyevi yad edir, xatirəsi önündə baş əyirik. Azərbaycan bundan sonra da Heydər Əliyev ideyaları ilə yüksələcək, tariximiz böyük uğurlarla zənginləşəcək.

Səma Ələkbərova,
Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu