22 fevral 2024 10:42
564

Tarixi Zəfərin davamı kimi Xocalı da yenidən qurulur

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Ermənistan Azərbaycana qarşı ədalətsiz müharibə aparırdı. Bu müharibə təkcə ordu his­sə­ləri ilə aparılmırdı. Ermənistan işğalçı dövlət idi və müharibə qanunlarına əməl etmirdi. Bö­yük Vətən müharibəsində faşistlərin törətmədiklərini törədir, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər edirdi. Malıbəylidə, Bağanis Ayrımda, Meşəlidə, Ağdabanda, Başlıbeldə əhaliyə zü­lüm­lər etmiş, qırğınlar törətmişdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə rus ordu­su­na məxsus 366-cı alayın fəal iştirakı ilə Xocalıda soyqırımı törətdilər. Böyük tarixi şəxsiyyət Heydər Əliyev XX əsrin bu faciəsi haqqında deyib: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".

Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanik, Pircamal kəndləri yaxın­lı­ğında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildilər, ya da əsir götürül­dülər. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəza­rə­tində olan ən yaxın yerlərə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edəndə donvurmadan həlak oldular.

Ermənistanın dövlət olaraq törətdiyi bu faciədə 106 qadın, 63 uşaq və 70 yaşlı insan ol­maqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi, 56 nəfəri xüsusi qəd­dar­lıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

Dünya ictimaiyyəti, xarici siyasəti bəşəriliyə əsaslanan dövlətlər bu faciəni pislədi, iş­ğal­çı Ermənistanı qınadı. Bu, müəyyən mənada, həmrəyliyin, dərdə şərikliyin təzahürü idi. La­kin Ermənistana beynəlxalq təşkilatların qınağı olmadı, bu təşkilatlar sanki Xocalı faciəsindən xəbərsiz idi. 32 ildi xəbərsizdi. Beynəlxalq təşkilatlar özünün nüfuzunu erməniliyə görə itirir və itirib.

Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Mek­si­ka, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanındı. 2013-cü ilin fevral ayında Qahirədə keçi­rilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırdılar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

SSRİ hökuməti Böyük Vətən mharibəsində Xatın kəndinə görə on illərlə faşizmi qınadı, həmrəy dövlətləri də bu qınağa şərik olmağa çağırdı. Onun sələfi olan dövlət Xatın kəndində törədilənlərdən istər miqyasına görə, istər öldürülənlərin (həm də işgəncələrlə öldürülənlərin) sayına görə dəfələrlə çox olan Xocalı faciəsinə görə ciddi siyasi münasibət bildirmədi. Bu susqunluğu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva haraya çevirdi: Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına başlanıldı. Kampaniya bir çox ölkələrdə səmərəli fəaliyyət göstərir. 100 min­lərlə insan, 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Kampaniyanın nəticəsi üçün sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil edilir.

Bu faciə haqqında dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrində informa­si­yalar verilmişdi: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış me­yitlərin şahidi oldu.” (Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il), “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.” (Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il), “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.” (Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il), “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.” (İzvest­i­ya (Moskva), 4 mart 1992-ci il), “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” (R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurna­lis­ti).

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın dağılmış ordu hissələri Xankəndinə sığınmışdı. 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatında Əsgəran da, Ağdərə də, Xocalı da, Xankəndi də işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Xocalı faciəsi də unudulmayacaq. Bu faciə də müharibə tariximizdir. Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Xocalıda da quruculuq işləri  uğurla davam etdirilir. Xocalı yenidən qurulur. Bu, tarixi Zəfərin məntiqi davamıdır.