27 dekabr 2023 11:00
2159

Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı mühüm qərarı senzuranın ləğvi idi- AZƏRTAC-ın rəhbəri

Ümummilli Lider Heydər Əliyevin mətbuatın inkişafı istiqamətində ilk addımlarından biri senzuranın ləğvi barədə qərar olub.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu, cəsarətli və bəlkə də riskli qərar idi: "Beləliklə, media mühitinə yeni nəfəs gəldi. Yeni mətbuat orqanları meydana çıxdı. Senzuranın ləğvi yeni jurnalistikanın meydana çıxmasına şərait yaratdı. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi yeni mərhələnin əsasını qoydu".

V.Əliyev həmçinin bildirib ki, məhz Heydər Əliyevin hakimiyyəti dövründə qəzetlər əlavə dəyər vergisindən azad edildi: "Jurnalistlərin yaşlı nəsli Heydər Əliyevin mətbuat işinə həssaslığını, onun peşəkarlığını yaxşı xatırlayır. Müasir dillə desək, Heydər Əliyev əsl nyusmeyker idi. Heydər Əliyevin dövründə Mətbuat Şurası yaradıldı. Eyni zamanda Heydər Əliyev AZƏRTAC-ın maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən müxtəlif fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin mətbuat sahəsində siyasəti Prezident İlham Əliyev tərəfindən da davam etdirilir. Bu, jurnalistlərin qarşısında Qarabağda və Şərqi Zəngəzurda görülən abadlıq işlərini, həmçinin ölkənin xarici siyasətini dünya ictimaiyyətinə çatdırmaq vəzifəsini qoyur".