30 dekabr 2023 10:41
1311

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı Tədbirlər Planı hazırlanacaq

Bakı Dövlət Universitetində (BDU) "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı Tədbirlər Planı hazırlanacaq.

Bu barədə "İki sahil"əBDU-dan məlumat verilib. BDU-nun rektoru Elçin Babayev bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin ən böyük qələbələrindəndir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir: “Bu, ölkəmizin bütün dünyada daha da tanınmasına səbəb olacaq. Azərbaycan işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölçüyəgəlməz işlər - "ağıllı şəhər", "ağıllı kənd", alternativ enerji layihələri həyata keçirir. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək”.

Rektor qeyd edib ki, böyük potensiala malik elm və təhsil müəssisəsi kimi BDU bu prosesdən kənar qalmayacaq və öz töhfələrini verəcək.