12 dekabr 2023 09:01
604

Tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi

Tanınmış siyasətçilərin, dövlət başçılarının Ulu Öndər Heydər Əliyev haqqında söylədikləri bu həqiqəti təsdiqləyir

Qismətinə tarixi dövrlərin qovşağında yaşamaq nəsib olmuş müdriklər ona görə dahi adlandırılırlar ki, onlar dəyişən ictimai-siyasi formasiyaların tələbinə uyğun prosesləri, cəmiyyətin qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə dərk edir, baş verəcək hadisələri qarşıdakı onillərin proqnozları əsasında müəyyənləşdirir, cəmiyyətin də o dövrün tələblərinə cavab verəcək səviyyədə təkmilləşməsini təmin edir. Əbəs yerə deyilməyib ki, dahilik insanın intellektual keyfiyyətidir. Atributları isə ağıl, zəka, təfəkkür, hikmət və fikirdir. Dahilər ona görə «tarixiləşirlər» ki, Tanrının onlara verdiyi bu «sərvətləri» ehtiyatla, düşünülmüş, dövrün tələbinə uyğun, eyni zamanda milyonlara xeyir verəcək səviyyədə «xərcləyirlər.»

Dünya siyasətçiləri, təcrübəli dövlət, siyasi xadimlər arasında sayılıb-seçilən, liderlərə məxsus keyfiyyətləri şəxsiyyətində birləşdirən müdrik şəxsiyyət Heydər Əliyevin adı dahilər sırasında birinci çəkilir.

…1969-cu ildə keçirilən Azərbaycan KP MK-nın iyul plenumundan sonra respublikaya rəhbərliyə başlayan Heydər Əlirza oğlu Əliyev illər sonra həmin tarixi «Mənim Bastiliyanın alınması günüm» adlandırırdı. Artıq məxfi idarənin başçısı deyil, respublikanın yeni rəhbəri kimi xalqı üçün böyük məsuliyyət yükünü öz çiyinlərinə götürdüyünü « Qarşımda duran vəzifələrin ağırlığını və çətinliyini dərk edirəm və əmin etmək istəyirəm ki, bütün qüvvə və bacarığımı bu böyük və yüksək etimadı doğrultmağa sərf edəcəyəm» sözləri ilə bildirən Heydər Əliyev sonrakı illərdəki fədakarlığı ilə qazandığı Ümummilli Lider kimi də daşıdığı vəzifənin öhdəsindən layiqincə gəldi. «Azərbaycan iri addımlarla irəliləyir!» şuarının zərb- məsələyə çevrildiyi 1969- 1982-ci illərdə və 1993-2003-cü dövrü əhatə edən müddətdə Azərbaycan xalqına əsl lider kimi bələdçilik etmiş Ulu Öndər Heydər Əliyev birinci müddətdə sovet Azərbaycanına, ikinci müddətdə isə canından artıq sevdiyi müstəqil, doğma yurduna başçılıq etmişdir.

Dünya təcrübəsi göstərir ki, güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edirlər. Cəmiyyətə və dünyanın düşüncə tərzinə güclü təsir imkanlarına malik Ümummilli Lider Heydər Əliyev isə müdriklərə , uzaqgörən siyasətçilərə məxsus keyfiyyətləri özündə birləşdirən dahi idi. Azərbaycana rəhbərliyinin ilk mərhələsində ölkə iqtisadiyyatını, neft sənayesini və aqrar sahəni inkişaf etdirərək, liderliyə xas səbr, dözüm və qətiyyət kimi keyfiyyətləri özündə birləşdirərək bütün çətinliklərə qalib gəldi. Tanınmış siyasətçi Uinston Çorçilin söylədiyi bu sözlər sanki Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin formulu, məntiqi ifadəsi idi: « Heç vaxt təslim olma...Heç nədə, kiçik və ya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın. Vicdanın hökmündən və yaxşı zövqdən başqa.»

