25 dekabr 2023 18:17
1195

Gələn ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi mühüm yenilikdir

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu da növbəti il ərzində qarşımıza ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəlik qoyub.

“İki sahil” xəbər verir ki,  bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

F.Mütəllimov "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edildiyini diqqətə çatdırıb: "Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən edilib. Sərəncamda da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Elə məhz bu məqamda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının COP29-un Azərbaycanda keçirilmə qərarı dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir. Gələn ilin sonlarında COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanın üzərində olacaq.

Son illərdə ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizədə həqiqətən də böyük işlər görülür. İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. İqlim dəyişikliyi ilə mübarizədə qlobal fəaliyyətə töhfə kimi bir neçə öhdəlik götürmüşük. 2030-cu ilin istilik effekti yaradan qazların emissiyalarını 35, 2050-ci ilə qədər 40 faiz azaldılması hədəf kimi götürülüb. Eyni zamanda, yaşıl enerjiyə keçid istiqamətində bərpa olunan enerji mənbələrindən istifadə həcminin 2030-cu ilə kimi 30 faizə qədər qaldırılması hədəflənib. Düşünürük ki, növbəti ildə də görülən işlərə daha da böyük təkan vermək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə digər qurumların, vətəndaşların, vətəndaş cəmiyyətlərinin iştirakı ilə daha da geniş tədbirlər həyata keçirmək olar. Uğurla başlanmış bu ekoloji siyasəti növbəti ildə daha geniş şəkildə artırmaqla davam etdirəcəyik".