16 mart 2018 17:22
1144

Ölkədəki islahatlar yüksək qiymətləndirilir

Oqtay Əsədov: Həyata keçirilən tədbirlər Azərbaycanın investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayır

Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi qanunverici orqanla hökumət arasında əlaqələrin güclənməsini, sosial, iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində Milli Məclisin deputatlarının iştirakını təmin edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Oqtay Əsədov 2017-ci ildə Azərbaycanda həyata keçirilən iqtisadi, hüquqi, demokratik islahatlar barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövləti neft strategiyasında növbəti uğurlu addımı atıb. “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsinə dair xarici şirkətlərlə müqavilənin müddəti ölkəmiz üçün əlverişli şəraitlərlə 2050-ci ilə qədər uzadılıb. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP kəmərlərinin inşası sürətlə davam etdirilir. Tarixi İpək Yolunun bərpası üçün böyük önəm kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu ötən il istifadəyə verilib. Araşdırmalar göstərir ki, bu dəmir yolu xətti Şərq ilə Qərbi birləşdirən məsafəni iki dəfəyə qədər yaxınlaşdırır və yolu asanlaşdırır. İqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft ixracının stimullaşdırılmasına, aqrar sahənin inkişafına dövlət dəstəyi artırılıb. 2017-ci ildə qeyri-neft sektorunda əvvəlki ilə nisbətən 2,7 faiz artım baş verib. Nəticədə bu sektorun ümumi daxili məhsulda xüsusi çəkisi təqribən 62 faiz təşkil edib. Ötən il ərzində iqtisadiyyata 17 milyard manata yaxın sərmayə yatırılıb. Həyata keçirilən düşünülmüş tədbirlər ölkəmizin investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayır.