13 dekabr 2023 16:48
707

BSU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 12-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu gün  müasir Azərbaycan dövlətinin qurucusu, böyük  tarixi şəxsiyyət, təkcə Azərbaycan xalqı və tarixində deyil, bütöv dünya tarixində adı həmişə böyük hərflərlə yazılacaq Ulu Öndərin əziz xatirəsinin bütün Azərbaycanda olduğu kimi, BSU-da  da dərin ehtiramla yad edildiyini qeyd edib. Rektor Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixindəki Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətindən “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” ifadəsini xatırladaraq, ölkəmizin qurucusu tərəfindən onun qarşısına qoyulmuş tapşırığın icra olunmasının nəticəsi olduğunu bildirib. Anar Nağıyev Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı dönəmdə ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın gələcəyi üçün faəliyyətini formalaşdırdığını qeyd edib. Ümummilli Lider Heydər Əliyevin Sovet dövründə ölkəmizə rəhbərlik etdiyi dönəmdə milli özünüdərkin formalaşması ilə yanaşı,  Azərbaycanın  inkişafına səbəb olduğunu diqqətə çatdırıb. O, Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərdən, bununla əlaqədar imzaladığı fərman və sərəncamlardan, rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından bəhs edib. Rektor bütün bu fəaliyyətlərin Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycan formalaşdırmaq missiyasının tərkib hissəsi olduğunu bildirib. Ümummilli Liderin həm də dövlətçilik missiyasında bir xilaskarlıq missiyasının olduğunu deyən rektor  20 Yanvar hadisələrindən sonra onun Azərbaycan xalqının ən çətin günündə yanında olaraq, bütöv bir imperiyaya meydan oxumasının bu missiyanın bariz nümunəsi olduğunu qeyd edib. Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində tarixi addımlar atdığını bildirirərək, üçrəngli bayrağımızın Naxçıvanda yenidən rəsmi şəkildə qaldırmaqla yeni Azərbaycanın yeni inkişafını müəyyənləşdirdiyini vurğulayıb. Rektor Ümummilli Lider Heydər Əliyevin uzaqgörən gələcək siyasəti formalaşdırdığını deyərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış şanlı Qələbə nəticəsində qürurla “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsinin ölkəmizin hər bir guşəsində səsləndirilməsinin təmin edildiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov “Heydər Əliyev və Azərbaycanın formalaşması”, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev”, Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev “Azərbaycan təhsilində Heydər Əliyevin rolu”, Filologiya fakültəsinin dekanı Sevinc Abışova “Heydər Əliyev və gənclər siyasəti”, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri Naidə Məmmədxanova “Elm və multikultralizm”,  Magistratura şöbəsinin müdiri Məmmədtağı Rzayev “Qalib xalqın qalib ruhu”,  BSU Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini Cavid Novruzov “Gələcəyin gəncləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda Azərbaycan təhsilinin bugünkü uğurlarının kökündə Ümummilli Lider Heydər Əliyevin gərgin zəhməti dayandığı qeyd olunub. Ulu Öndərin layiqli davamçısı -Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev hazırda elm və təhsil sahəsinə qayğını ardıcıl davam etdirərək elm sferası üçün mühüm olan qəbul etdiyi bir sıra qərarları nəticəsində bu gün respublikamızda elm, təhsil sürətlə inkişaf edrək, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradıldığı vurğulanıb. Ulu Öndər Heydər Əliyevin dövlət və ordu quruculuğu ənənələri, iqtisadi islahatları, sabitlik yaratma üsulları yeni müstəqillik qazanmış ölkələr üçün sınaqdan uğurla çıxmış ən dəyərli "yol xəritəsi" olduğu bildirilib. Qeyd olunub ki, azərbaycançılıq ideologiyasının təməlin­də, ilk növbədə, güclü Azərbaycan döv­lətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi, ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qay­daları əsasında ünsiyyət qurması kimi ali dəyərlər dayanır. Çıxışlarda, həmçinin Ümummilli Liderin hakimiyyəti illərində multikulturalizmin siyasi əsasının qoyulduğu, bu istiqamətdə ilk siyasi qərarlar qəbul edilərək  həyata keçirildiyi diqqətə çatdırılıb.  Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclər siyasətinin əsas prinsiplərindən biri millətinə və dövlətinə sadiq bir gənc nəsil yetişdirmək olduğu bildirilərək, tarixi Qələbədən söz açılıb.