21 fevral 2024 15:42
678

COP29-un ölkəmizdə keçirilməsi bərpaolunan enerji sektorunun inkişafına yeni töhfə olacaq - Azər Badamov

COP29-u yüksək səviyyədə keçirməklə Azərbaycan standartı ortaya qoyulacaq

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi “Tərəflərin Konfransı (COP)” noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməyimiz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun nəticəsidir. Ümumiyyətlə, Azərbaycan dünyada beynəlxalq tədbirləri yüksək səviyyədə keçirən etibarlı tərəfdaş kimi tanınır. O cümlədən düşmən Ermənistanın COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsi və dəstək üçün çağırış etməsi mühüm hadisə oldu.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, artıq ölkəmizdə COP29-la bağlı hazırlıq işləri aparılıb. Əminəm ki, çoxsaylı digər tədbirlər kimi bu dəfə də COP29-u yüksək səviyyədə keçirməklə Azərbaycan standartı ortaya qoyulacaq: “COP29-un ölkəmizdə keçirilməsi bərpaolunan enerji sektorunun inkişafına yeni töhfə olacaq. Ölkəmizin bərpa olunan enerji potensialı 200 giqavat olduğu hesablanmışdır. Azərbaycan bu istiqamətdə çox ciddi addımlar atan region ölkəsidir. Ötən il Qaradağ rayonunda istismara verilən Günəş-Elektrik stansiyası Cənubi Qafqazda ilkdir. Stansiya əhəmiyyətinə görə xüsusi diqqət çəkir. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk Günəş elektrik stansiyasıdır. 230 MVt gücündə olan stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min Günəş paneli quraşdırılıb”.

“Onu da qeyd edim ki, bu gün Azərbaycanın bərpaolunan enerji sektoruna investisiya yatırmaq istəyən xarici sərmayədarlar arasında rəqabət yaranıb” - deyən deputat xatırladıb ki, 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmaq əsas hədəflərdəndir: “Bu həm qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə verdiyimiz töhfə olacaq, digər tərəfdən daha çox qaza qənaət edəcəyik. Bu da o deməkdir ki, daha çox qazı Avropaya ixrac edəcəyik. Qazın Avropaya daha çox ixracı orada da istilik effekti yaradan yanacaqdan istifadəni azaldacaq”.

A.Badamov əlavə edib ki, dünya dövlətlərinin liderləri Bakıya gələcəklər: “O cümlədən 60 mindən çox müxtəlif sahələri təmsil edən qonaqların gələcəyi gözlənilir. Bu tədbirin həm də ölkəmizin iqtisadi, turizm və mədəni potensialının dünyaya tanıdılmasında, təbliğ olunmasında xüsusi rolu olacaq.

COP29-u Bakıda keçirməklə bu təşkilatın daha işlək və qlobal təsirli qərarlar qəbul edən təşkilata çevrilməsinə töhvəsi olacağına inanıram”.

Günel Cəlilova, "İki sahil"