Ulu Öndər Heydər Əliyev liderlik kapitalını şərtləndirən formulu görmək ustadlığını, müdrikliyi, cəsarəti, inam qazanmaq qabiliyyətini, səmərəli ünsiyyət yaratmaq bacarığını və dəyərlər sistemini şəxsiyyətində birləşdirərək ən ağır zamanlarda belə canından artıq sevdiyi Azərbaycanı bütün bəlalardan, bölünmək təhlükəsindən xilas etməyi bacardı. Mahir idarəetmə bacarığını tamamlayan Onun xalqına, Vətəninə, torpağının hər qarışına, milli adət- ənənələrimizə və mənəvi dəyərlərimizə bağlılığı idi.

Ulu Öndərə siyasi rəqib olduğunu hər addımda büruzə verən Kremlin rəhbəri Mixail Qorbaçovun Heydər Əliyevin istedadına, qətiyyətinə, özünəinam keyfiyyətinə paxıllıq duyğularını ətrafındakılar da hiss edirdilər. «Kremldə sui-qəsdlər. Andropovdan Qorbaçova qədər» kitabının müəllifləri V. Solovyov və Y. Klepikova keçmiş İttifaq miqyasında yüksək vəzifə tutan, fenomen biliyə malik Heydər Əliyevi belə xarakterizə etmişdilər: « Əliyev həqiqətən də Siyasi Bürodakı yoldaşlarının yeknəsəq çevrəsindən kəskin surətdə seçilirdi- özü də təkcə milliyətinə görə yox.» Tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı : « Əliyevin çox güclü fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o , öz yetmişillik həyatının hər bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.» Bacarıqlı natiq, bütün çıxışları proqram xarakteri daşıyan və dövrünün ən istedadlı ictimai-siyasi xadimi kimi dəyərləndirilən Heydər Əliyevi müasirləri beynəlxalq aləmdə tanınan siyasətçi adlandırırdılar. SSRİ-nin sabiq xarici işlər naziri Andrey Qromıko SSRİ dövründə baş nazirin birinci müavini, ən məhsuldar kadr kimi maraq doğuran Heydər Əliyevin bacarığını belə qiymətləndirirdi: « O, MK üzvlərinin əksəriyyətinə xas olan tərbiyəsizlik, həyasızlıq yüngülxasiyyətlilik kimi keyfiyyətlərdən uzaq idi…Öz özümə düşündüm: « Sovet İttifaqını idarə etmək üçün məhz belə cavan və enerjili rəhbər gərəkdir.» Bu keyfiyyətlər Heydər Əliyevdə var.» Tanınmış şəxsiyyətəlrin Ulu Öndərlə bağlı dəyərli fikirlərindən istənilən qədər misal gətirmək olar.

Tanrı ona zamanın bağlı saxladıqlarını görə bilmək qabiliyyəti vermişdi. 20 Yanvar 1990-cı il hadisələri zamanı fərdi pensiyaçı kimi Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya yeridilən qoşunları ölkənin suverenliyinə təcavüz adlandıran, SSRİ rəhbərliyində əyləşən günahkarların cəzalandırılmasını tələb edən Ulu Öndərin cəsarətindən ehtiyatlanan SSRİ-nin ilk və sonuncu prezidenti Qorbaçov siyasi xadim Heydər Əliyevin qətiyyətini ikinci dəfə Ulu Öndərin sovetlərin saxlanılması üçün keçirilən fitnəkar İttifaq müqaviləsinə, referenduma etiraz zamanı hiss etdi.

Kremlin məkrli oyunlarından sonra Vətəni Azərbaycana dönən, cəmiyyətə və dünyanın düşüncə tərzinə güclü təsir imkanlarına malik Ümummilli Lider Heydər Əliyevə ümumxalq məhəbbətini , hörmətini özlərinin süqutu hesab edənlər, onun Bakı küçələrində görünməsindən belə xoflananlar bu müdrik insanın paytaxtdan uzuqlaşdırılması üçün hər cür rəzilliyə əl atdılar. Böyüyüb- boya başa çatdığı Naxçıvanda yaşadığı dövrdə belə Ulu Öndərə qarşı təxribatlarından əl çəkməyən səbatsızlar Ermənistan tərəfindən blokadaya alınan naxçıvanlıların ərzaq və yanacaqla təminatına da əngəl törədirdilər. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əlieyevin nüfuzu sahəsində qonşu İran və Türkiyədən ayrılan yardımlar hesabına müxtar respublikanın üzləşdiyi çətinliklər aradan qaldırıldı. «Ümid körpüsü» salındı. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, himni, gerbi bərpa olundu, həmvətənlərimizin birliyinə hesablanmış 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi. Naxçıvan şəhərində bir neçə müddətdən bəri fəaliyyətsiz qalmış təyyarə limanının «donu» açıldı. Bakıda Naxçıvan nümayəndəliyi fəaliyyətə başladı. İnsanları bir məqsəd, amal naminə ətrafına toplayan Yeni Azərbaycan Partiyası təsis olundu.

