11 dekabr 2023 23:35
494

Milli inkişaf strategiyasının müəllifi

Bu gün Azərbaycanın qürur duyacaq  uğurlarının miqyası olduqca genişdir. Ümummilli Lider Heydər Əliyevin daim səsləndirdiyimiz “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” çağırışı Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin, bu günümüz üçün yaratdığı möhkəm təməlin  təqdimatıdır.  Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü xilaskarlıqla yanaşı, quruculuq missiyası ilə də xarakterizə edilir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan ən çətin dövrünü yaşayanda  xalq  öz xilaskarını axtardı.

Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün çətinliklər dəf ediləcək, Azərbaycan inkişaf, tərəqqi dövrünə qədəm qoyacaq. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bugünkü inkişafın əsasını qoydu. Ulu Öndərin 1993-cü ilin oktyabrında Prezident  seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi.  Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.  Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Ümummilli Lider bu çağırışı etmişdir ki, Azərbaycanın  müstəqilliyini, suverenliyini daimi etmək üçün bütün dünya azərbaycanlılarından bir amal, ideya-azərbaycançılıq ətrafında sıx birləşmək tələb olunur. Dahi şəxsiyyət hər zaman dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində səylər göstərib.

1993-cü ildə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğunun dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Ümummilli Lider dünyanın ayrı-ayrı ölkələrində dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə nail olduqdan sonra onların vahid mərkəzdən idarə edilməsi üçün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci ildə keçirilən I Qurultay bu birliyi, həmryliyi daha da möhkəmləndirdi, Azərbaycanın qüdrətlənməsi naminə davamlı töhfələr verməyə çağırış oldu. Tarixi Zəfərimizdən ötən üç ilin qürurverici hadisələri sırasında bu mühüm məqamı xüsusi qeyd edirik ki, dünya azərbaycanlıları ötən il  Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada bir araya gələrək Zəfər Qurultayını keçirdilər, postmünaqişə dövrünün reallıqları fonunda qarşılarında dayanan vəzifələri müzakirə edərək bu məkandan dünyaya həmrəyliklərini nümayiş etdirdilər. Ümummilli Liderin xidmətlərindən bəhs edərkən Azərbayanı qısa müddətdə sabitlik məkanına çevirməsi xüsusi önə çəkilir.

Ölkəmizdə yaradılan sabitlik, həmçinin normal iqtisadi mühit Azərbaycanı qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. 1994-cü il sentyabr ayının 20-də Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində stimulverici amil oldu. Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu iqtisadi potensiala görə dünyanın diqqətində olub. Amma müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə hökm sürən siyasi gərginlik Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitliyi yaratmaqla bu tərəddüdləri də aradan qaldırdı. Ulu Öndər “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması  mərasimindəki  çıxışında bildirmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.» Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollara yaxındır ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. 2003-cü ildə cənab İlham Əliyevin böyük səs çoxluğu ilə Prezident seçilməsi Heydər Əliyev yolunun dəstəklənməsi kimi dəyərləndirildi.  Dahi şəxsiyyət Azərbaycanın dünyaya Günəş kimi doğmasını arzuladı və uğurlu siyasəti ilə bu istəyinə nail oldu. Azərbaycan üç il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdı. Qalib ölkənin vətəndaşı olaraq hər birimiz bu uğurlarımızla qürur duyuruq. Bu yol  bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, xalqımızın dünyanın xoşbəxt xalqları sırasında tutduğu yeri daha da möhkəmləndirəcək.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Təbii ki, hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri tarixi paralellər fonunda müqayisə edilməli, müstəqillik yolumuzun heç də hamar olmaması ilə bağlı  indiki və gələcək nəsillər məlumatlandırılmalıdırlar.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri