21 fevral 2024 10:54
317

Dövlət Turizm Agentliyi COP29-la bağlı faiz subsidiyasına dair qərar verib

Dövlət Turizm Agentliyinin Kollegiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası ilə bağlı həyata keçiriləcək layihələr üçün sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından (BOKT) manatla aldıqları kreditlər üzrə faiz subsidiyasının verilməsi məqsədilə "Təsdiqedici sənədin forması və verilməsi Qaydası"nı təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Agentliyin sədri Fuad Nağıyev yeni qərar imzalayıb.

Qərara əsasən, subsidiya almaq üçün sahibkarlar layihənin icra planını (biznes-plan) və xərclər smetasını təqdim etməlidir.

Müraciətlərə baxılması və təsdiqedici sənədin verilib-verilməməsi ilə bağlı Agentliyin sədri Komissiya yaradacaq və onun tərkibini müəyyən edəcək. Komissiyanın sədri Agentliyin sədri, o olmadıqda isə vəzifələrini müvəqqəti icra edən şəxs olacaq. Komissiya 5 nəfər tərkibdə formalaşdırılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək, təsdiqedici sənədin verilib-verilməsinə 5 iş günü müddətində qərar qəbul edəcək. Qərar müsbət olsa, 2 iş günü müddətində təsdiqedici sənəd tərtib ediləcək və sahibkarın müraciətində qeyd olunmuş ünvanına poçt vasitəsilə göndərəcək.

Agentlik təsdiqedici sənəd verilmiş layihənin Qaydanın tələblərini pozulmaqla həyata keçirildiyi haqqında əsaslandırılmış məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, təsdiqedici sənədin ləğvinə dair qərar qəbul edərək, bu barədə 1 iş günü ərzində sahibkara və İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məlumat verəcək.

Agentliyin Hüquq sektoruna bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.