AXC-Müsavat iqtidarı dövründə səriştəsiz rəhbərlərlə danışıqlara əhəmiyyət verməyən xarici qonaqların, jurnalistlərin Azərbaycanda baş verən hadisələrin əsl mahiyyətini öyrənmək üçün Naxçıvana üz tutmaları, o zaman muxtar respublika Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etmələri, insanların Ulu Öndərə böyük ümid bəsləmələri iqtidarda olan AXC-Müsavat komandasını qısqandırırdı. 1992-ci ildə insanların ümid yeri olan Heydər Əliyevi devirmək üçün qiyam təşkil edən Xalq Cəbhəsinin silahlı adamlari zorla muxtar respublikanın Daxili İşlər Nazirliyinin, Radio və Televiziya Verilişləri Komitəsinin binasını zəbt edərək Ali Məclisin binasına doğru hərəkət etdilər. Məqsəd isə müdrik siyasətçi Heydər Əliyevin həyatına sui-qəsd təşkil etmək idi. Lakin AXC-Müsavat cütlüyünün hakimiyyətdə təmsil olunan səriştəsizləri unudurdular ki, onlardan fərqli olaraq Ulu Öndər Heydər Əliyevin arxasında xilaskarlarını hər cür təhlükədən qorumağı bacaran xalq dayanırdı. Belə ki, Bakıdan Naxçıvana göndərilən, çevrilişə cəhd edən silahlıların köməyinə gələn xüsusi təyinatlıları gətirən təyyarələr də xalqın iradəsinə güc gələ bilmədi. Ermənistanın Azərbaycan torpaqlarını işğalının gücləndiyi bir zamanda -1993-cü ilin yazında bir neçə kəndi birləşdirməklə qondarma «Ləzgistan» yaratmaq barədəki təxribatlar, Lənkəranda qarajda adi bir işdə çalışan, AXC- Müsavat iqtidarının yetişdirdiyi «polkovnik» Əlikram Hümbətovun «Talış-Muğan respublikası» təşkil etmək iddiası Azərbaycanın süverenliyi üçün real təhlükə idi. Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoyan 4 iyun Gəncə hadisələri daha mürəkkəb xarakteri ilə seçilirdi.

O günlərdə Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan MR Ali Məclisi ilə muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında hadisələr geniş təhlil olundu. Ölkə daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına təhlükə yaratmışdı. Vəzifəyə təyinat üçün kriteriya cəbhəçi və ya müsavatçı olmaq idi. Hakimiyyət daxilində yaranan Müsavat, «Yurd», «Boz qurd»”, «boz pencəklilər»” arasında birincilik uğrunda mübarizə gedirdi. Xalq xilas yolunu axtarırdı. Bu yolun bələdçisi isə Ulu Öndər Heydər Əliyev idi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıtmaqla müstəqilliyimiz üçün təhlükə olan vətəndaş qarşıdurmalarını müdrik siyasəti ilə aradan qaldırdı.

Gəncədə keçirdiyi görüşün nəticələri barədə iyunun 15-də keçirilən, Azərbaycanın tarixinə əlamətdar hadisə Milli Qurtuluş Günü kimi yazılan Ali Sovetin fövqəladə sessiyasında məlumat verən Ulu Öndər həmin gün deputatların yekdil səsverməsi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

O ağır dövrdə baş verənlər təsdiqləyirdi ki, Ulu Öndərin xilaskarlıq missiyası üç güclü faktor üzərində qurulub: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, Ulu Öndərin şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti, Ümummilli Liderin xalqına, millətinə, Vətəninə olan sönsuz, təmənnasız sevgisi. Bu kimi ülvi duyğulara sahib Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının zəbt olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqların başlanması üçün atəşkəs əldə edildi. İdarəetmə sistemi formalaşdırıldı, insanlarda sabaha inamı gücləndirdi. Neft strategiyasının əsasını təşkil edən «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. 1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın qeyri-sabit, riskli ölkə kimi tanındığı bir zamanda ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması «Əsrin müqaviləsi»nin imzalanması Ulu Öndərin dövlətçilik təcrübəsinin nəticəsi idi.

