26 dekabr 2023 16:59
1746

Gürcüstanda Heydər Əliyevin yubileyinə həsr olunmuş poçt markası buraxılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü ilə əlaqədar Gürcüstanda poçt markası buraxılıb.

“İki sahil” xəbər verir ki, markanın təqdimatı Tbilisidə, Azərbaycanın Gürcüstandakı səfirliyində baş tutub. Səfir Faiq Quliyev Baş nazir İrakli Qaribaşviliyə Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlərin keçirilməsinə dəstəyinə görə təşəkkür edib.

“Azərbaycan-Gürcüstan münasibətlərinin fundamental təməli Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili tərəfindən bu gün uğurla davam etdirilir. Yeni müstəvidə davam edən əlaqələr bizi sevindirir və biz hər zaman Gürcüstanın uğurları ilə sevinirik”, - səfir deyib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili bildirib ki, Heydər Əliyev yalnız ölkəsi üçün deyil, bütün dünya üçün önəmli şəxsiyyət olub.

“Onun töhfələri sayəsində Gürcüstan və Azərbaycanın siyasəti və müstəqilliyi müəyyənləşib. Heydər Əliyev müasir Gürcüstan və Azərbaycan dövlətləri və xalqları arasındakı mehriban münasibətlərin banisidir və o, hər iki ölkənin bu gün haqqında fəxrlə bəhs etdiyi nəhəng iqtisadi layihələrin müəllifidir”, - nazir müavini deyib.

Tədbirdə iştirak edən Azərpoçtun nümayəndəsi İsmi Mustafayev 2022-ci ildə Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar poçt markasının buraxıldığını xatırladıb.