15 fevral 2024 23:57
374

Qardaşlığın musiqi çələngi - FOTOLAR

Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsi naminə Azərbaycanla Türkiyə arasındakı qardaşlığın sarsılmazlığı bütün dünyada təsdiqlənən və alternativi olmayan reallıqdır. Hər iki dövlətin birgə səyləri ilə həyata keçirilən tədbirlərdə uğurla təmsil olunan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə ölkəmiz arasındakı əlaqələr də yüksələn xətlə inkişaf edir.

Azərbaycan Mədəniyyət Nazirliyinin, ŞKTC Bakı Nümayəndəliyinin Azərbaycan –ŞKTC Dostluq Cəmiyyətinin birgə təşəbbüsü və təşkilatçılığı ilə paytaxtımızın «Nizami» kino-teatrında keçirilən tədbir bu dostluğa daha bir nümunə kimi hər kəsdə xoş əhval-ruhiyyə yaratdı.

Tədbiri giriş sözü ilə açan Azərbaycan –ŞKTC Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu ölkələrimiz arasındakı əsrlərdən bəri möhkəmlənən qardaşlığın qarşılıqlı münasibətlər əsasında daha da möhkəmləndiyini bildirərək vurğuladı ki, mədəni, humanitar sahədəki münasibətlərimiz tarixi köklərə əsaslanan milli adət ənənələrimizin təbliğində də xüsusi əhəmiyyətə malikdir.

Sonra ŞKTC Bakı Nümayəndəliyinin rəhbəri Ufuk Turqaner çıxış edərək bu qardaşlığın hər iki dövlətin iqtisadi inkişafının möhkəmlənməsindən, təhsil, mədəniyyət, turizm sahəsində genişlənən əlaqələrin faydasından bəhs edərək dedi:

- Bugünkü tədbirdə Şimali Kiprin «Çağdaş Muzik Dərnəyi»nin kollektivi zəngin proqramla çıxış edəcək. Məlumat üçün bildirim ki, kollektivin üzvləri Bakı səfərindən əvvəl 100 illiyi bu günlərdə qeyd olunan Naxçıvan Muxtar Respublikasının yubiley tədbirlərində də iştirak etmişlər. «Çağdaş Muzik Dərnəyi»nin sənətsevərləri türk dünyasının liderlərindən olan Ulu Öndər Heydər Əliyevin doğma Vətəni olan Naxçıvanın görməli yerləri ilə tanış olmuş, milli-mənəvi sərvətləri, incəsənət nümunələri, adət-ənənələri ilə maraqlanmışlar. Bu gün isə kollektivin üzvləri paytaxt sakinlərinin qonağıdırlar.

Tədbirdə Əsrin Tunarın başçılıq etdiyi «Çağdaş Muzik Dərnəyi»nin xor kollektivi türk və Azərbaycan musiqilərindən ibarət geniş proqramla çıxış etdi.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cavid Bağçı, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri də iştirak edirdilər.

Xuraman İsmayılqızı, «İki sahil»