Qanunsuz silahlı qruplaşmalar ləğv olundu. Referendum yolu ilə Milli Konstitusiya qəbul olundu. Azərbaycanın beynəlxalq əlaqələr coğrafiyası genişləndi, ölkənin dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli Lider Heydər Əliyevin dövlət başçısı kimi ölkəyə rəhbərliyə başlaması respublikamızı məhv olmaqdan və dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdi. İnsanlarda milli təfəkkür və azərbaycançılıq ideyası formalaşdı. Azərbaycan güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirildi. Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət Ümummilli Lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycanı dünyada tanıtdı, fərqləndirdi, nüfuzunu artırdı.

Həmin dövrdə keçmiş sovetlər məkanında Gürcüstanda, Moldovada ərazi ilə bağlı münaqişələr olsa da Dağlıq Qarabağ probleminin ilk olaraq beynəlxalq səviyyəyə çıxarılması təcrübəli dövlət xadimi Heydər Əliyev qətiyyətinin, siyasətinin, iradəsinin böyük uğuru idi. 1994-cü ildə ATƏT-in Lissabon sammitində 53 ölkənin dövlət başçısı (Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı təklifə səs verdi. Onun siyasəti, dünyada artan nüfuzu sayəsində dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq faktını tanıdı. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə canından keçməyə hazır olduğunu bildirən Ulu Öndər Heydər Əliyev üçün torpaqlarımızın bütövlüyünün qorunması ən müqəddəs borc idi.

… 1992-ci ilin oktyabrında ABŞ Konqresinin «Azadlığı Müdafiə Aktı»nın 907-ci maddəsinə düzəliş Ulu Öndəri narahat edirdi. Prezident kimi 1997-ci ildə Vaşinqtona səfər edən Heydər Əliyev amerikalı həmkarı Bill Klintonla ədalətsiz qərarın ləğvi ilə bağlı müzakirələr aparıb bəyanat imzalansa da sənədin həyata keçirilməsi baş tutmadı. Səbəb qəbuledilməz təklif idi. ABŞ 907-nin ləğvi üçün Azərbaycan- Ermənistan sərhədinin hər hansısa ərazisində işğalçılara ticarət üçün imkan yaradılmasını təklif edirdi. Ulu Öndərin bu təklifə cavabı belə oldu : «Azərbaycan indiyədək 907-ci maddə ilə yaşamışdır, bundan sonra da yaşayacaq.» Eyni qətiyyət 1998-ci ildə Rusiya tərəfindən irəli sürülmüş « ümumi dövlət» təklifinə qarşı da göstərildi. ABŞ-ın və Fransanın da dəstəklədiyi bu təklifə rədd cavabı verildi. Qüdrətli dövlətlərlə müqayisədə kiçik bir ərazidə yerləşsə də məğrurluğunu , müstəqilliyini saxlayan Azərbaycan heç bir dövlət qarşısında əyilməzliyini Ümummilli Liderinin simasında beynəlxalq ictimaiyyətə bəyan etdi. Bildirildi ki, Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman yol verilməyəcək.

Ulu Öndərin liderlik formulunun dünyada özünü doğrultduğunu təsdiqləyən amil isə tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri sözlər, siyasətinə verdikləri dəyərdir. «Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, sürətli inkişafa gətirib çıxaracaqdır» söyləyən tanınmış amerikalı siyasətçi Henri Kissincerin sözləri reallıqdan xəbər verirdi. Məhz Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanı qüdrətli dövlət kimi tanıdır. O ideyalar ki, bu gün onun layiqli varisi, siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Xuraman İsmayılqızı, «İki sahil»