Prezident İlham Əliyev: Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər
Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı soyqırımından otuz iki il ötür. XX əsrin sonunda törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə davamlı olaraq məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.
XX əsrin faciəsi olan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasətinin növbəti təzahürüdür. Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır. Belə ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını pozaraq sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərinə hücum etdilər. Bütün baş verənlərdən xəbərsiz, dinc, əliyalın, gecə yatılı olan insanlara qarşı bəşəriyyətin dəhşətli cinayətləri törədildi.
Onu da qeyd edək ki, faciənin ən dəhşətli tərəflərindən biri də bu hadisənin qışın sərt ayında, qarlı, şaxtalı günlərdə törədilməsidir. Erməni vandalları uşaq-böyük, cavan-qoca demədən, bələkdə olan körpəsi daxil hər bir xocalı sakininə qarşı ağrı-acılar yaşatdılar. Nə baş verdiyindən xəbəri olmayan, təlaşlı, həyəcanlı insanlar qorxu içində öz doğma evlərini dərk edərək canlarını qurtarmaq məcburiyyətində qaldılar. Amma təəssüf ki, qaçmağa da fürsət verilmirdi. Əli silahlı erməni vəhşiləri, vandalları qarlı havada yalın ayaqla qaçan insanlara qarşı silah qaldırır, onlara qarşı olmazın vəhşiliklərini törədirdilər. Hətta ən dəhşətli cəza üsullarından biri də bir ailənin üzvlərinə qarşı bir-birlərinin gözü qarşısında olmazın vəhşiliklərini yaşatmaq idi. Atanın-ananın gözləri qarşısında övlada qarşı işgəncələrin verilməsi, körpələrə qarşı insaniyyətdən uzaq davranışların edilməsi XX əsrdə dünya tarixinin qara ləkəsidir. Yüzlərlə insan erməni vəhşiliklərindən canın qurtarmaq üçün qarlı yollarda donaraq, əzabla vəfat etmişlər. Xocalıda öldürülən 613 nəfər dinc sakindən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılmışdır. 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır.
Xocalı faciəsinin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi böyük tədbirlər nəticəsində, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən və dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Ulu Öndər martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciət edərək bu hadisəni, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi səciyyələndirdi. Ümummilli Lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulamışdır. Ulu Öndərin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama əsasən, hər il fevralın 26-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub. Bütün bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. 30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Artıq xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Müharibə başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəlsə də, erməni vəhşiliyini, 32 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz.
Allaha şükür ki, haqqın dönüb-dolaşıb yerini tapdığı, çörəyimizin erməni canilərinə qənim olduğu günləri də gördük. İstər Vaqif Xaçatryan, istərsə də Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan və digərləri olsun, Azərbaycanın çörəyini yeyib qudurmuş, əlləri azərbaycanlıların qanına batmış qatillərdir. Azərbaycan torpağında - Xankəndidə oturub bizə diş qıcayan, paytaxtımıza göz dikən oyuncaq "prezidentlər", "nazirlər", "deputatlar" indi Bakıda istintaq təcridxanasında oturub Azərbaycan çayı içə-içə qara günlərini düşünürlər. Bütün bunlar İlahi ədalətin yerini tutmasının əyani nümayişidir. Sərsəm və ermənilərin özünü uçuruma aparan "miatsum" ideyasının arxasınca düşərək xalqımıza qarşı etnik təmizləmə, qətliamlar, soyqırımlar törədən canilər bu gün Azərbaycan qanunları qarşısında bir-bir sorğuya çəkilirlər. Bir zamanlar Qarabağda, digər işğal etdikləri ərazilərimizdə əliyalın insanlarımıza divan tutmaları, o cümlədən Gəncədə, Tərtərdə, Bərdədə terror törədərək mülki insanlarımızı qətlə yetirmələri ilə öyünən bu qatillər qanlı əməllərinə görə ədalət mühakiməsinə çıxarılıblar. Xocalılılar, meşəlililər, ballıqaylılar, ağdabanlılar, başlıbellilər, gəncəlilər, tərtərlilər, bərdəlilər... onlara müsibətlər yaşadan erməni qaniçənlərinin layiqli cəzalarını aldıqlarını görürlər...
Sevinc Azadi, “İki sahil”